İlham Əliyev: “Sülh yolu mümkün olmasa, Azərbaycan Ordusu öz sözünü deyəcək”
Bütün Xəbərlər
12:50 25.12.2011
2158
Son illər ərzində Azərbaycanda məcburi köçkünlər üçün onlarla yeni qəsəbələr salınıb. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış qəsəbəsinin açılışında deyib. Onun sözlərinə görə, Ağcabədi rayonunda hazırda tikilməkdə olan 556 mənzildən ibarət qəsəbə mövcuddur: “O qəsəbənin tikintisi ilə bu gün tanış olmuşam. Yəqin ki, gələn ilin əvvəlində məcburi köçkünlər o qəsəbəyə də köçürüləcək. Mənə verilən statistik məlumatlara görə, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün bütövlükdə 4 milyard dollardan çox vəsait xərclənib. Onun 3,7 milyardı Azərbaycan dövləti tərəfindən xərclənib. Həm Dövlət Neft Fondu və həm də Azərbaycan büdcəsi tərəfindən bu məsələlər həllini tapıb”. İlham Əliyev məlumat verib ki, növbəti illərdə, xüsusilə gələn ildən başlayaraq hazırda çətin vəziyyətdə olan məcburi köçkünlərin problemlərinin həlli üçün daha böyük məbləğdə vəsait ayrılacaq: “Təbii ki, biz ilk növbədə, ən ağır vəziyyətdə yaşayanların problemlərini həll etmişik - çadır şəhərcikləri artıq ləğv edilib. İndiki mərhələdə biz fin qəsəbələrində, məktəblərdə, yataqxanalarda, hərbi hissələrin ərazilərində məskunlaşmış köçkünlərin problemlərini həll edirik”. Prezident bəyan edib ki, salınan qəsəbələrin hamısı müvəqqəti yaşayış məntəqələridir: “Bizim torpaqlarımız işğalçılardan azad ediləndən sonra, hazırda işğal altında olan bütün torpaqlarda, o cümlədən Laçında bundan da gözəl qəsəbələr, kəndlər salınacaqdır. Biz bunu edəcəyik. Əminəm ki, bunu etmək üçün imkanımız, gücümüz olacaqdır. İlk növbədə, biz hazırda işğal altında olan torpaqlara vətəndaşlarımızı qaytarmalıyıq. Bunu etmək üçün bilirsiniz ki, danışıqlar aparılır, səylər göstərilir”. Dövlət başçısının sözlərinə görə, Azərbaycan dövləti qarşısında bundan daha vacib məsələ yoxdur. Çünki bütün başqa sahələrdə ölkə uğurla inkişaf edir. Prezident qeyd edib ki, iyirmi illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurları heç kim təkrarlaya bilməz. Azərbaycanda son illər ərzində yaşanan iqtisadi inkişaf dünya miqyasında nadir xarakter daşıyır. “Nə vaxta qədər ki, danışıqlar prosesindəyik, Qarabağ məsələsində hər şey təkcə bizdən asılı deyil. Çünki danışıqların iki tərəfi vardır - bir tərəf Azərbaycan, digər tərəf Ermənistan. Danışıqları aparmaq üçün beynəlxalq format fəaliyyət göstərir. Minsk qrupu 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Amma heç bir nəticə yoxdur. Baxmayaraq ki, bütün beynəlxalq təşkilatların qərarları, qətnamələri Azərbaycanın haqlı mövqeyini müdafiə edir, məsələ öz həllini tapmır”, - prezident deyib. İlham Əliyev bunun səbəbini dünyadakı erməni lobbisi, ermənilərin havadarları, onlara dəstək verənlər buna imkan verməməsi ilə əlaqələndirib: “Biz görürük ki, erməni lobbisi bəzi böyük ölkələrin siyasətinə də öz təsirini göstərir. O ölkələrin öz maraqlarına zidd olan qərarların çıxarılmasına nail olur. Bu, həqiqətdir. Bizə qarşı təkcə Ermənistan mübarizə aparmır. Ermənistan bizim qabağımızda böyük qüvvə deyil. Bizə qarşı dünya erməniliyi və onların çirkli pulları ilə idarə edilən riyakar siyasətçilər mübarizə aparırlar. Hər gün Azərbaycana qarşı mübarizə aparırlar. Məhz buna görədir ki, təxminən 20 il ərzində Minsk qrupu fəaliyyət göstərir, amma heç bir nəticə yoxdur. Nəticəni əldə etmək üçün çox böyük addımlara ehtiyac yoxdur. Sadəcə olaraq beynəlxalq təşkilatların, BMT-nin, onun Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. Beynəlxalq ictimaiyyət tələb etməlidir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çəkilsin və imkan versin Azərbaycan vətəndaşları o torpaqlara qayıtsınlar. Çünki bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ nəinki Azərbaycanın tarixi torpağıdır, - bunu biz hamımız yaxşı bilirik, - beynəlxalq hüquq normaları da Dağlıq Qarabağı Azərbaycan torpağı kimi tanıyır. Bəs nə üçün bu qətnamələr icrasız qalır?! Yenə də deyirəm, dünya erməniliyinin və onların arxasında dayanan antiazərbaycan qüvvələrinin fəaliyyəti nəticəsində bu məsələ bax belə dondurulmuş vəziyyətdədir. Ancaq bununla bərabər, mən bunu bir neçə dəfə demişəm, bu münaqişə dondurulmuş münaqişə deyil və heç vaxt ola bilməz. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz çalışacağıq və çalışırıq ki, bu məsələni tezliklə öz xeyrimizə ədalətli şəkildə həll edək. Bu məsələnin ədalətli həlli yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir”. “Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və bərpa ediləcəkdir. İşğal edilmiş bütün torpaqlarda Azərbaycanın suverenliyi təmin edilməlidir və ediləcək. Mən buna şübhə etmirəm. Sadəcə olaraq biz hamımız istəyirik ki, bu, daha da tezliklə öz həllini tapsın, köçkünlərimiz tezliklə öz doğma torpaqlarına qayıda bilsinlər. Mən şəxsən tam əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu deməyə əsas verən bir neçə amil var. Bu barədə mən dəfələrlə fikirlərimi bildirmişəm. Həm bizim artan siyasi çəkimiz, həm iqtisadi gücümüz, ən önəmlisi ondan ibarətdir ki, indi lazımi səviyyədə hərbi gücümüz , - bunu daha da artıracağıq, - artan əhalimiz vardır. Yəni, bütün bu regional geosiyasi məsələləri həll edən amillər bizim mövqeyimizi dəstəkləyir. İllər keçdikcə biz daha da güclənəcəyik, Ermənistan daha da zəifləyəcəkdir. Nə qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistana qarşı bütün cəbhələrdə mübarizə aparılır və aparılacaq”, - dövlət başçısı əlavə edib. İlham Əliyev bildirib ki, Laçın Azərbaycanın gözəl guşələrindən biridir və laçınlılar bütün dövrlərdə Azərbaycana, azərbaycançılıq fəlsəfəsinə sadiq olublar: “Bu gün də bu, belədir. Laçının işğal altına düşməsi təkcə laçınlıların deyil, bizim hamımızın böyük faciəsidir. Çünki Laçının gözəl abidələri indi dağıdılıb. Bizim dini abidələrimiz dağıdılıb. Muzey eksponatlarımız talan edilibdir, evlər dağıdılıb. Laçınlıların evlərində indi düşmənlər yaşayır. Bu da bir dərddir. Evin sökülməsi dərddir, amma evdə düşmənin yaşaması ondan da böyük dərddir. Çünki bilirsiniz ki, Laçın rayonunun mərkəzində sizin evlərinizdə indi düşmənlər yaşayır. Yəni, bu vəziyyətlə barışmaq mümkün deyil və biz bu vəziyyətlə barışmayacağıq. Laçının işğal altına düşməsi, eyni zamanda, başqa rayonların işğal altına düşməsinə gətirib çıxarıb. Çünki 1992-ci ilin mayında əvvəl Şuşa, ondan bir neçə gün sonra Laçın işğal altına düşmüşdür. Ondan sonra 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşmüşdür. Beləliklə, Ermənistan ilə Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılıb. Heç vaxt bu bağlantı yox idi. Dağlıq Qarabağ Azərbaycanın mərkəzində yerləşən bir tarixi, əzəli Azərbaycan torpağıdır. Onun ətrafında yerləşən torpaqlar, o cümlədən Laçın Azərbaycan torpağıdır. Onun indiki Ermənistana aid olan ərazilərində də, İrəvan xanlığında da azərbaycanlılar yaşayıblar. İndiki Ermənistan Azərbaycan torpağıdır. Biz bunu bilirik. Tarixi sənədlər də bunu göstərir. Beləliklə, Laçının işğal altına düşməsi digər rayonların da işğal altına düşməsinə gətirib çıxarmışdır. Mən tam əminəm ki, - bu gün hörmətli ağsaqqalla söhbət əsnasında bir daha bu barədə öz fikirlərimizi bildirdik, - əgər o vaxt ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt bir qarış torpaq düşmənin işğalına məruz qalmazdı. Düşmənlərimiz də bunu bilirdilər və ona görə Heydər Əliyev hələ Bakıdan Moskvaya işləməyə gedəndə ona qarşı kampaniya başlamışdı. Ləkələmə, qaralama, qarayaxma kampaniyasına başlamışdılar - həm ermənilər, erməni millətçiləri, həm də burada, Azərbaycanda yaşayan antimilli qüvvələr. Heydər Əliyev Siyasi Bürodan istefa verəndən bir neçə gün sonra ermənilər Qarabağ məsələsini qaldırıblar və ondan sonra müharibə başlayıb. Əfsuslar olsun ki, o vaxt Azərbaycanın başında dayanan insanlar xalqın etimadını nəinki doğrulda bilməyiblər, cinayət törədiblər. İndi biz bu vəziyyətlə üzləşmişik”.