Xəbər saytlarında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun təşkil etdiyi "Bu şəhərdə"nin konsertinə biletləri zorla və baha qiymətinə rayonun büdcə təşkilatlarına satması barədə xəbərlər yayılmışdı.
Musavat.com bununla bağlı yeni məlumatlar əldə edib. Şəmkirdəki mənbənin verdiyi məlumata görə, icra başçısının bu addımı sıravı şəmkirlilər arasında da narazılığa səbəb olub. Belə ki, biletlər kassalarda satılmadığından, onlar bu konsertə baxmaqdan məhrum edilmişdilər. Bu biabırçılığın ifşasından sonra Alimpaşa Məmmədov öz əməllərini ört-basır etmək üçün bu gün gunorta saatlarında açıq havada "xalq üçün" konsert təşkil etmək qərarına gəlib. Ona görə də günorta saatlarından etibarən (əksəriyyəti məktəblilər olmaqla) insanlar avtobuslarla rayonun "Bayraq meydanı"na daşınıb. Lakin başçının bəxti yenə gətirməyib. Belə ki, konsertin başlamasına 1 saat qalmış güclü yağış başlayıb və insanlar meydanı tərk etməyə başlayıblar.
Ancaq icra başçısının "xalq sevgisi" ona rahatlıq vermədiyindən, bu dəfə konserti Şəmkir Olimpiya Kompleksində keçirmək tapşırığı verir. Sakinlər yenidən avtobuslar vasitəsiylə Olimpiya kompleksinə daşınıb. Konsertdə Alimpaşa müəllim özü də iştarak edib. Ancaq şahidlərin dediyinə görə, icra başçısı o dərəcədə dilxor görünüb ki, "Bu şəhərdə"nin qəhrəmanları belə onun eynini aça bilməyib.