İlhamiyyə Rza: “Azərbaycan şərabı almaq istəmədiyim üçün satıcı az qala məni öldürəcəkdi” – MÜSAHİBƏ

GƏNCLİK
01:58 15.10.2011
4788

Vətənpərvərlik hər bir insanda aprior olaraq mövcuddur

nahalıqda vətən həsrəti, vətən sevgisi yaşamaq olar, ancaq vətənpərvərlik toplum içində formalaşıb yaşanan hissdir.

Başımı da kəssəniz, korrupsionerin vətənpərvər olduğuna inanmaram.

“Ordu bir cəmiyyətdə vətənpərvərlik hissinin artmasına da enişinə səbəb ola bilər”.

Elmar Hüseynov jurnalistikamızın şəhididir.

Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.Festivalla bağlı AZXEBER.COM portalı tanınmış jurnalist İlhamiyyə Rzanın fikirlərini öyrənib. Müsahibəni olduğu kimi təqdim edirik.

Vətənpərvərlik hər bir insanda aprior olaraq mövcuddur

- Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı keçirilir.Bu festivala münasibətiniz?

-Təşəbbüsü çox yüksək qiymətləndirirəm. Bu günə kimi bir çox festivallar, müsabiqələr keçirilib. Bəziləri hətta insanda ikrah hissi oyadır. Fikirləşirsən ki, görəsən bu nəyə xidmət edir, nə üçündür?Belə ideoloji yükü olan festival isə olmayıb. Ümid edirəm ki, bu cür təşəbbüs yaxşı bir ənənəyə çevriləcək.

-Qeyd etdiniz ki, bu cür festivalların keçirilməsi gələcəkdə yaxşı bir ənənə halını alacaq. Sizcə, bu cür ideoloji yükü olan festivalların keçirilməsinin gənclər üçün nə kimi bir nəticəsi ola bilər?

-İlk növbədə, Yaradıcı gənclər özlərinə inam hissi qazanacaqlar . Dəyərləri yaxşı mənada atracaq, görəcəklər ki, tək müğənni və idmançılara deyil , əsl sənətə, yaradıcılığa da maraq var, diqqət ayırılır. Bir vətəndə ki, əsl dəyərlərə və onların daşıyıcılarına qiymət var, onu sevməyə dəyər. Yəni dolayısı ilə bütün bunlar vətənpərvərlik hisslərinin aşılanmasına xidmət edəcək. Məncə onlar üçün çox şey dəyişəcək, müsbətə doğru. Necə deyərlər, yaşayarıq görərik.

-İlhamiyyə Rza üçün vətənpərvərlik nədir?

-Vətənpərvərlik hər bir insanda aprior olaraq var. Sadəcə müxtəlif dövrlərdə bu özünün zirvə nöqtəsinə çatır, yada tamamilə yox olur. Bir çoxları düşünür ki, vətənpərvərlik tərbiyə edilən, aşılanan bir hissdir. Uşaqlıq dövrü üçün bu, bəlkə doğurdan da belədir. Lakin insan böyüyüb ətrafını dərk etdikcə, cəmiyyətdə baş verənləri özü qiymətləndirməyi öyrəndikcə, ona aşılanmış vətənpərvərlik hisslərində sözssüz ki, müəyyən dəyişikliklər baş verir. Əslində, səmimi danışsaq, haqqında danışdığımız festival, məhz bu hisslərin aşılanması, tərbiyə edilməsi mərhələsinə aiddir və məhz bu mərhələdə faydalıdır. Lakin sonra daha ciddi mərhələ gəlir. Vətən nədir, onu nə üçün sevməliyəm, o da məni sevrimi? Bu kimi suallar və onların cavablarından asılı olaraq hər bir kəs özünün vətən dünyagörüşünü və ona sədaqət hissini formalaşdırır. Vətənpərvərlik, hardasa sevgidən daha çox sədaqət anlayışına daha yaxındır. Ruslarda belə bir ifadə var, valideynləri biz özümüz seçmirik. Yəni yaxşısı da bizimdir, pisi də. Belə çıxır ki, biz seçmədən sevməliyik. Amma məntiq bunu demir.Elə şeylər var ki, valideynlərə də keçmək olmaz. Odur ki, vətən və vətən sevgisi də, boğazdan yuxarı deyilmiş fikir və hisslər deyil. Bu, dərk edilmiş şəkildə yaşanan duyğulardır, həm də tək duyğu deyil, bizim həyat tərzimizi diqtə edən, dəyərlər sistemimizi formalaşdıran vacib bir amildir. Məsələn, sən vətənpərvərsəndə, xəstəni ancaq pula görə müalicə edə bilməzsən, yaxud, vətənpərvərsənsə, necə rüşvət ala bilərsən? Biz müharibədən danışırıq, döyüşdən, qəhrəmanlıqdan... indi savaş yoxdur, amma gündəlik həyatımız başdan başa bir savaş deyilmi? Az qala evdən küçəyə çıxdığın andan başlayaraq neçə “düşmən həmləsini” dəf etməli oluruq? Qanunla sənin haqqın olan şeyləri, məsələn adi bir arayışı almaqdan ötrü nə qədər vaxt və əsəb, həmçinin də pul itirməli oluruq? Bu məyər düşmən münasibəti deyil? Ara sıra korrupsiya ilə mübarizə kampaniyaları başlayır. Nəticəsi varmı? Yoxdur, olmayacaq da. Çünki, bu, kampaniya xarakteri daşıyır. Çünki, qığılcım effekti yaratmaq üçün düşünülüb. Heç fikirləşirikmi , bəlkə, elə özmüzdən başlayaq? Rüşvət verməyək? Bir müddət əsəblərimizin, rahatlığımızın qayğısına qalmadan dartışaq, mübahisə və inad edək, bir sözlə, özümüzə əziyyət verək, amma alçaq rüşvətxora rüşvət verməyək? Bu qədər sadə... Və bu qədər çətin bir şey... amma bunu hər kəs etsə super bir nəticə verəcək bir şey.

