Dünyada mövcud olan türk dövlətləri arasındakı münasibətlərindən söz açarkən ilk olaraq göz önünə xüsusi özəlliyi ilə diqqəti daha çox cəlb edən Azərbaycan-Türkiyə əlaqələri gəlir. Bu da səbəbsiz deyil. Çünki türk dünyasının və yerləşdikləri bölgənin liderləri olan bu iki dövlət arasındakı mövcud əlaqələrin beynəlxalq münasibətlər sistemində analoqu yoxdur. Təməlində qırılmaz dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə münasibətləri həm də strateji önəm daşıyır.
Bu ilin iyununda Azərbaycan Prezidenti İlham Əliyein Türkiyəyə işgüzar səfəri zamanı imzalanan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) üzrə Hökumətlərarası Müqavilə Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin növbəti bariz nümunəsi kimi tarixə düşdü. Çünki TANAP layihəsi iki ölkənin enerji sektorunda tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, bir-birinə iqtisadi cəhətdən daha da sıx şəkildə bağlanmasına böyük təkan verəcək.
Sirr deyil ki, Azərbaycanla Türkiyə arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətləri antiazərbaycan və antitürkiyə dairələrini, xüsusilə erməni lobbisini çox narahat edir. Zaman-zaman onlar Azərbaycan-Türkiyə qardaşlığına nifaq salmaq üçün saysız-hesabsız cəhdlər göstərmişlər. Lakin tarix hər zaman sübut etmişdir ki, Azərbaycanla Türkiyə arasında münasibətləri gərginləşdirməyə yönəlmiş istənilən cəhd nəticəsizdir və əslində bu münasibətlərə kölgə salmaq mümkün də deyil. Çünki söhbət bir millətin qurduğu iki dövlətin münasibətlərindən gedir. İstənilən halda iki ölkənin siyasi dairələri vahid və qətiyyətli mövqe nümayiş etdirərək türk düşmənlərinin planlarını alt-üst ediblər. Xüsusilə son dövrlərdə erməni lobbisinin və türk düşmənlərinin Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini gündəmə gətirməklə və Fransa Senatında bədnam qanunun qəbulu ilə başlatmış olduqları riyakar planların iflasa uğraması göstərdi ki, Azərbaycan-Türkiyə münasibətlərini ləkələməyə göstərilən istənilən cəhd əbəsdir. İstər erməni lobbisinin, istərsə də digər antitürk şəbəkələrin cəhdləri fayda verməmiş, əksinə, Azərbaycanla Türkiyə arasında münasibətlər daim yüksələn xətt üzrə inkişaf etmişdir.
TANAP layihəsi üzrə müqavilənin imzalanmasından sonra antitürk qüvvələrin yenidən riyakar planlar üzərində baş sındıracaqları gözlənilən idi. Çünki TANAP layihəsi bizi nə qədər sevindirirsə, maraqlarımıza nə qədər cavab verirsə, Azərbaycan və Türkiyə düşmənlərini, eləcə də onların dəyirmanına su tökən sapı özümüzdə olan baltaları bir o qədər məyus edir. Bu mənada Türkiyənin "Hürriyət" qəzetində Fatih Çekirge adlı birisinin Azərbaycan Resrublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov barəsində qələmə aldığı iftiraları da bu kontekstdən nəzərdən keçirmək lazımdır. Xüsusilə "Hürriyət" qəzetinin Türkiyənin "Doğan" qrupuna daxil olduğunu nəzərə alsaq, məsələ tam anlaşılar. Çünki "Doğan" qrupuna daxil olan media qurumları və şəxsən bu qrupun sahibi Aydın Doğan daim öz fəaliyyətlərində erməni lobbisinin sifarişlərini yerinə yetirərək ölkəmizə və Azərbaycan-Türkiyə münasibətlərinə qara yaxmaq yolunu tutublar.
Azərbaycanın hər bir vətəndaşının təyyarədə "biznes klass"a bilet almağa imkanı var. Ölkəmiz dünyanın ən tanınmış aviaşirkətləri ilə əməkdaşlıq edir. Amma Azərbaycan vətəndaşı çalışır ki, Türkiyə hava yolları şirkətlərinin xidmətlərindən istifadə etsin. Bu da kiçik də olsa, qardaşlıq jestlərindən biridir. Adını türk qoyub Türkiyənin maraqları əleyhinə işləyənlər, Aydın Doğan kimilər belə şeyləri anlamazlar. Çünki onlar mahiyyətcə və əməlcə bambaşqadırlar.
"Hürriyət" qəzeti Azərbaycanın dövlət məmuruna böhtan atmaqla əslində antitürk mərkəzinin sifarişi ilə Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmağa cəhd göstərib. Lakin bu iftira və böhtana yol verənlər unutmasınlar ki, antitürk dairələrin Azərbaycanla Türkiyə arasındakı əlaqələri zəiflətmək cəhdləri əvvəllər olduğu kimi bundan sonra da iflasa məhkumdur.
Rəşad CƏFƏRLİ,"Azərbaycan"qəzeti