ABŞ-ın birinci xanımı Melaniya Tramp Ukraynaya səfər edərək özünün iştirakı ilə əldə olunmuş lokal atəşkəsin nəticələrini yerində görmək ehtimalını istisna etməyib. Bu barədə "New York Post” qəzeti yazıb.
Melaniya Tramp atəşkəs danışıqlarındakı roluna dair müzakirələr fonunda Roma Papası XIV Leoya dəstəyinə görə təşəkkür edib.
Ukraynaya mümkün səfəri ilə bağlı suala cavab verən Melaniya Tramp şənbə günü "New York Post”a deyib: "Baxarıq. Bu mümkündür”.
Həyat yoldaşının yanında olan ABŞ prezidenti Donald Tramp da belə bir səfərin mümkün olduğunu bildirib.
Birinci xanım ilk dəfə açıq şəkildə Xerson vilayətinin Oleşki şəhəri ətrafında Rusiya ilə Ukrayna arasında atəşkəsin əldə olunmasında iştirakından danışıb. Onun sözlərinə görə, o, hər iki ölkənin prezidenti — Vladimir Putin və Volodimir Zelenski ilə əlaqə saxlayıb və tərəflər razılaşma imzalayıblar.
"Biz danışdıq. Razılaşma imzaladıq”, — Melaniya Tramp bildirib.
Donald Tramp həyat yoldaşının səylərini yüksək qiymətləndirərək onun peşəkar danışıqlar aparan nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerdən daha çox nailiyyət əldə etdiyini deyib. O, Melaniyanın gələcək danışıqlarda iştirakını da istisna etməyib.
Cəbhə xəttindən təxminən 8 kilometr məsafədə yerləşən Oleşki humanitar fəlakət həddindədir. Nəşrin məlumatına görə, təxminən 2 min nəfərin yaşadığı şəhərdə əsasən yaşlı insanlar və uşaqlar var, bəzi sakinlər isə ot yeməyə məcbur qalırlar. Əldə olunan atəşkəs əhalinin təxliyəsinə və humanitar yardımın çatdırılmasına imkan verməlidir.
Cümə günü Melaniya Tramp razılaşmanın əldə olunduğunu açıqlayıb. Lakin ertəsi gün Roma Papası XIV Leonun prosesdəki rolu ilə bağlı suallar yaranıb. Məlum olub ki, pontifik də atəşkəsə çağıraraq Putin və Zelenski ilə əlaqə saxlayıb. O, əvvəlcə oktyabrın 16-da Rusiya prezidenti ilə, üç gün sonra isə Ukrayna lideri ilə danışıb.
"Roma Papasının dəstəyini qazanmaq çox vacibdir. Atəşkəs oktyabrın 27-də başlayır və ümid edirəm ki, hər şey plana uyğun gedəcək”, — birinci xanım bildirib.
Demokratlar Melaniya Trampı pontifikin xidmətlərini öz adına çıxmaqda ittiham ediblər. Bununla belə, "New York Post”un yazdığına görə, Rusiya və Ukrayna nümayəndələri onun razılaşmanın əldə olunmasında iştirakını təsdiqləyiblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Ukraynanın ombudsmanı Dmitri Lubinets Melaniyanın səylərini müsbət qiymətləndiriblər.











































