İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı 2020-yə dəstək oldular - FOTO

İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı 2020-yə dəstək oldular - FOTO
Bütün Xəbərlər
17:39 20.03.2012
2224

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkda baharın gəlişi ilə bağlı təşkil olunmuş Novruz şənlinklərinə baş çəkərkən Bakının 2020 Yay Olimpiya Oyunlarına namizədliyi üçün keçirilən imzatoplama kampaniyasına öz imzaları ilə dəstək olublar.

Bakı 2020 Təşkilat Komitəsindən AZXEBER.COM-a verilən məlumata görə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəalları Qəmər Əlizadə, Kənan Abbaslı və Ozal Rəhimov ölkə başçısına və birinci xanıma imzatoplama kampaniyası haqqında məlumat verərək, onların imza vərəqələrini qeydə aldılar.

Beş gün ərzində Bakının 2020 Olimpiya və Paralimpiya Oyunlarına ev sahibiliyinə namizədliyini dəstəkləyən 100.000-dən çox imza toplanılıb.

Kampaniyanın uğurla keçdiyini qeyd edən Bakı 2020 Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva bildirmişdir: “Bu imzalar Azərbaycanın bütün şəhər və rayonlarında Bakı 2020 Təşkilat Komitəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən keçirilən dəstək kampaniyası çərçivəsində toplanmışdır. Qısa müddətdə yığılan çoxsaylı imzalar Azərbaycan xalqının Olimpiya və Paralimpiya oyunlarının ölkəmizdə keçirilməsinə dəstəyinin göstəricisidir”. O, həmçinin qeyd etmişdir ki, bu göstəricilər yaxın vaxtlarda beynəlxalq müstəqil sorğu təşkilatı tərəfindən aparılmış sorğunun nəticələri ilə üst- üstə düşür. Beləki həmin sorğunun nəticələrinə görə ölkə əhalisinin 95% -i Bakıda Olimpiya oyunlarının keçirilməsini dəstəkləyir.

Könül xanım Bakı 2020 Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi edərsə bunun ölkəmizin sosial - iqtisadi inkişafına təkan verəcəyinə əmin olduğunu bildirmişdir.

Belə bir kampaniyaya təşkilatçılıq etməkdən məmnun olduğunu bildirən ATGTİ-nin sədri Şahin İsmayılov isə qeyd etmişdir: “ İmzatoplama kampaniyasının cəmi beş gün öncə başlamasına baxmayaraq, Bakı şəhəri üzrə 40000, regionlar üzrə 60000-dən çox imza, ümumilikdə isə 100000-dən çox imza toplanmışdır. Təbii ki, biz bununla kifayətlənmirik. Mart ayının 31-ə qədər müxtəlif ali və orta ixtisas təshil müəssisələrində paytaxtın ticarət mərkəzlərində, metronun 28 May, Sahil, İçəri Şəhər, 20 Yanvar və başqa stansiyalarında, eləcə də şəhərin mərkəzi küçələri və meydanlarında paytaxt sakinlərini imzatoplama kampaniyasına dəstəyini qazanmaq üçün səylərimizi davam etdirəcəyik.

Şahin İsmayılov həmçinin, imzatoplama kampaniyasının yalnızca sorğu vərəqələri ilə deyil, həmçinin, social media vasitələrinin köməkliyi ilə onlayn da həyata keçirildiyini, Azərbaycanın mobil operatorlarından olan Azercell Telekomun da sms aksiyası keçirərək imzatoplama kampaniyasına dəstək olduğunu bildirmişdir.

Xatırladırıq ki, Bakının 2020 Yay Olimpiya Oyunlarına namizədliyi üçün keçirilən dəstək imzatoplama kampaniyası 14 mart Bakı 2020 Təşkilat Komitəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən start götürmüşdür. Olimpiya çempionları Fərid Mənsurov və Zemfira Meftahəddinova dəstək imza kampaniyasının başlamasında birbaşa iştirak etmişdir.

OXŞAR XƏBƏRLƏR