Həftədə 300 milyon milçək istehsal ediləcək

Həftədə 300 milyon milçək istehsal ediləcək
DÜNYA
03:03 11.11.2026
64
ABŞ Kənd Təsərrüfatı Nazirliyi Texas ştatında həftədə 300 milyonadək steril milçək istehsal edəcək müəssisənin tikintisinə 690 milyon dollardan çox vəsait ayırıb.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, layihənin məqsədi heyvanların və insanların canlı toxumaları ilə qidalanan təhlükəli parazit milçəklərlə mübarizə aparmaqdır.

Məlumata görə, bu milçəklərin sürfələri açıq yaralara daxil olaraq canlı toxumalarla qidalanır. Onlar xüsusilə kənd təsərrüfatı heyvanları üçün ciddi təhlükə yaradır.

ABŞ mütəxəssisləri zərərvericilərin sayını azaltmaq üçün xüsusi üsuldan istifadə edəcəklər. Milçəklər laboratoriya şəraitində yetişdiriləcək, daha sonra şüalandırılaraq çoxalma qabiliyyətindən məhrum ediləcək.

Bundan sonra həşəratlar təbiətə buraxılacaq. Onlar vəhşi milçəklərlə cütləşsələr də, nəsil verə bilməyəcəklər. Beləliklə, parazitlərin sayının tədricən azalacağı gözlənilir.

Müəssisənin tikintisinə apreldə Texasdakı Mur aviabazasında başlanılıb.

Plana əsasən, zavod 2027-ci ilin sonunadək həftədə 100 milyon, 2028-ci ilin sonunadək isə 300 milyon steril milçək istehsal edəcək.

Bu, ABŞ-da sözügedən zərərverici növü ilə mübarizə üçün steril milçək istehsal edən yeganə fəaliyyət göstərən müəssisə olacaq.
OXŞAR XƏBƏRLƏR