Odur ki, təklikdə vətənpərvər olmaq mümkün deyil. Bu hissi biz yalnız böyük toplum içərisində olarkən anlayıb yaşaya bilərik. Əlbəttə, deyə bilərsiniz ki, vətənpərvərlik hissi qürbətdə olarkən insanda özünü daha çox büruzə verir. Mən vətəndən kənarda yaşayan insanların vətənpərvəliyini şübhə altına almaq istəmirəm. Ancaq tənhalıqda, qürbətdə yaşanan hiss daha çox vətən həsrəti, vətən sevgisidir, nostaljidir... Mənim üçün əsl vətənpərvərlik burada olub vətəni sevmək və vətən haqqında düşünməkdir, onun dərdini çəkmək, nələrisə yaxşıya doğru dəyişdirə bilməkdir. Çünki , bu daha çətindir, vətənin bu halında onu sevmək, doğrudan da qəhrəmanlıqdır

Başımı da kəssəniz, korrupsionerin vətənpərvər olduğuna inanmaram.

-Bəs bir jurnalist üçün vətənpərvərlik nə məna daşıyır?

Hesab edirəm ki, peşəsindən asılı olmayaraq hər bir insan öz peşəsi ilə lazimi qaydada məşğul olursa, bu elə onun vətənpərvərliyidir.

-Sizcə, jurnalistin vətəni var, yoxsa yoxdur?

Məncə, jurnalistin vətəni var. Sadəcə jurnalistin vətəni ənənəvi vətən anlayışından daha genişdir. Jurnalistin vətəni həm də vicdan, dürüstlük, ədalətdir. Məsələn, Mənim başımı da kəssəniz, korrupsionerin vətənpərvər olduğuna inanmaram. Birmənalı şəkildə.

Ümumiyyətlə jurnalistin peşəkarlığı heç vaxt onun vətən anlayışı və insan dəyərləri ilə ziddiyyət təşkil etməməlidir. Edirsə, demək, nəsə səhvdir, demək, peşəkar yanaşılmayıb, yalan yazıb və s. Mən başa düşürəm, siz əslində, hansı halları nəzərdə tutursunuz. Lakin hesab edirəm ki, dövlət sirrinin qeydinə jurnalistlər deyil, bu sirrin qorunmasına cavabdeh olanlar qalmalıdırlar. Jurnalistin missiyası isə cəmiyyəti məlumatlandırmaqdır. Bu sirrlər lazımınca qorunmursa, elə ən azı onların qorunmadığı barədə məlumatlandırmalıdır cəmiyyəti vəs. Yaxud orduda iyrənc hallar baş verirsə, bunu mütləq və mütləq cəmiyyətə çatdırmaq lazımdır. Və burda heç kim və heç bir məntiqlə jurnalisti ordunu gözdən salmaqda ittiham edə bilməz. Belə missallar çox gətirmək olar.

-Az öncə özünüz qeyd etdiniz ki, jurnalistin vətəni var. Bu zaman neqativ halları işıqlandırarkən biz nə dərəcədə dürüst ola bilərik? Axı bizim vətənimiz varsa, o zaman bizi izləyən düşmən mətbuatı da var. Sizcə bu zaman jurnalist nə etməlidir?

