Son günlər idmanla məşğul olan gənclərin qəfil ürək dayanması nəticəsində həyatını itirməsi cəmiyyətdə ciddi narahatlıq doğurur.
Sağlam həyat tərzinin əsas şərtlərindən biri hesab edilən idman bəzi hallarda gözlənilməz faciələrlə də nəticələnə bilir.
Xüsusilə heç bir sağlamlıq şikayəti olmayan, müntəzəm məşq edən gənclərin idman zamanı qəfil həyatını itirməsi bu halların səbəbləri ilə bağlı suallar yaradır.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan kardioloq Günay Rəhimova bildirib ki, gənclərdə idman zamanı qəfil ölümün mümkün səbəblərindən biri əvvəlcədən aşkarlanmamış genetik ürək xəstəlikləridir:
"Belə xəstələrdə adətən genetik mənşəli ürək xəstəlikləri aşkar olunur. Bunlara aritmogen sağ mədəcik displaziyası, uzun QT sindromu, Brugada sindromu və WPW sindromu daxildir. Bu xəstəliklər təhlükəlidir, çünki insanlar çox vaxt onlardan xəbərsiz olurlar. Halbuki ağır fiziki yüklənmə zamanı ölümcül aritmiyalara səbəb ola bilərlər. Mən konkret olaraq bu şəxsin məhz həmin xəstəliklərdən vəfat etdiyini iddia etmirəm. Sadəcə, belə hallarda mümkün səbəblərdən biri də əvvəlcədən aşkarlanmamış genetik ürək xəstəlikləridir. İnfarkt yalnız yaşlı insanlarda baş vermir, gənclərdə də müşahidə oluna bilər. Ürək damarlarında yaranan daralmalar və tutulmalar fiziki fəaliyyət, xüsusilə də ağır fiziki yüklənmə zamanı daha ciddi problemlərə səbəb ola bilər. Nəticədə ürəyi qanla təmin edən əsas damarların tutulması infarktla nəticələnə bilər".

Günay Rəhimova zərərli vərdişlərin, energetik içkilərin və idman preparatlarının da ürək üçün ciddi təhlükə yaratdığını vurğulayıb:
"Üçüncü ehtimal zərərli vərdişlər və müxtəlif preparatların istifadəsidir. Məsələn, bəzi insanlar idman zamanı daha çox enerji əldə etmək məqsədilə ardıcıl olaraq energetik içkilər qəbul edirlər. Bu içkilərin tərkibindəki maddələr ürək ritminə mənfi təsir göstərə və ürəkdə mövcud olan problemlər fonunda ölümcül aritmiyaların yaranmasına səbəb ola bilər. Bundan başqa, idman zallarında istifadə edilən anabolik steroidlər və nəzarətsiz qəbul olunan müxtəlif preparatlar da ürək-damar sisteminə ciddi zərər verə bilər. Onlar ürək ritminin pozulmasına və təhlükəli aritmiyalara gətirib çıxara bilər. Belə hallarda ölümün əsas mexanizmlərindən biri məhz ölümcül aritmiyalar olur".
Həkim qəfil ölüm hallarının hər zaman ürək xəstəlikləri ilə əlaqəli olmadığını, beyinlə bağlı problemlərin də bu nəticəyə səbəb ola biləcəyini bildirib:
"Təbii ki, bütün hallarda səbəb ürəklə əlaqəli olmaya bilər. Beyində baş verən proseslər, insult, beyin anevrizmasının partlaması və digər hallar da qəfil ölümə səbəb ola bilər. Lakin gənclərdə idman zamanı baş verən qəfil ölümlərin mümkün səbəbləri arasında ürək-damar xəstəlikləri xüsusi yer tutur. Əslində, hər kəsin, heç bir şikayəti olmasa belə, müəyyən aralıqlarla profilaktik müayinələrdən keçməsi vacibdir. Bəzən valideynlər övladlarını müayinəyə gətirirlər. Xüsusilə də gənclər hərbi xidmətə çağırılarkən hərbi-həkim komissiyasından keçirlər və məhz həmin vaxt onlarda əvvəllər məlum olmayan ürək problemləri aşkarlanır. Valideynlər deyirlər ki, övladlarının 16 yaşına qədər ürəyi ilə bağlı heç bir problemindən xəbərdar olmayıblar və heç bir şikayəti olmayıb. Lakin burada yanlış yanaşma ondan ibarətdir ki, şikayətin olmaması xəstəliyin də olmaması demək deyil. Heç bir şikayəti olmayan insanlar da profilaktik müayinələrdən keçməli, ürək-damar sisteminin vəziyyətini yoxlatdırmalıdırlar. Çünki bəzi ürək xəstəlikləri uzun müddət heç bir əlamət vermədən inkişaf edə və ağır fiziki yüklənmə zamanı özünü göstərə bilər".
Fəridə Əsədzadə











































