İlham Əliyev: ''Biz erməniləri beynəlxalq müstəvidə artıq məğlub etmişik''
Bütün Xəbərlər
08:08 09.10.2012
992
“Mən şübhə etmirəm ki, biz Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olacağıq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”. Bunu Prezident İlham Əliyev Bərdəyə səfəri zamanı bəyan edib. Onun sözlərinə görə, belə nikbin əhval-ruhiyyədə olmasının səbəbi Azərbaycanın uğurlu, sürətli inkişafıdır. Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan və Ermənistanın inkişaf səviyyəsi müqayisəedilməzdir: “Biz irəliyə gedirik, onlar isə geriyə gedir, tənəzzülə uğrayır. Bizim iqtisadiyyatımız artır, onların iqtisadiyyatı faktiki olaraq iflic vəziyyətindədir. Bizdə əhali artır, orada artıq demoqrafik fəlakət yaşanır, demək olar ki, həm təbii artım yoxdur, eyni zamanda, ölkədən kütləvi surətdə köç gedir. Ancaq onların rəsmi statistikasının məlumatlarına görə, ilin birinci yarısında təqribən 70-80 min insan ölkəni həmişəlik tərk edib. Nəyə görə? İnamsızlığa görə. İş yox, ədalət yox və onların işğalçı siyasəti ilk növbədə, özlərinə böyük zərbə vurur. Biz ümid edirik ki, onlar bunu nəhayət, dərk edəcək və torpaqlarımızı sülh yolu ilə boşaldacaqlar. Əgər dərk etsələr, ilk növbədə, öz xalqına tarixi xidmət göstərmiş olarlar. Dərk etməsələr, mən tam əminəm ki, biz o torpaqları istənilən yolla qaytaracağıq, o torpaqlara qayıdacağıq, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa ediləcək”.Prezident İlham Əliyev deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi tarixi ədalətsizlikdir: “İyirmi ildir ki, Ermənistan bütün sülh danışıqlarının mərhələlərində gedən ümidverici meyllərə balta vurur. Razılaşmaya bir balaca yaxınlaşarkən müxtəlif bəhanələrlə ya danışıqlardan yayınmaq üçün cəhd edir, yaxud da ki, ümumiyyətlə danışıqlardan imtina edir. Ona görə iyirmi ildir köçkün soydaşlarımız əziyyət çəkirlər. Bu, əlbəttə ki, xalqımız üçün çox ağır bir haldır. Ancaq eyni zamanda, tarix var və tarix qarşısında məsuliyyət var. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və Azərbaycan torpağı kimi dünya birliyi tərəfindən tanınır, tanınacaq və Azərbaycan torpağı kimi tam şəkildə Azərbaycan dövlətinə inteqrasiya edəcək. Ona görə biz elə çalışmalıyıq ki, münaqişənin həlli tam olsun. Azərbaycanın suverenliyi tam şəkildə təmin edilsin. Əlbəttə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində olmalıdır, başqa variant nəzərdən keçirilmir və biz bu varianta nail olmaq üçün çalışmalıyıq. Bəlkə də danışıqlar bir müddət də aparıla bilər, mən bunu istisna etmirəm. Ancaq danışıqların sonunda biz o torpaqlara qayıdacağıq”.“Mən, əlbəttə istəyirəm ki, biz bunu qan tökülmədən edək. Ancaq biz istənilən varianta hazır olmalıyıq və hazırıq. Bu gün nəinki güclü iqtisadiyyatımız, güclü ordumuz var. Ordu potensialı da, insan potensialı da, vətənpərvərlik hissləri də çox güclüdür”, - İlham Əliyev deyib.“Biz erməniləri beynəlxalq müstəvidə artıq məğlub etmişik”, - deyən dövlət başçısının sözlərinə görə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Ermənistanın acı məğlubiyyətidir: “Qoşulmama Hərəkatında 120 ölkə artıq Azərbaycanın ərazi bütövlüyünü nəinki dəstəkləyir, münaqişənin həllini yalnız ərazi bütövlüyü prinsipi əsasında görür. Bütün digər beynəlxalq təşkilatlarda bizim nüfuzumuz artır. Azərbaycan bölgədə söz sahibidir və biz nüfuzumuzdan, imkanlarımızdan bundan sonra da istifadə edəcəyik ki, Ermənistanı daha da böyük təcridə salaq. Onlar onsuz da bütün beynəlxalq layihələrdən təcrid edilib və biz bu siyasəti əlbəttə ki, gələcəkdə də davam etdirəcəyik. Biz daha da güclü olmalıyıq. Daha da güclü olsaq, məsələ öz həllini tapar”.