"Həmas"ın siyasi qanadının lideri Xalid Meşal 16 ildir həyata keçirdiyi vəzifədən ayrılır. Suriyada sürgündə yaşayan Meşal bu il içərisində "Həmas" liderliyi üçün keçiriləcək seçkilərdə yenidən namizəd olmayacağını açıqlayıb.
AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, "Həmas" isə Meşaldan qərarını yenidən gözdən keçirməsini tələb edib. Təşkilatdan verilən açıqlamada yeni liderin "Həmas"ın seçkili orqanları tərəfindən müəyyənləşməli olduğu, lider də olsa bu qərarın bir nəfərin öhdəsinə buraxılmasının yolverilməzliyi vurğulanıb.
1996-cü ildən bəri "Həmas"ın siyasi lideri olan Meşal fələstinlilər tərəfindən praqmatik lider kimi qəbul edilir. "Əl Fəth" ilə "Həmas" arasında keçən il əldə edilən uzlaşmada da Meşalın rolunun böyük olduğu bildirilir. İsrailin kəşfiyyat təşkiları "Mossad" 1997-ci ildə Meşala sui-qəsd təşkil etmiş, amma məqsədinə nail ola bilməmişdi.
"Həmas"da lider seçkisi bu il içərisində keçiriləcək. Qəzzada baş nazir İsmayıl Haniyənin də bu seçkidə namizəd olması gözlənilir. Müşahidəçilərə görə, Meşal gedərsə, sürgündəki "Həmas" liderləri ilə Qəzzadakılar arasında fikir ayrılıqları ortaya çıxacaq.