Hər il 400 min insan bu səbəbdən ölür - Çoxu da Bakıda baş verir
SOSİAL
22:54 12.06.2026
378
Yay mövsümündə çimərliklərə və digər su hövzələrinə axın artdıqca təhlükəsizlik məsələsi daha da aktuallaşır. Boğulma halları hər il ciddi rəqəmlərlə qeydə alınır və bu, mövzunun aktuallığını göstərir. Bu səbəbdən istirahət zamanı su təhlükəsizliyi qaydalarına əməl etmək həyati əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev Demokrat.az-a bildirib ki, çimərlikdə təhlükəsizlik məsələsinə ciddi yanaşmaq lazımdır:
"Təəssüf ki, hər il çimərliklərdə və ümumiyyətlə sularda, o cümlədən çaylarda, göllərdə, hovuzlarda, su anbarlarında və digər su hövzələrində boğulma halları baş verir. Buna görə də istirahət zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir. Çimərliyə gedərkən ilk növbədə həmin gün üçün hava şəraitini nəzərə almaq lazımdır. Çimərlikdə təhlükəsizlik qaydaları yalnız dərinə getməmək və ya müəyyən edilmiş qaydaları pozmamaqdan ibarət deyil. Bu məsələyə kompleks yanaşmaq, təhlükəsizliyin əsas qaydalarına riayət etmək vacibdir. İlk növbədə hava şəraitinə diqqət yetirilməlidir. Əlverişsiz hava şəraitində, küləyin sürəti saniyədə 10-12 metri keçərsə, çimərliyə getmək tövsiyə olunmur".
Ekspert deyib ki, ikinci vacib məsələ çimərliyin düzgün seçilməsidir:
"Yalnız fəaliyyəti rəsmi şəkildə icazə verilmiş çimərliklərə üz tutmaq lazımdır. Qadağan olunmuş çimərliklərdən istifadə edilməməlidir. Fəaliyyətinə icazə verilən çimərliklərdə xilasetmə xidməti fəaliyyət göstərir. Bundan əlavə, çimərlik mövsümü başlamazdan əvvəl aidiyyəti qurumlar tərəfindən həmin ərazilərdə yoxlamalar aparılır. Bu yoxlamalar zamanı sualtı akvatoriya, dəniz dibinin relyefi, sualtı axınlar, yarğanlar və digər risk faktorları araşdırılır. Eyni zamanda suyun fiziki, kimyəvi və bioloji göstəriciləri öyrənilir.
Əgər həmin ərazidə insanların çimməsi üçün təhlükə müəyyən edilməzsə, çimərliyin fəaliyyətinə icazə verilir. Təhlükə riski aşkarlandıqda isə həmin çimərliklərin istifadəsinə icazə verilmir. Bu baxımdan rəsmi fəaliyyət göstərən çimərliklərin seçilməsi daha məqsədəuyğundur.
Bundan başqa, müəyyən edilmiş üzmə sərhədlərini keçməmək lazımdır. Çimərliyi yarış meydançasına çevirmək düzgün deyil. Uşaqlar nəzarətsiz buraxılmamalıdır. Bəzən valideynlərin səhlənkarlığı və məsuliyyətsiz yanaşması nəticəsində uşaqlar nəzarətdən çıxır və vəziyyətin fərqinə varıldıqda artıq gec olur, uşaq boğulma təhlükəsi ilə üzləşir.
Ən vacib qaydalardan biri də spirtli içkinin təsiri altında suya girməməkdir. Bu qaydalara ciddi əməl olunmalıdır. Hər il dünyada təxminən 400 min insan suda boğularaq həyatını itirir. Bu halların böyük hissəsi əlverişsiz hava şəraiti ilə əlaqələndirilir. Bu isə əlverişsiz hava şəraitində çimərliyə getməyin nə qədər təhlükəli olduğunu göstərir. Buna görə də sadə görünən təhlükəsizlik qaydalarına diqqətlə yanaşmaq və onlara ciddi əməl etmək vacibdir", - deyə o bildirib.