İlham Əliyev: ''Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhlükədir''

İlham Əliyev:
Bütün Xəbərlər
08:56 23.11.2012
802
“Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizlik və sabitliyə ən böyük təhlükədir. Əfsuslar olsun ki, müstəqilliyimiz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğal olunması, azərbaycanlılara qarşı etnik təmizləmə və 1 milyon soydaşımızın öz doğma şəhər və kəndlərindən qovulması, öz vətənində qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnən bu münaqişə ilə qeyd olundu”.AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sinqapura səfəri zamanı bəyan edib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət bu münaqişənin həlli ilə bağlı öz yanaşmasını ifadə edib. “Münaqişə ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri əsasında həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir. Buna görə də Qoşulmama Hərəkatına üzv ölkələrin sammiti zamanı Sinqapurun yekdil dəstəyi ədalətə və beynəlxalq hüquqa dəstək əlaməti idi”.
İlham Əliyev əlavə edib ki, bu gün Sinqapur inkişaf, sosial müdafiə, investisiya imkanları və beynəlxalq aləmə açıq olmaq baxımından dünyada lider ölkələrdən biridir: “Xalqlarımız və ölkələrimiz arasında bir çox bənzərliklər vardır. Azərbaycan da inkişaf etməkdə olan müstəqil ölkədir. Bizim üçün müstəqillik illərində keçid dövrü güclü dövlətçilik, eyni zamanda, bazar iqtisadiyyatı və yaxşı investisiya imkanları deməkdir. Ölkənizin nümunəsi yenicə müstəqil olan ölkələr üçün olduqca cəlbedicidir. Buna görə də ölkələrimiz arasındakı əməkdaşlıq təbii olaraq sürətlə və uğurla inkişaf edir. Digər bənzərlik isə Sizin də qeyd etdiyiniz kimi, ölkələrimizin çoxmədəniyyətli olmasıdır. Bu, ölkələrimizin əldə etdiyi ən böyük müsbət keyfiyyətlərdən biridir. Müxtəlif etnik və dini qrupların nümayəndələrinin sülh şəraitində birgə yaşaması ənənələri regionda həqiqətən olduqca xüsusi bir mühit yaradır. Sinqapur kimi Azərbaycan da multikulturalizm prinsiplərinə yüksək dəyər verir. Buna görə də bizim cəmiyyətlərimiz bütün insanlara öz iradələrini ifadə etməyə, eləcə də sülh və əmin-amanlıq şəraitində yaşamağa imkanlar yaradır”.Azərbaycanın dövlət başçısı Azərbaycan və Sinqapur arasında əlaqələrin inkişaf perspektivlərinə də toxunub.: ““SOCAR” və “Keppel” arasındakı əməkdaşlığın artıq uzun tarixi və ənənələri mövcuddur. İndi isə bu əməkdaşlıq yeni sahələri əhatə edərək uğurla inkişaf edir. Azərbaycanda tərsanə inşası bizə regiondakı bütün dövlətlərin faydalana biləcəyi güclü Xəzər donanmasını yaratmağa imkan verəcək. Biz qədim İpək Yolu üzərində yerləşirik. Azərbaycan ilə Avropa arasında dəmir yolu xəttinin inşası və bunun Xəzər dənizi vasitəsilə Asiya regionunu birləşdirməsi, yüklərin daşınması üçün əlavə gəmilərin alınması - bütün bunlar bizim regionun inkişafına töhfəmiz olacaq. Düşünürəm ki, tarixi İpək Yolunun bərpası bu regionda yerləşən bütün ölkələr üçün çox vacibdir”.Prezident İlham Əliyev sinqapurlu həmkarı Toni Tanı Azərbaycana səfərə dəvət edib.
OXŞAR XƏBƏRLƏR