HP webOS əməliyyat sistemi bazasında ilk planşetini təqdim edib

Bütün Xəbərlər
07:10 12.02.2011
2105

1024x768 piksel təsvir dəqiqlikli və 9,7 düymlü ekran (iPad planşetində olduğu kimi), eləcə də 1,2 Qhs tezlikli iki nüvəli Qualcomm Snapdragon prosessoru ilə təchiz olunmuş TouchPad-in nəzərdə tutulmuş yaddaş həcmi 16 və ya 32 Qb təşkil edir. Bundan əlavə planşetin üz tərəfində videobağlantı üçün 1,3 meqapikselli kamera yerləşdirilib. Bütün bu kimi müasir qurğularda olduğu kimi HP yeni modelinin də giroskop, akselerometr və rəqəmli kompası var.

Çoxfunksiyalı webOS 3.0 əməliyyat sistemi ilə idarə olunan TouchPad Apple iPad modelindən fərqli olaraq, həmçinin Adobe Flash texnologiyasını dəstəkləyir. Bluetooth və Wi-Fi modulları ilə təmin olunacaq yeni qurğu cari ilin yay aylarında satışa çıxarılacaq, onun qiyməti isə hələ bildirilmir. Bundan sonra isə 3G və 4G mobil şəbəkələrini dəstəkləyən versiyaların buraxılacağı gözlənilir.

TouchPad HP-nin məhsullar çeşidində ilk planşet kompüter deyil. Belə ki, 2010-cu ilin oktyabr ayında şirkət Windows 7 əməliyyat sistemi bazasında korporativ istifadəçilər üçün nəzərdə tutulmuş Slate 500 planşetini təqdim etmişdir.

Planşet kompüterlə birgə HP slayder formasında iki smartfon da təqdim edib. Veer və Pre 3 adlı hər iki yeni smartfon webOS əməliyyat bazasında yığılıb.

 

OXŞAR XƏBƏRLƏR