İlham Əliyev Naxçıvanda - FOTOLAR

İlham Əliyev Naxçıvanda -  FOTOLAR
Bütün Xəbərlər
17:37 01.12.2015
1078
Prezidentin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı”nın yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
AZXEBER.COM  AzərTAc-a istinadən xəbər verir ki, Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına terminalın texniki göstəriciləri barədə məlumat verdi.
Bildirildi ki, yenidənqurma işləri aparılarkən burada uzunluğu 20 metr olan 2 keçid körpüsü, minik və enişlərin təmin olunması üçün 2 teleskopik trap quraşdırılıb.
Ümumiyyətlə sərnişinlərin rahatlığı üçün terminalda bütün zəruri tədbirlər görülüb. Hərəkət məhdudiyyəti olan sərnişinlər üçün 2 lift avadanlığı quraşdırılıb. Uzunluğu 41 metr olan baqaj konveyeri və eskalatorlar istifadəyə verilib. Bütün bu yeniliklər hava limanının sərnişin dövriyyəsini 2 dəfədən çox artıraraq saatda 150-200 nəfərdən 400-450 nəfərə çatdırılmasına imkan verəcək.
Qeyd edək ki, hazırda Naxçıvan Beynəlxalq Hava Limanından Bakı ilə yanaşı, İstanbul və Moskva şəhərlərinə də uçuşlar həyata keçirilir. İlin sonunadək Gəncə şəhərinə də uçuşların bərpa edilməsi nəzərdə tutulur.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokada şəraitində yaşayan muxtar respublika üçün həyati vacibliyi nəzərə alınaraq dövlətimizin başçısının tapşırıqlarına əsasən Naxçıvan Beynəlxalq Hava Limanının modernləşdirilməsi üçün görülən tədbirlər çoxşaxəliliyi ilə seçilir. Ötən bir neçə il ərzində hava limanında yeni inzibati binanın istifadəyə verilməsi, təhlükəsizliyi gücləndirmək məqsədilə müxtəlif təyinatlı yeni maşın-mexanizmlərin alınması, sərnişin daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək - bütövlükdə uçuşların təhlükəsizliyini təmin etmək və aeroportun fəaliyyətini dünya standartlarına uyğunlaşdırmaq istiqamətində çox mühüm addımlar atılıb.
Dövlətimizin başçısı hava limanının imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Daha sonra İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət etdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verdi.
İlham Əliyev dekabrın 1-də Naxçıvana səfəri çərçivəsində yenidən qurulmuş Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun açılışında iştirak edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf nəticəsində paytaxt Bakı ilə yanaşı, respublikanın bütün regionlarında mühüm yol-nəqliyyat layihələri icra olunur, yeni yollar salınır, mövcud magistrallar ən müasir səviyyədə yenidən qurulur, çoxfunksiyalı yol qovşaqları inşa olunur. Artıq bu layihələr rayon, kənd və qəsəbələri də əhatə edir.
Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması belə layihələrin Naxçıvan Muxtar Respublikasında da geniş vüsət aldığını nümayiş etdirir.
Son illərdə Naxçıvanda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən mühüm layihələr sırasında öz yeri olan bu yolun yeni və daha müasir şəkildə istifadəyə verilməsi ilk növbədə, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsaslı tədbirlərdəndir. Yüksək səviyyədə yenidən qurulan bu yol nəqliyyatın rahat və maneəsiz hərəkətinə imkan yaradır.
Dövlətimizin başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəriciləri ilə tanış oldu.
Məlumat verildi ki, Babək rayonunun bir sıra yaşayış məntəqələrini birləşdirən, uzunluğu 16 kilometrə yaxın, eni 7,5 metr olan yol bir il müddətində tamamilə yenidən qurulub. Burada 455 metr uzunluğunda beton kanal çəkilib. Yol boyunca 8 yerdə beton su keçidi, 38 yerdə boru su keçidi tikilib, lazımi yol nişanları və göstəriciləri qoyulub. Ən başlıcası isə bu rahat yoldan həmin ərazidə yaşayan 32 min nəfər sakin istifadə edəcək. Bu magistral təkcə Naxçıvan şəhəri və Babək rayonu üçün deyil, ümumilikdə, muxtar respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir.
Bildirildi ki, bu gün Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, nəqliyyat kompleksinin yenilənməsinə xüsusi önəm verilir. Eyni zamanda, kənddaxili və kəndlərarası yolların da abadlaşdırılması istiqamətində davamlı işlər görülür.
Azərbaycan Prezidenti İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
OXŞAR XƏBƏRLƏR