“Həyat yoldaşım məcbur elədi, mən də kokainin “dadına” baxdım”.
...Dəmir barmaqlıqlı qapı gurultu ilə açılır. Uzun, amma ensiz həyətə daxil oluruq. Ətraf sanki göy rəngə boyanıb. Ağaclar göy barmaqlıqlarla hasarlanıb, göy rəngə boyanmış oturacaqlar qoyulub. Daha bir dəmir barmaqlıqlı qapının qarşısındayıq. Bura qadın şöbəsidir...
AZXEBER.COM xəbər verir ki, Virtualaz.org saytının əməkdaşları Respublika Narkoloji Mərkəzində olaraq narkomaniya kimi bəladan xilas olmaq istəyənlərin müalicəsi ilə maraqlanıblar.
Respublika Narkoloji Mərkəzinin qadın şöbəsində hazırda 4 xəstə müalicə alır.
“Həyat yoldaşım həyatımı məhv etdi”
“Elə bil dördü də gözəllik yarışına qatılıb, çox gözəldirlər” deməyimiz narkoman qadınların üzünü güldürür.
Nərminə Babayeva (ad şərtidir-red.) açıqlama verməkdən çəkinmir: “İki uşağım var, onlara anam baxır. İndiyədək uşaq sevgisinin nə olduğunu bilmirdim. İlahi, narkotik anadan da, uşaqdan da əziz olurmuş. Ana olduğumu hələ indi-indi hiss edirəm”.
27 yaşlı Nərminə Babayeva 6 ildir narkotikdən istifadə edir. Deyir ki, həyat yoldaşının təkidi ilə bir dəfə “dadına” baxmaq istəyib: “Həyat yoldaşım məcbur elədi, mən də kokainin “dadına” baxdım. Bilmirdim ki, ağrılar məni “otuzduracaq”. Məni məhv edən həyat yoldaşımdan ayrıldım, sonradan onu elə narkotikə görə həbs elədilər”.
“Birinci, ikinci, üçüncü dəfə... Və sonradan ayrıla bilmədim. Hamısı bir dəfə dadına baxandan sonra baş verir. Müalicəyə cəhd edirdim, amma düşdüyüm “kruqum” imkan vermirdi” - deyə Nərminə söyləyir.
Qadının sözlərinə görə, müalicədən sonra köhnə tanışları ilə əlaqəsini kəsəcək: “Narkotik hər yerdə satılır. Almağa pulum olmayanda tanışlarım verirdi. Buna görə də onlarla əlaqəni kəsəcəm. Çox peşmanam. Heç kim onun “dadına” baxmağa cəhd eləməsin. Yalandır, “bir dəfə edim, sonra etməyəcəm” deyə bir şey yoxdur. Hamısı elə birinci dəfədən başlayır. “Kruqa” düşürsən, çıxa bilmirsən, ağrı-acı imkan vermir...”
Digər qadınlar danışmaq istəməsələr də onlardan birinin anasının təkidi ilə müalicə olunmağa razılıq verdiyini öyrənirik.
Kişi xəstələrin yatdığı palatalara baxmağa icazə verilməsə də vəziyyəti həkimdən öyrənməyə çalışırıq.
Statistikada 28 min, reallıqda 10 dəfə çox...
Hazırda qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı təxminən 28 minə yaxındır.