“Hünər” MTK bayram günü əhalini liftsiz qoydu - ŞİKAYƏT

“Hünər” MTK bayram günü əhalini liftsiz qoydu - ŞİKAYƏT
Bütün Xəbərlər
15:16 30.12.2014
2541

“Hünər” MTK sakinləri aldadır?

Bayram günlərində çoxmərtəbəli binanın lifti sakinlərə xəbərdarlıq edilmədən kəsilib

AZXEBER.COM-un redaksiyasına Nəsimi rayonu sakinləri tərəfindən şikayət daxil olub. Sakinlərin bildirdiyinə görə, bu gün səhər saatlarında yaşadıqları binanın lifti xəbərdarlıq edilmədən kəsilib.

“Hünər” MTK şirkəti tərəfindən inşa edilib istifadəyə verilən və hazırda da şirkətin balansında olan 16 mərtəbəli yeni tikili bina Nəsimi rayonu, 4-cü mikrorayon, Cəbiyev küçəsi, 21 B ünvanında yerləşir. 3 il əvvəl istifadəyə verilən yaşayış binasında hazırda mənzillərin böyük əksəriyyətində yaşayış var.

Şikayətdə deyilir ki, Bakı Elektrik Şəbəkə işçiləri tərəfindən bu gün səhər saatlarında binanın lifti kəsilib: “”Hünər” MTK işçiləri bizə bildirir ki, sakinlərin bəzilərinin elektrik enerjisi borcu olduğuna görə, binanın lifti kəsilib. Nə zaman açılacağı isə bəlli deyil. Binanın 2-3 sakini ola bilsin ki, istifadə etdiyi elektrik enerjisinə olan borcunu ödəməyib. Amma bayram günlərində xəbərdarlıq etmədən gəlib 16 mərtəbəli binanın liftini tamamilə kəsiblər. Biz hər ay “Hünər” MTK-ya ödədiyimiz 18 manatın müəyyən hissəsi lift üçün ayrılır. Biz bilmirik ki, həmin pullar şirkət tərəfindən lift üçün aidiyyəti idarələrə ödənilib, yoxsa yox?”

Qeyd edək ki, 18 manat binada yaşayan bütün sakinlər tərəfindən “Hünər” MTK işçilərinə hər ay ödənilir.

Tikinti şirkətinin səlahiyyətliləri yəqin ki, bilməmiş deyilllər ki, sakinlərdən toplanan kommunal xərclər aidiyyəti qurumlara zamanında ödənilmədiyi hallarda, haqqında indi bəhs etdiyimiz situasiyalar yaranır. Bina sakinlərinin qarşılaşdığı problemə təbii ki, “Hünər” MTK yetkililəri tərəfindən aydınlıq gətirilməlidir. Çünki vətəndaşlardan yığılan vəsaitlər şirkətlə dövlət qurumları arasında bağlanan müqavilələr əsasında qurumlara ödənilməlidir. Əksi halda, qışın soyuq günlərində bayram ərəfəsində bax belə xoşagəlməz problemlər ortaya çıxır.

Qeyd edək ki, “Hünər” MTK-nın sözügedən binada komendant işləyən Yadigar adlı şəxslə şikayətlə bağlı danışmaq istəsək də, şirkət işçisi suallara cavab verməkdən yayındı.

Orxan

OXŞAR XƏBƏRLƏR