İki erməni qadına Azərbaycan vətəndaşlığı veriləcək

İki erməni qadına Azərbaycan vətəndaşlığı veriləcək
Bütün Xəbərlər
20:38 20.11.2012
2050

Yaxın günlərdə milliyyəti erməni olan 2 qadına Azərbaycan Respublikası vətəndaşlığı veriləcək. SalamNews-un xəbərinə görə, bu barədə Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat verib. Onun sözlərinə görə, Janna Şahmuradyan və qızı bu yaxınlarda DİN-in Baş pasport, qeydiyyat və miqrasiya idarəsi, həmçinin, Nizami rayonu Polis İdarəsinə qarşı qaldırılmış məhkəmə prosesində qalib gəldikdən sonra bu hüququ qazanıblar. Daha əvvəl Janna Şahmuradyan qızına Azərbaycan vətəndaşlığının verilməsi tələbi ilə məhkəməyə müraciət edib. Şikayətçi tələbini 1966-cı ildə Bakıda anadan olaraq burada yaşaması ilə əsaslandırıb. O, sonuncu dəfə 1983-cü ildə Sovet İttifaqı pasportu alıb. Janna Şahmuradyan heç vaxt Azərbaycan sərhədlərindən kənara çıxmasa da, polis məlum səbəbləri əsas gətirərək onun müraciətini rədd edib. Janna Şahmuradyan 1992-ci ildə Azərbaycan vətəndaşı ilə tanış olub. Bir müddət sonra onların vətəndaş nikahından Ayla adlı qızları dünyaya gəlib. Ananın sənədləri olmadığından, qıza doğum haqqında şəhadətnamə verilməyib. Bununla belə, şikayətçi Bakı 1 saylı inzibati-iqtisadi məhkəməsinə təqdim etdiyi sənədlərdə uzun illər ərzində qızı ilə Azərbaycanda yaşadığını sübut edib. Nəticədə, məhkəmə Baş pasport, qeydiyyat və miqrasiya idarəsinə qadının lazımi sənədlərlə təmin edilməsini tapşırıb. “Sənədləri aldıqdan sonra, ilk növbədə çoxdandır görmədiyim anamla görüşmək üçün Rusiyaya gedəcəm. Lakin sonra qızımın yanına qayıtmalıyam”,- qadın bildirib.

OXŞAR XƏBƏRLƏR