Son günlər dünyanın diqqət mərkəzində olan əsas məsələlərdən biri də yeni ortaya çıxan və sürətlə yayılan meymunçiçəyi xəstəliyidir. Artıq son məlumatlara görə, Avropa ötən aydan bəri yayılan meymunçiçəyi virusunun episentri olmaqda davam edir.
ÜST-ün Avropa direktoru Dr. Hans Kluge virusun qitənin 25 ölkəsində yayıldığını bildirib. O, qeyd edib ki, indiyədək təsdiqlənmiş 1600-dən çox yoluxma halının 85 faizi Avropadadır.
Sürətlə yayılan bu xəstəlik artıq qonşu ölkəmizə qədər gəlib çatıb. Belə ki, Gürcüstanda meymunçiçəyi virusuna ilk yoluxma halı təsdiqlənib. Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bəs qonşu ölkəmizə qədər ayaq açan bu xəstəliyin Azərbaycana gəlmə riski nə qədərdir? Bunun qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı AZXEBER.COM-a Milli Məclisin deputatı Asim Mollazadə fikirlərini bildirib. O, qeyd edib ki, Azərbaycan bu məsələdə hazırlıqlı olmalıdır:
"Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, bu xəstəliyin yoluxma qabiliyyəti elə də yüksək deyil. Amma buna baxmayaraq, Azərbaycan ən azı hazırlıqlı olmalıdır. Müvafiq testlər əldə etmək lazımdır ki, düzgün diaqnoz qoyulsun. Əhali xəbərdar olunmalıdır ki, hansısa xəstəliyin mövcudluğu barədə məlumatlansın. Çünki xəstəlik yaxın məsafədən keçir, kimdəsə aşkarlanarsa, xəstə izolyasiya olunmalıdır. Yəni, xəstəliklərə qarşı əsas tədbirlər var ki, onlar hər zaman gözlənilməlidir. Belə olan halda yoluxma riski də azalmış olur”.
Deputat həmçinin qeyd edib ki, ölkəmiz üçün hələ ki, ciddi təhlükə yoxdur:
"Azərbaycanda meymunçiçəyinə yoluxma faktları aşkarlanmayıb. Qonşu ölkə Gürcüstanda aşkarlandı, o da səhv etmirəmsə, hələ ki, bir nəfərdədir. Onun da bizim üçün hələ ki, ciddi təhlükəsiz yoxdur. Çünki yoluxma ancaq yaxın məsafədən keçir. Amma bu məsələlərdə hər kəs öz üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir”.
Quru sərhədlərinin açılıb-alımamasına da münasibət bildirən deputat qeyd edib ki, qonşu ölkələrdəki vəziyyətə uyğun olaraq qərarlar qəbul edilməlidir.
Aydın Nuri