Bu günə qədər Azərbaycanda 5 minə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi gözəl mənzillərlə təmin edilib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 36 yeni mənzilin orderlərinin verilməsi mərasimində deyib. Dövlət başçısının sözlərinə görə. Növbədə 3 mindən bir qədər çox ailə var: “Onların da problemləri həll olunacaq. İndi biz templəri də artırmışıq, dövlət vəsaitinin həcmi də artıbdır və təsadüfi deyil ki, il ərzində ölkəmizin müxtəlif şəhərlərində belə gözəl binalar tikilir. Bu binalar həm rahatdır, genişdir, mənzillər də çox rahatdır, burada bütün infrastruktur qoşulubdur, su, qaz xətləri, elektrik enerjisi, eyni zamanda, bu binaların xarici görünüşü də gözəldir. Həm şəhər arxitekturasına uyğundur, həm də müasir üslubda tikilib”. Prezident deyib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sahədə də böyük işlər görülür: “Biz bu işləri ardıcıl şəkildə aparırıq. Bildiyiniz kimi, biz ilk növbədə müharibədən ən çox əziyyət çəkmiş insanların problemlərini həll etməyə başlamışdıq. 2007-ci ilin sonuna qədər demək olar ki, bütün çadır şəhərcikləri ləğv edilib. Vaxtilə çadırlarda yaşamış insanları biz yaxşı fərdi evlərlə, mənzillərlə təmin edə bilmişik. İndiki mərhələdə yataqxanalarda, hərbi hissələrdə, məktəblərdə məskunlaşmış qaçqın bacı-qardaşlarımızın problemlərini də həll edirik. Bu proses davam edir və əminəm ki, bu məsələni də biz maksimum dərəcədə həll edəcəyik”.