İlham Əliyev: Ermənistan bizimlə rəqabət aparmaq iqtidarında deyil

İlham Əliyev: Ermənistan bizimlə rəqabət aparmaq iqtidarında deyil
Bütün Xəbərlər
10:34 22.09.2012
1229
Xarici siyasətlə bağlı Azərbaycanın qarşısında duran əsas vəzifə Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində deyib: “Bu, bizim nəinki xarici siyasətdə, ümumiyyətlə, ölkə qarşısında duran əsas məsələdir. Bildiyiniz kimi, məsələ uzun illərdir öz həllini tapmır, ədalət, beynəlxalq hüquq normaları pozulur və bu ədalətsizlik davam edir. Azərbaycan bu məsələnin həlli üçün bütün imkanlardan istifadə edir və etməlidir. Diplomatik səylər gücləndirilməlidir və gücləndirilir. Digər amillər də bu məsələnin həlli üçün öz rolunu oynamalıdır və bu istiqamətdə önəmli addımlar atılır. Əgər müstəqillik dövrünə nəzər salsaq görərik ki, bu 20 il ərzində Ermənistan ilə Azərbaycan arasındakı fərq, yəni uçurum daha da böyük olub. Növbəti illərdə bu fərq yalnız və yalnız böyüyəcək və Azərbaycanın üstünlükləri daha da görünəcək”. Dövlət başçısı qeyd edib ki, münaqişənin həlli üçün diplomatik səylər davam etdirilir: “Mən məsələnin tarixi aspekti haqqında dəfələrlə fikirlərimi bildirmişəm, müvafiq göstərişlər vermişəm, o cümlədən bizim alimlərə ki, məsələnin tarixi aspektinə dair tutarlı arqumentlərlə zəngin yeni kitablar dərc edilsin. Bu istiqamətdə də işlər gedir və araşdırmalarımız, əsərlərimiz həqiqəti əks etdirir, yəni, tarixi həqiqət üzərində qurulub. Məsələnin tarixi aspekti də çox önəmlidir. Çünki uzun illər ermənilər öz lobbi qurumları vasitəsilə dünyada belə bir rəy formalaşdırmağa çalışırlar ki, Dağlıq Qarabağ qədim erməni torpağıdır və erməni xalqı əsrlər boyu bu torpaqda yaşayıb. Bunlar tamamilə yalan, təhrif edilmiş məlumatlardır. Hazırda biz bu yalanları ifşa etməklə, həqiqətləri ortaya qoymaqla, eyni zamanda, münaqişənin həlli üçün tarixi bazanı da möhkəmləndiririk. Bildiyiniz kimi, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dağlıq Qarabağın ərazisində yerləşən bütün yaşayış məntəqələrinin toponimləri Azərbaycan mənşəlidir. Nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Yəni, xalqımız əsrlər boyu bu torpaqda yaşamış, yaratmış və bundan sonra da bu torpaqda yaşamalıdır. Biz bunu təmin edəcəyik”. Prezident deyib ki, bu gün Ermənistan ilə Azərbaycan arasında fərq kifayət qədər böyükdür: “Bizim iqtisadiyyat müqayisəedilməz dərəcədə irəliyə gedibdir. Təkcə hərbi xərclərimiz Ermənistanın bütün büdcəsindən iki dəfə çoxdur. Bizim iqtisadi imkanlarımız genişlənir. İqtisadi tərəfdaşlarımızın sayı artmaqdadır, ixrac potensialımız artır. İqtisadiyyat artıq çoxşaxəli iqtisadiyyatdır və bu ilin altı ayının yekunları, - doqquz ayın yekunları bu yaxınlarda bəlli olacaqdır, - göstərir ki, qeyri-neft sektorunda artım on faizdən çoxdur. Yəni, biz istədiyimizə nail ola bilmişik. Enerji resurslarımızdan səmərəli şəkildə istifadə etməklə iqtisadiyyatımızı şaxələndirmişik və bu gün qeyri-neft iqtisadiyyatı uğurla inkişaf edir. Ermənistan isə iqtisadi cəhətdən çıxılmaz vəziyyətdədir. Xarici yardımlar, kreditlər, diasporun ianələri olmasa Ermənistan iqtisadiyyatı tamamilə çökəcək. Bu yaxınlarda onların hətta rəsmi statistik məlumatlarına görə Ermənistanın ixrac nomenklaturası bəlli oldu və orada çox gülməli ixrac məhsulları üzə çıxdı. Yəni, qurbağalar, - bəlkə bu auditoriyada bu barədə danışmaq yersiz olar, - amma bu, reallıqdır. Yəni, bu ölkənin daxili resursları tükənir. İqtisadiyyat çökür. Sənaye iflic vəziyyətindədir. Demoqrafik vəziyyət acınacaqlıdır. Ölkədən hər il yüz minə qədər əhali köç edir və bu proses davam edir. Bu prosesin qarşısını almaq artıq mümkün deyil, o vaxta qədər ki, Ermənistan öz qonşularına qarşı torpaq iddiasında olmağa davam edəcək”. İlham Əliyevin fikrincə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında olması ona özünü gənc, dinamik, müasir, inkişafda