Xatirə gecəsində Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, müdafiə naziri İsmet Yılmaz, Mədəniyyət və Turizm naziri Ərtoğrul Günay, Türkiyə Respublikası Böyük Millət Məclisinin sabiq sədrləri Hikmət Çətin və İsmet Sezgin, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, AR təhsil naziri Misir Mərdanov, AR Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, AR Prezidenti Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri Əli Həsənov, millət vəkili Əhliman Əmiraslanov və Cavanşir Feyziyev, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Necdet Ünüvar, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının başçısı Bilal Dündar, Marmara Qrupu Fondunun rəhbəri Akkan Suver, Bilkent Universiteti İdarə Heyətinin sədri Əli Doğramacı, çox sayda millət vəkili, elm adamı, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyənin yüksək vəzifəli şəxsləri, Səfirliyin əməkdaşları, diaspor nümayəndələri, Ankarada təhsil alan tələbələr, kursantlar, Polis Akademiyasının tələbələri, çox sayda ictimaiyyət nümayəndələri və Türkiyənin aparıcı KİV nümayəndələri iştirak ediblər.Tədbirdə Türkiyə Respublikası Böyük Millət Məclisinin Sədri Cəmil Çiçək çıxışında iki ölkə münasibətlərinin qardaşlıq əlaqələri üzərində qurulması, Heydər Əliyevin bu əlaqələrin möhkəmləndirilməsindəki sonsuz xidmətləri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemindən söz açıb. O, xüsusilə qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Dağlıq Qarabağ probleminin həllinə bağlıdır. Cəmil Çiçək Xocalı Soyqırımı faicəsinə də toxunaraq bugünki Ermənistan prezidentinin məhz bu soyqırımı törədənlərdən biri olduğunu qeyd edərək Qərbin bu məsələyə səssiz qalmasını tənqid edib.Çıxışların ardından ümummilli liderin ruhuna klassik musiqi sədaları altında və onun həyatından bəhs edən slaydşou təqdim edilib, ehsan süfrəsi açılıb. Gecədə tədbir iştirakçıları, ümummilli lider Heydər Əliyevə həsr olunmuş Arif Məlikovun “Əbədiyyət” adlı səkkizinci simfoniyasının DVD diski və müxtəlif xatirə hədiyyələri ilə yanaşı, ölkəmizlə bağlı təbliğat xarakterli materiallar təqdim edilib.