17 yanvar tarixində “Ariva” mehmanxanasında “İRƏLİ” İctimai Birliyinin “Diplomatik protokol” layihəsi çərçivəsində Hindistan Mədəniyyəti Günü keçirilib. Tədbir Azərbaycanın və Hindistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar çıxış edərək bildirib ki, Azərbaycanla Hindistan arasında əlaqələr genişlənir. Səfir bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.
Eyni zamanda səfir qeyd edib ki, artıq ənənəvi tədbirlər formatında deyil, məhz bu formatda da tədbirlərin təşkil olunması müsbət göstəricidir. Sonda səfir “İRƏLİ” İctimai Birliyinə təşəbbüsə görə təşəkkür edib.
“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev Azərbaycanla Hindistan arasındakı dostluq münasibətlərinin gücləndiyini qeyd edib: “Qarşılıqlı əməkdaşlıq bir çox sahələri əhatə edir. Genişlənməkdə olan əlaqələrdən gənclər də kənarda qalmırlar. Bu tədbir “İRƏLİ”nin Hindistan səfirliyi ilə keçirdiyi ilk tədbir deyil. Gələcəkdə daha bir çox layihələrdə qarşılıqlı olaraq əməkdaşlıq edəcəyimizə inanıram”.
Gənclərin digər ölkələrin mədəniyyəti, tarixi haqda məlumat ala bilmələri baxımından bu tədbirlərin vacibliyini vurğulayan Rauf Mərdiyev bildirib ki, layihə çərçivəsində bir sıra dövlətlərin mədəniyyət günlərinin keçirilməsi də nəzərdə tutulub.
Daha sonra tədbirdə qədim tarixə və milli ənənələrə malik Hindistanın mədəniyyəti haqqında məlumat verilib, musiqiləri səsləndirilib, milli mətbəxi, bu ölkənin milli toy mərasimi və eyni zamanda hind geyimləri nümayiş etdirilib.