Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev mayın 12-də 10 AS 509 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil ilə yol kənarında dayanan 3 piyadanı vurması ilə bağlı daha əvvəldən məlumat vermişdik.
Məlumatlar da o da bildirilmişdi ki, İcra başçısının müavini Yavər Allahverdiyevin xidməti maşını kimi təqdim edilən “Hyundai” markalı avtomobilin üzərindəki nömrə tamamilə başqa avtomobilə məxsus imiş. Axar.az-ın əldə etdiyi məlumata görə, 10 AS 509 dövlət nömrə nişanı əslində Səbail Rayon İcra Hakimiyyətinə məxsis “Qaz 3110” avtomobilinə aiddir. 10 AS 509 dövlət nömrə nişanı qanunsuz olaraq “Hyundai” markalı avtomobilə bağlanılıb. Məhz bu səbəbdən də avtomobilin İcra Hakimiyyətinin sürücüsü Sabir Hacıkərimov tərəfindən idarə edilməsi mübahisəlidir.
Şahidlərin isə ötən həftə AZXEBER.COM-a bildirdiyi məlumatlara görə, qəzanı törədən maşın təxminən saatda 130-140 km sürətlə hərəkət edirmiş. Emil adlı hadisə şahidi bildirib ki, avtomobili idarə edən şəxs elə Yavər Allahverdiyevin özü olub.
O, Yavər Allahverdiyevin hadisədən sonra kiməsə zəng etdiyini və bir müddət sonra “909” nömrəli ağ rəngli “Land Cruiser” markalı avtomobilin hadisə yerinə gəldiyini söyləyib.
AZXEBER.COM-a Yavər Allahverdiyevin qəzanı törətdiyi gecə onun yanına gələn “909” nömrəli (red: şahid ifadələrində avtomobilin nömrəsini ancaq “909” kimi xatırlayır) ağ rəngli “Land Cruiser” markalı maşınla bağlı ilginc məlumat əldə edib.
Əldə etdiyimiz məlumata görə, həmin “Land Cruiser” Yavər Allahverdiyevin qardaşına məxsusdur. Belə ki, o qəzadan sonra ilk olaraq qardaşına zəng vurub və beləliklə hadisə yerinə gələn müavinin qardaşı 10 AS 509 nömrəsini “Hundai” markalı maşının üzərindən çıxarıb.
Mənbənin sözlərinə görə, Yavər Allahverdiyevin özünün maşın kolleksiyasının olduğu da vurğulanıb. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun “topaq kuratoru” kimi tanınan və əsasən Səbail rayonu ərazisindəki torpaq işləri ilə məşğul olan Y.Allahverdiyevin onlarla maşını olduğu və ümumilikdə həmin maşınların dəyərinin 1 milyona yaxınlaşdığı bildirilir.
Xatırladaq ki, qəza ilə bağlı rəsmi məlumat yayılıb. Məlumatda bildirilir ki, Səbail rayon İcra Hakimiyyətində sürücü vəzifəsində işləyən, Bakı şəhər sakini Sabir Hacıkərimov idarə etdiyi «Hyundai Grandeur» markalı, 10 AS 509 dövlət nömrə nişanlı avtomobillə Səbail rayonu ərazisində hərəkətdə olarkən piyadalar - Xalid Cəbrayılov, Zəfər Xəlilov və Misir Şirinovu vurub. Nəticədə M.Şirinov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb, X.Cəbrayılov və Z.Xəlilov isə bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.
Fakta görə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
S.Hacıkərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq davam etdirilir.
AZXEBER.COM