Heydər Əliyev Mərkəzi özünə Facebook sosial şəbəkəsində rəsmi səhifə və Twitter-də mikrobloq açıb.
Hal-hazırda Mərkəz Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar müxtəlif növ müsabiqələr keçirir.Bura orta məktəb müəllimləri arasında “Mən öz ölkəmə ləyaqətli vətəndaş tərbiyə edirəm” esse müsabiqəsi, istedadlı gənclər arasında “Mən öz Azərbaycanımla fəxr edirəm” esse müsabiqəsi, müvafiq mövzuya uyğun olaraq, rejissorlar, jurnalistlər, fotoqraflar arasında müsabiqələr daxildir.Bu müsabiqələr barəsində məlumatlar Mərkəzin Facebook səhifəsində yerləşdirilib. Qeyd edək ki, Heydər Əliyev Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 dekabr 2007-ci il fərmanı ilə yaradılmışdır. Mərkəz Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin dövlət quruculuğu və azərbaycançılıq ideologiyasının fəlsəfəsinin fundamental olaraq, öyrənilməsi sahəsində ardıcıl fəaliyyət göstərmək, eləcə də Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin, milli və mənəvi dəyərlərinin inkişafına yardım etmək üçün nəzərdə tutulub.Heydər Əliyev Mərkəzi Azərbaycanın paytaxtında Heydər Əliyev prospektində tikilib. Tikili özünə 967 yerlik auditorium (konqress-mərkəzi), muzey, 2 zal, inzibati ofislər, media-mərkəzi daxil edir. Mərkəzin layihəsi 2007-ci ildə memar Zəha Hədid tərəfindən hazırlanıb. Mərkəz 10 may 2012-ci ildə açılıb və Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə burada mərasim baş tutub.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, onun həyat yoldaşı Mehriban Əliyeva və ailənin digər üzvləri iştirak edib. Mərkəzin ümumi sahəsi 15,93 ha-dır. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovdur.