“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...

“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
MEDİA
12:53 28.08.2025
560
Uzun bir yol məni aparıb çıxarır bir tərəfdən Kür çayı ilə əhatə olunmuş, bir tərəfdən göllər ilə bürünmüş sakit Pərvanələr diyarına - Zərdab rayonunun Pərvanlı kəndinə. Burada hər həyətdə sanki bir meşə, bir bağ var. Biri nar bağı salıb, biri fındıq bağı... Ən məşhuru isə Təhməz kişinin bağıdır. Hərdən gəmiyə minib kəndin ortasından keçəndə elə bil bütün o ahəng qucaqlayıb gətirir səni.

Kəndimdə başqa bir hüzur vardı. Uşaqlıq arzularım da buradan başladı. 9 yaşlı bir qızın hər gün həyətində qurduğu, görünməz tamaşaçıların izlədiyi "Aygünün şousu” adlı uydurma verilişləri vardı. Mənim üçün bu sadəcə oyun deyildi. Mən artıq gələcəyimi görürdüm.

Amma hər kəs bu arzuma təəssüf dolu baxışlarla yanaşırdı. Atam deyirdi: "Qızın peşəsi müəllimlikdir.” Mən isə öz arxımızın suyuna baxıb düşünürdüm: bu sular bir gün okeana qovuşacaq, mənim də yolum bir gün məqsədimə çatacaq.

Gecənin başqa bir ahəngi var idi. Xoruzun səsi gəlirdi, amma nə sübh çağı idi, nə də günəşin dalğalanan vaxtı. Sanki zaman dayanmışdı. Həyətdə oynamalı idim, amma nəsə fərqli idi... Birdən nar ağaclarının kölgəsindən biri çıxdı qarşıma.

Əlini çiynimə qoydu. Təəccüblənmədim. Yurdumun ağası, maarifimizin banisi Həsən bəy Zərdabi idi. O, heç nə demədi. Sadəcə mənə bir fincan uzatdı: "Bir stəkan su iç...”

Fincandakı su bulanıq idi. Amma tərəddüd etmədən içdim. İçən kimi də ayıldım...

O an başa düşmədim, amma sonralar anladım: bu, bir işarə idi. Həsən bəyin mənə uzatdığı su jurnalistikanın yolu idi. Bulanıq, çətin, ağır... Amma həm də həyat verən, gerçəklərə aparan bir yol.

İllər keçdi. Son zəngdə aparıcı səhnədə mənim adımı çəkərək belə bir misra səsləndirdi:

"Deyir arzum hər an, hər gün
Jurnalist olmaqdır bir gün...”

Və o gün anladım ki, arzular heç vaxt ölmür. Onlar sadəcə doğru vaxtı gözləyir. Mənim yolum isə artıq bəlli idi: Zərdabidən başlayan, bir fincan bulanıq sudan süzülüb həqiqətə doğru axan bir yol...

Zərdabidən gələn miras

Zərdabi bu yolda ilk addımı atan idi. O da mənim kimi həm təəssüf dolu baxışlarla, həm də təzyiqlərlə üzləşdi. Amma yolundan dönmədi. Çünki bilirdi: xalqın maarifi, həqiqəti, sözü bu yoldan keçir.

Bu gün də jurnalistika asan deyil. Bəzən həqiqətin səsi qara rəngdə göstərilir, bəzən yazanların səsi kəsilmək istenir. Amma yenə də yol davam edir. Çünki həqiqətin susması həyatın dayanması deməkdir.

Hər dəfə qələmə sarılanda, yazı hazırlayanda yuxumdakı o bir fincan suyu xatırlayıram. Mən bilirəm: jurnalist olmaq sadəcə peşə deyil. Bu, bir missiyadır. Zərdabidən gələn, bu gün də davam edən bir missiya...
Və mən o yoldayam
 
Aygün Hüseyn – gənc jurnalist

 


OXŞAR XƏBƏRLƏR