Nikahdan əvvəl tibbi müayinənin keçirilməsi gələcək ailənin sağlamlığı baxımından mühüm məsələlərdən biridir.
Müayinə zamanı cütlüklərin sağlamlıq vəziyyəti qiymətləndirilir, bir sıra xəstəliklərin və gələcəkdə ailə həyatı üçün risk yarada biləcək sağlamlıq problemlərinin müəyyənləşdirilməsi mümkün olur.
Maraqlıdır, nikahdan əvvəl tibbi müayinənin əhəmiyyəti nədən ibarətdir və bu müayinə zamanı hansı xəstəliklər aşkar edilə bilər?
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, nikahdan əvvəl tibbi müayinə yeni evlənən cütlüklər üçün mühüm əhəmiyyət daşıyır:
"Əslində, nikahdan əvvəl müayinə paketi çox vacib bir tədbirdir və hesab edirəm ki, onun yeni evlənən cütlüklərə xeyli köməyi olur. Məsələ burasındadır ki, bəzi cinsi yolla yoluxan xəstəliklər, virus hepatitləri, HİV infeksiyası, sifilis və digər xəstəliklər aşkar olunduğu halda, qarşı tərəf bundan xəbərdar olur və lazımi tədbirləri görür. Bundan başqa, talassemiya daşıyıcılığı da mütləq yoxlanılır. Cütlüklər bilməlidirlər ki, gələcəkdə onların xəstə uşaqlarının dünyaya gəlməsi riski ola bilər. Hər ikisi daşıyıcı olduğu halda, belə bir risk mövcuddur. Yəni bu müayinələrin əhəmiyyəti çox böyükdür".

Professor qeyd edib ki, mövcud müayinə paketi vacib olsa da, əlavə genetik yoxlamaların aparılması da məqsədəuyğun olar:
"Bu paket Azərbaycan reallığı nəzərə alınaraq hazırlanıb. Amma hesab edirəm ki, bu yoxlamalar yetərli deyil. Bundan əlavə, bəzi genetik anomaliyalar, skelet anomaliyalarına gətirib çıxaran gen mutasiyaları və digər göstəricilər də yoxlanılsa, yaxşı olar.
Həmçinin hamiləliyin gedişi boyunca müvafiq protokolun olması vacibdir. Hazırda nikahdan əvvəl bu yoxlamaların aparılması bəzi xəstəliklərin əvvəlcədən aşkar olunmasına və praktikada digər tərəfin yoluxmasının qarşısının alınmasına xüsusi əhəmiyyət kəsb edir".
Fəridə Əsədzadə












































