Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun illik gəlirləri 2020-ci ildə 9 mlrd. ABŞ dollarına çatacaq.
Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Ə.Abbasovun sözlərinə görə, 2012-ci ildə ölkədə İKT sektoru üzrə gəlirlər 1,750 mlrd. dollar təşkil edib və əvvəlki ilə nisbətən İKT sektoru 18% artıb: «2020-ci ildən başlayaraq, Azərbaycanda ÜDM-in əsas hissəsi qeyri-neft sektorunun hesabına formalaşacaq. 2020-ci ildə ölkədə İKT-nin orta illik artım tempinin 20% civarında olacağı gözlənilir ki, bu da ümumdünya orta göstəricisindən 2-2,5 dəfə çoxdur».
«Sektorun gəlirlərinin isə 2020-ci ildə 8-9 mlrd. dollar təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da ÜDM-in 8-9%-ni təşkil edəcək», - deyə nazir vurğulayıb.
Ə.Abbasov əlavə edib ki, İKT sektorunun orta illik artım tempinin 2020-ci ildə 20% təşkil etməsi bu sahənin ixrac potensialını da artıracaq. Nazir bildirib ki, hazırda Azərbaycanda ixracın 85%-i neft sektorunun payına düşür: «Biz ildən-ilə bunu aradan qaldırıb, qeyri-neft məhsulları və xidmətlərin ixracını artırmaq niyyətindəyik. Bunun üçün ölkədə qeyri-neft sektorunda yeni layihələr və xidmətlər üzərində iş aparılır».