Heydər Əliyev Bakı Modern Məktəbində anıldı

GƏNCLİK
18:30 07.05.2013
2663

Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyi respublikamızın bütün müəssisə və təşkilatlarında yüksək təntənə ilə qeyd edilir. Bakı Modern Məktəbində də ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

Növbəti tədbir may ayının 3-də 1 Az.1 və 3 Az.1 sinfləri arasında kiçikyaşlı məktəblilərin riyazi bacarıqları, məntiqi, yaradıcı təfəkkürünü inkişaf etdirmək məqsədilə “Tanqram qururam” adlı zəka yarışması keçirilmişdir. Yarışı giriş sözü ilə açan 1-ci sinif müəllimi Sevinc Əliyeva yarış iştirakçılarını və qonaqları salamlamışdır. Əvəzolunmaz şəxsiyyət, dahi lider Heydər Əliyevin təhsilə, uşaqlara, gəncliyə göstərdiyi böyük diqqət və qayğısından bəhs etmişdir. Çıxış edən 3-cü sinif müəllimi keçirilən oyunun əhəmiyyətindən danışmış, oyun qaydaları haqqında məlumat vermiş, yarış iştirakçılarına uğurlar arzulamışdır.

Yarış prosesində şagirdlər yalnız tanqram qurmaqla kifayətlənməmiş, müxtəlif riyazi sualları cavablandırmışlar. Yarışda iştirak edənlər 1-ci, 2-ci, 3-cü yer diplomlarla qiymətləndirilmişlər.

Məlumat üçün bildirək ki, tanqram oyunu qədim Çində təfəkkürü inkişaf etdirmək məqsədilə 5 yaş və ondan yuxarı yaş qrupları üçün təşkil edilən riyazi oyundur. 1800 ildən artıq yaşı olan bu oyun Çin dilində “pinyin” olaraq adlandırılır. Tanqram sözü “ustalığın yeddi parçası” kimi mənalandırılır. Tanqram yeddi həndəsi fiqur vasitəsilə müxtəlif əşya və canlı fiqurlarının düzəldilməsidir. Burada əsas şərt yeddi həndəsi fiqurun hamısının eyni zamanda istifadə edilməsidir. Bu fiqurlar fərqli böyüklükdə olan beş ədəd üçbucaq, bir ədəd kvadrat və paraleloqramdır. Oyunda istifadə edilən yeddi həndəsi fiqurun Günəşi, Ayı, Veneranı, Marsı, Yupiteri, Satrunu, Merkurini ifadə etdiyi təxmin edilir.Tanqram uşaqlarda diqqəti, yaddaşı, məntiqi, yaradıcı təfəkkürü inkişaf etdirir, başladığı işi sona çatdırma, tez düşünmə vərdişləri yaradır. Onun vasitəsilə şagird həndəsi fiqurların əhəmiyyətini, onları modelləşdirmə, fırlanma, dönmə, əksetdirmə kimi prosesləri çox asanlıqla, sərbət olaraq icra edir, əhəmiyyətini anlamış olur. Şagird həm əylənir, həm öyrənir, həm də dünyagörüşünü artırır.

OXŞAR XƏBƏRLƏR