olan ölkə kimi göstərməyə imkan verəcək: “Əlbəttə, Ermənistan bu qələbələr qarşısında acizdir, əslində öz məğlubiyyətini etiraf edir. Çünki diplomatlar yaxşı bilirlər ki, Ermənistan da Təhlükəsizlik Şurasına üzv olmaq üçün müraciət etmişdi. Ancaq ondan sonra götür-qoy etdi və anladı ki, onları çox acı və biabırçı məğlubiyyət gözləyir. Çünki Azərbaycan, əlbəttə ki, daha da böyük mövqelərə malikdir. Ermənistan sakitcə bu yarışdan çəkildi. Bütün başqa yarışlardan da çəkilmək zorundadır. Yəni, bizimlə rəqabət aparmaq iqtidarında deyil. Biz gücümüzü artıracağıq. Yenə də deyirəm, tarixi, hüquqi, iqtisadi amillər bizim mövqeyimizi möhkəmləndirir. Bizimlə dost olmaq istəyən ölkələrin sayı artmaqdır. Mən bu işdə səfirliklərin rolunu yüksək qiymətləndirirəm. Çünki biz xüsusilə son bir neçə il ərzində ikitərəfli formatda, böyük irəliləyişə nail ola bilmişik”. Dövləi başçısı hesab edir ki, demoqrafik vəziyyət gələcəkdəçox şeyi müəyyən edəcək: “Bu amil nədənsə o qədər də nəzərə alınmırdı. Ancaq biz görürük ki, ölkələrin imkanları da, nüfuzu da, təsir gücü də bir çox hallarda əhalidən, onun sayından asılıdır. Bizdə bu dinamika müsbətdir. Nazirlər Kabinetinin toplantısında mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Biz elə etməliyik ki, Azərbaycan əhalisi daha sürətlə artsın. Əgər Ermənistan rəhbərliyində reallığı dərk edən adamlar hələ ki, qalıbsa, anlamalıdırlar ki, Azərbaycan ilə qısamüddətli və uzunmüddətli rəqabətdə onları yalnız məğlubiyyət gözləyir. Hazırda əgər onlar danışıqlar masasında olan varianta razılıq verərlərsə və işğal edilmiş torpaqlardan qoşunlarını çıxararlarsa, o zaman öz xalqının gələcəyini təmin etmiş olarlar. Çünki onları gələcəkdə böyük təhlükələr gözləyir. Dünya dəyişir, bölgədə gedən proseslər sizə bəllidir. İstisna edilmir ki, vaxt gələcək və hər bir ölkə təkbaşına öz maraqlarını müdafiə etmək zorunda qalacaq. Azərbaycan buna hazırdır. Çünki onsuz da biz iyirmi il ərzində təkbaşına mübarizə aparırıq. Bəzi hallarda bizdən qat-qat böyük qüvvələr qarşısında öz maraqlarımızı təmin edirik, heç kimin qarşısından geri çəkilmirik”. “Əgər məsələni sülh yolu ilə həll etmək üçün bizə daim mesajlar göndərən tərəfdaşlar doğrudan da istəyirlər ki, bölgədə sülh olsun, Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Çünki əks təqdirdə məsələnin başqa yolla həll edilməsi istisna deyil. Biz bunu heç vaxt istisna etməmişik. Beynəlxalq hüquq bu haqqı bizə verir. Sadəcə olaraq, Azərbaycanın sülhsevər siyasəti, bölgədə gedən proseslərə artan məsuliyyəti və Azərbaycanın bölgədə artıq sabitləşdirici amil kimi çıxış etməsi bizi bu radikal addımlardan hələ ki, çəkindirir. Ona görə məsələnin tezliklə həlli hər tərəfin marağında olmalıdır”, - deyə İlham Əliyev bildirib. Onun sözlərinə görə, rəsmi Bakı məsələnin həllini, bölgədə sülh yaranmasını istəyir: “Bunu vasitəçilər də istəyir. Ancaq bununla bərabər, biz torpaqlarımızı geri istəyirik. Fərq bundan ibarətdir. Nəyin bahasına olursa-olsun, sülh olsun yanaşmasını biz qəbul etmirik. Yəni, məsələnin dondurulması mümkün deyildir. Ermənistan təbii, istəyir ki, məsələ dondurulsun, status-kvo pozulmasın, danışıqlar aparılsın, amma, necə deyərlər, heç bir nəticə əldə edilməsin. Danışıqlar prosesində bir neçə dəfə hesab edirdik ki, biz artıq razılaşmaya yaxınıq. Ermənistanın riyakar mövqeyi, yalançı vədləri imkan vermədi ki, biz razılaşmaya nail olaq. Yəni, bizim üçün sirr deyildir, Ermənistan çalışır ki, məsələni dondursun, nə qədər mümkünsə məsələni uzatsın. Həmsədr ölkələrin prezidentlərinin bəyanatları bizi, əlbəttə, ruhlandırır ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Ancaq bu bəyanatlardan sonra biz konkret addımlar gözləyirdik. Biz nəhayət gözləyirdik ki, işğalçıya çox ciddi siqnallar veriləcək ki, daha bəsdir, bu torpaqdan çıxmasan Azərbaycan məsələni başqa yolla həll edəcək”.
OXŞAR XƏBƏRLƏR