Sankt-Peterburqda 10 mindən çox etirazçı baş nazirin istefasını istədi
Keçmiş müttəfiqindən Putin və Medvedevə sərt ittiham
Rusiyada parlament seçkilərinin nəticələrinə etirazlar davam edir. Dekabrın 10-da paytaxt Moskvada 100 mindən çox etirazçının qatıldığı aksiya ilə yanaşı, ölkənin müxtəlif şəhər və vilayətlərində də mitinqlər keçirilmişdi. Bundan sonra müxalifətin etirazlara ara verəcəyi bildirilsə də, bu barədə deyilənlər özünü doğrultmayıb. Dekabrın 11-də Rusiyanın ikinci paytaxtı, Putin-Medvedev tandeminin mühüm sosial bazası sayılan Sankt-Peterburqda 10 mindən çox insanın qatıldığı antihökumət aksiyası baş tutub. Sankt-Peterburqun “Senat” meydanında keçirilən icazəsiz aksiyaya qatılan 10 mindən çox insan baş nazir Vladimir Putin əleyhinə şüarlar səsləndirib. Nümayiş təhlükəsizlik tədbirlərilə müşayiət olunub və heç bir ciddi insident qeydə alınmayıb.
Bu dəfə millətçilər “Putin, get!” dedi
Paytaxt Moskvanın “Bolotnaya” meydanında növbəti etiraz aksiyası keçirilib. Icazəsiz aksiyaya qatılan mindən çox millətçi baş nazir Vladimir Putinin istefası və yeni seçkilərin keçirilməsini tələb edib.
Əlavə edək ki, Rusiya müxalifəti hakimiyyətə ultimatum ünvanlayaraq bildirib ki, seçkidə baş vermiş qanun pozuntuları araşdırılmasa və yeni seçkilərin tarixi açıqlanmasa, daha izdihamlı aksiyalar keçirəcəklər. Rusiya müxalifətinin növbəti aksiyası dekabrın 24-nə planlaşdırılır. Aksiyaya dekabrın 10-da baş tutmuş mitinqdəkindən daha çox etirazçının cəlb olunması nəzərdə tutulub.
Medvedevdən geri addım
Rusiya prezidenti Dmitri Medvedev isə özünün “Facebook” səhifəsində etirazlarda səsləndirilən şüarlarla razılaşmadığını bildirib. Kreml rəhbəri dekabrın 4-də keçirilən seçkidə saxtakarlığa görə məsuliyyət daşıyanların istintaqa cəlb olunmasına dair əmr verdiyini də qeyd edib. Bu arada, Vladimir Putinin uzunmüddətli müttəfiqlərindən biri, sabiq maliyyə naziri Aleksey Kudrin ölkədə siyasi boşluğu doldurmaq üçün yeni liberal partiya yaradılmasına ehtiyac olduğunu bildirib. Kudrin deyib ki, əgər dekabrın 4-də keçirilmiş seçki saxtakarlıqları hərtərəfli araşdırılmasa, bu pozuntular qarşıdan gələn prezident seçkilərinin legitimliyinə kölgə sala bilər.
Kudrin “Vahid Rusiya”nı hədəfə aldı
Keçmiş nazirin sözlərinə görə, son seçki ölkədə hakim partiyaya alternativ liberal partiyanın mövcudluğuna ehtiyac olduğunu göstərir. Kudrin hakim partiyanın ünvanına da sərt ittihamlar səsləndirib: “Bu gün biz görürük ki, defisit bizim təsəvvür etdiyimizdən də qat-qat böyükdür. Hakim partiya insanların tələblərini qarşılamır. Əsas məsələlərdə, xüsusən də biznes mühitinin liberallaşdırılması, rüşvətə qarşı mübarizə, hüququn aliliyi və bir neçə başqa istiqamətdə irəliləyiş yoxdur”. Aleksandr Kudrin daha bir maraqlı faktın üstünü açıb. Eks nazir bildirib ki, Rusiya prezidenti Dmitri Medvedev ona “müxalif” partiya hesab olunan “Ədalətli Rusiya” (Spravedlivaya Rossiya) partiyasının rəhbəri olmağı təklif edib. Kudrin isə Medvedevin təklifinə rədd cavabı verdiyini deyib. O, addımını “Ədalətli Rusiya” partiyasının xalqın, yoxsa Kremlin nəzarətində olub-olmadığına əmin olmamasıyla izah edib.
Milyarder Putinə rəqib oldu
Rusiyanın ən varlı iş adamlarından biri olan Mixail Proxorov gələn ilin martında keçirilməsi planlaşdırılan prezident seçkilərində namizəd kimi iştirak edəcək. Hazırkı baş nazir Vladimir Putinlə rəqib olan milyarder Mixail Proxorov yenidən siyasətə qayıtmaq niyyətində olduğunu söyləyib: “Mən sizi məyus etməməyə çalışacağam. Həyatımın ən mühüm qərarını qəbul etmişəm”. Proxorov seçkilərə özünün yeni proqramı ilə qatılacağını bildirib. Oliqarxın sözlərinə görə, onun kampaniyası digərlərindən orijinal və əla olacaq. O, jurnalistlərlə də məhdud şəkildə ünsiyyətdə olacağını bildirməklə onların marağını qazana bilib. Milyarder prezident seçkiləri kampaniyasının gedişində yeni partiya yaradacağını da istisna etməyib.
Rusiyadakı etirazlar dünya mediasında
Həftəsonu Rusiyanı bürüyən etiraz dalğası dünya mətbuatının da əsas müzakirə mövzularından olub. “L’Espresso” qəzetinin analitiki Cici Rivanin yazır ki, Rusiyanın xüsusi xidmət və təhlükəsizlik orqanlarını nəzarətdə saxlayan Putin başa düşmür ki, dünyada baş verən dəyişikliklərdən kənarda qalmaq mümkün olmayacaq. Etirazların təşkilində mühüm rol oynayan sosial şəbəkələr artıq “sovet mətbəxi”nə daxil olub. Son etirazlar sübut edir ki, rus xalqı “KQB” ənənələrindən bezib. Şahmatçı Harri Kasparovun fikirlərinə yer ayıran “The Times” jurnalı yazır: “Cin şüşədən çıxdı. Artıq Rusiyada və ölkə xaricində Putinin prosesi yatıra biləcəyilə bağlı deyil, onun etirazlar qarşısında nə qədər duruş gətirə biləcəyinə dair suallar ortaya çıxıb”. Dərgi qeyd edir ki, 10 ildən sonra Avropa və ABŞ-ın Rusiyada tarixi prosesi dəstəkləmək şansı yaranıb: “Rus qışı” Qərbin korrupsioner hakimiyyəti yox, rus xalqını dəstəkləməsi üçün ideal şansdır”. “Die Welt” qəzetinin şərhçisi Yulya Smirnova Rusiyadakı etirazlarla bağlı məqaləsində bildirib ki, Putin yeni Rusiya ilə qarşı-qarşıya dayanıb. Onun köhnə düşüncə daşıyıcısı olduğunu yazan şərhçi qeyd edib ki, müasir Rusiya daha liberal və ədalətli cəmiyyətə can atır: “Ilk cəhddə Moskvanın ”Bolotnaya” meydanına 100 mindən çox etirazçı axışdı. Onlar parlament seçkilərinin saxtalaşdırılmasına görə konkret hədəf kimi Putin və onun komandasını günahlandırdı. Son 12 ildə yığılmış qəzəb baş nazirə yönəldi. Təbii ki, Putin etirazlara fikir vermək istəmir. Ancaq o, bunu etməyə məcbur olacaq”.
azadliq.info