Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Argentina Respublikasının turizm naziri Karlos Enriki Meyeri qəbul edib.AZXEBER.COM-un məlumatına görə, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında son illər ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirib.Prezident İlham Əliyev Argentinada Azərbaycanın səfirliyinin fəaliyyətə başlamasının əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından önəmini qeyd edib. Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Argentinanın turizm naziri Karlos Enriki Meyerin Azərbaycana səfərinin münasibətlərimizin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.Argentinanın turizm naziri Karlos Enriki Meyer ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib. Əməkdaşlığın inkişafında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayan qonaq bu baxımdan rəhbərlik etdiyi nazirlik tərəfindən Azərbaycanın turizm sektoru nümayəndələrinin Argentinaya təşkil olunacaq səfərinin önəmini qeyd edib. O, Azərbaycanda hər il keçirilən ənənəvi turizm sərgisində ölkəsinin turizm şirkətlərinin də iştirak etmək arzusunda olduğunu bildirib.Görüşdə əlaqələrimizin möhkəmlənməsində 2013-cü ildə Argentinada keçiriləcək Azərbaycan mədəniyyəti günlərinin önəmi qeyd olunub.