İlham Əliyev: 'Mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar, Vətəni sevirlər'
Bütün Xəbərlər
23:25 21.02.2012
1710
“Mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar, Vətəni sevirlər” “Bu gün şəhərimizin tarixində çox əlamətdar və unudulmaz bir gündür. Bu gün Bakının mərkəzində, şəhərimizin gözəl guşəsində biz böyük şəxsiyyət, Azərbaycan xalqının qəhrəman oğlu Koroğlunun abidəsinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”. “Qafqazinfo” xəbər verir ki, bunu prezidenti İlham Əliyev Koroğlunun xatirəsinə ucaldılmış abidənin açılış mərasimində çıxışı zamanı deyib. “Koroğlu bizim xalq qəhrəmanımızdır. Koroğlu vətənpərvərlik, igidlik rəmzidir. Azərbaycan xalqının qəlbində Koroğlu daim yaşamışdır. Bütün dövrlərdə Koroğlunun xalq qarşısında etdiyi xidmətlər Azərbaycan xalqının xatirəsində yaşamışdır və bu gün də yaşayır. Koroğlu obrazı vətənpərvərlik, igidlik, mərdlik, şücaət obrazıdır. Koroğlu Azərbaycan xalqına xas olan bütün gözəl xüsusiyyətləri özündə əks etdirir. Vətənpərvərlik kimi bu gün də çox vacib olan amil Koroğlu obrazında bariz şəkildə özünü göstərir”. İlham Əliyev deyib ki, gənc nəslin tərbiyə edilməsində "Koroğlu" dastanı çox mühüm bir vasitədir. Çünki gənc nəslimiz vətənpərvərlik ruhunda böyüməli, tərbiyə almalıdır. "Müstəqil Azərbaycanın vətəndaşları öz Vətənini, xalqını sevməlidirlər. Koroğlu xalq içərisindən çıxmış, xalq üçün yaşamış gözəl insan, böyük sərkərdə idi. Koroğlu, eyni zamanda, istedadlı insan idi - həm şair, həm aşıq idi. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqının ən gözəl xüsusiyyətləri onda var idi və bizim gənclərimiz keçmişimizdə olan müsbət obrazları da bilməlidirlər, yaxından, dərindən tanımalıdırlar”. Dövlət başçısı xatırladıb ki, Sovet dövründə də Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın görkəmli şəxsiyyətlərinin şərəfinə abidələr ucaldılıb. "Bu gün bu siyasət davam etdirilir. Bu abidələr bir daha onu göstərir ki, Azərbaycan xalqı nə qədər böyük, nə qədər istedadlı xalqdır, bizim nə qədər böyük tarixi şəxsiyyətlərimiz olmuşdur. Onların fəaliyyəti, həyatı, xalqa bağlılığı bizim üçün də bir nümunədir, örnəkdir. Onlar bu yolu bizə göstərdilər. Bu yol ədalət yoludur. Koroğlu da haqq-ədalətin tərəfində idi. Koroğlu kasıbların tərəfində idi. Koroğlu ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət, sərkərdə, gözəl vətəndaş idi. Biz, bir daha demək istəyirəm ki, gənc nəsli bu müsbət nümunələr əsasında tərbiyə etməliyik. Mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar, Vətəni sevirlər. Bizim vətəndaşlar haqlı olaraq qürur hissi keçirirlər ki, biz hamımız Azərbaycan vətəndaşıyıq".