İcra Hakimiyyəti başçısının istefası tələb olundu

İcra Hakimiyyəti başçısının istefası tələb olundu
Bütün Xəbərlər
14:27 19.12.2012
1728

Dünən Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda etiraz aksiyası keçirilib.  APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya rayon İcra Hakimiyyətinin qarşısında “Gürcü Arzusu” koalisiyasının Marneuli şöbəsinin üzvləri tərəfindən təşkil olunub. Dörd saat davam edən aksiyada rayon İcra Hakimiyyəti başçısının istefası tələb olunub. Həmin vəzifələrə “Gürcü Arzusu”nun nümayəndəsinin namizədliyi irəli sürülüb.  Marneuli rayon İcra Hakimiyyəti başçısının müavini Heydər Musaev APA-ya açıqlamasında icra başçısının hələ istefa ərizəsi yazmadığını, lakin ona vəzifədən getmək təklif olunacağı təqdirdə bunu həyata keçirəcəyini bildirib: “İcra başçısı bu vəzifədən yalnız bələdiyyənin razılığı ilə azad oluna və təyin oluna bilər. Lakin bu vəzifəyə bir neçə namizəd olarsa, onlardan birinə bələdiyyə deputatları etimad göstərərlərsə, həmin namizəd icra başçısı vəzifəsinə bələdiyyənin əmri ilə təyin edilir”. “Gürcü Arzu”sunun Marneuli təşkilatının sədri Etibar Səmədov APA-ya bildirib ki, mitinq iştirakçılarının məqsədi yalnız “Gürcü Arzusu” blokuna sadiq və etibarlı namizədi icra hakimiyyəti başçısı vəzifəsinə seçməkdir: “Biz bunu baş nazirə və digər rəhbərlərə bildiririk”. Məlumata görə, hazırda yerli hakimiyyətə kimin təyin olunacağı müzakirə olunur.

OXŞAR XƏBƏRLƏR