Dürüst olmalıyıq . Təkrar edirəm, Jurnalistin vətəni dürüstlükdür, ədalətdir, vicdanlılıqdır. Mən, ümumiyyətlə, hesab edirəm ki, orduda baş verənlər cəmiyyətdə vətənpərvərlik hissinin azalıb-çoxalmasında güclü təsir edir.Yəni ordunun durumu, gücü, qüdrəti istənilən bir cəmiyyətdə vətənpərvərlik hissinin çoxalmasına da səbəb ola bilər, onun enişinə də. Baxın, festivalın adı Mübarizin adı ilə bağlıdır. Bu, cəmiyyətdə vətənpərvərlik hislərinin oyanması üçün düzgün bir seçimdir. Amma təsəvvür edin ki, Orduda baş verən neqativ hallar, Mübarizin öz ölümü ilə ütəklərimizdə cücərtdiyi vətənpərvərlik hissinə nə böyük bir zərbədir. Əgər jurnalist vətənini sevirsə, peşəsinə sadiqdirsə, vətənində baş verən neqativ hallara, hər hansı bir çatışmazlığa göz yuma bilməz. Və öz sənətinin peşəsinin Mübarizinə çevrilə bilməz. Burda Mübariz sözünü genişmənada işlətdim.

Elmar Hüseynov mənim üçün jurnalistikamızın şəhididir.

-Jurnalistikada sizin Mübariziniz kimdir?

Elmar Hüseynov mənim üçün jurnalistikamızın şəhididir. O öz qələmi ilə mübarizə aparırdı və əsl vətənpərvərlik sərgiləyirdi. Gördüyü heç bir neqativ hala laqeyd qalmırdı. O bütün jurnalistlərə örnək olmalıdır. Onun qatillərinin bu günə qədər tapılmaması isə vətənpərvərliyin enişinə səbəb olan daha bir səbəbdir. Məhz belə halların toplusundan yaranır vətənpərvərlik anlayışı.

-İlhamiyyə xanım, bəs hazırda jurnalistikada yaşayan Mübarizlər varmı?

Təəssüf ki, bunu görmürəm. Peşə fəaliyyətinə görə, əziyyət çəkən, sıxışdırılan jurnalistlər var əlbəttə. Lakin bu, ümumiyyətlə həmin peşənin təhlükəli bir peşə olmasından irəli gəlir. Dünyanın hər yerində jurnalist fəaliyyəti bu və ya digər dərəcədə və fərqli səbəblərdən təhlükəlidir. Təəssüf ki, bizdə bu təhlükə məhz söz və ifadə azalığının məhdudluğu ilə əlaqədardır. Lakin məhz belə bir şərait jurnalist peşəkarlığını cilalamaq üçün əlverişli bir şərait yaradır. Yəni sən məlumatı son dərəcə peşəkarlıqla verməlisən. Faktlarla silahlanmalısan, ön yarğılı, qərəzli olmamalısan, balansı, obyektivliyi qorumalısan.

-O zaman Mübariz olmaq üçün mütləq şəhid olmaq lazımdır. Siz mənim bu fikrimlə razısınızmı?

Bu ənənəvi yanaşmadır. Bəli, bizdə bəzən ölməlisən ki, sənin xidmətlərini görsünlər, qiymətləndirsinlər. Belə yanaşmanın özü də, vətənpərvərlik hisslərinə zərbədir. Çox vaxt istedadlı bir həmvətənlimizin ölkədən kənarda tanınması daha tez baş verir, nəinki öz vətənində. Ancaq özgələrin qiymət verdikllərinə biz gözüyumulu qiymət veririk. “Nə danışırsınız? Filankəs filan yerdə məşhurdur”, vəssalam. Yaxud bunun tam əksi, bizim olan , bizə məxsus olan nələrinsə lazım olduğundan daha çox dəyərləndirilməsi ... Bu yaxınlarda hədiyyə üçün şərab axtarırdım. Satıcı qadın Azərbaycan şərabı almaq istəmədiyim üçün az qala məni öldürəcəkdi. “Nədən özümümzün heç nəyimizi bəyənmirik? Elə qaçırıq fransız, italyan şərablarının üstünə??” deyə hayqırıb üstümə gələndə, sakitcə soruşdum ki, xanım, heç siz o şərabları dadmısınız? Məlum oldu ki, xanım ümumiyyətlə içən deyil. Uzun sözün kəsəsi, yalançı patriotizm ikrah doğuran bir şeydir və bizi, ölkəmizi, əksinə, çox gülünc bir vəziyyətə qoyur.

-Sizcə, gənclərimiz hazırda hansı jurnalisti özlərinə örnək görürlər?

Bir qismi, Qarabağ müharibəsində həlak olmuş Alı Mustafayev, Çingizı, Salatını digər qismi də Qənirə Paşayevanı örnək kimi görür.

Elmar hüseynova örnək kimi baxanlar daha çox orta nəslin nümayəndələridir. Hesab edirəm ki, örnək - insan tək peşəkarlığı ilə deyil, həmçinin şəxsi keyfiyyətləri ilə örnək olmalıdır ilk növbədə.

-Sonda festivalın işinə münasibətiniz?

Bir daha bütün idarə heyətinə və iştirakçı gənclərər uğurlar arzu edirəm. Arzu edirəm ki, bu festivaldan sonra yeni yaradıcı gənclər ortaya çıxsın və gələcəkdə onlara baxıb vətənin bir parçası kimi onlarla fəxr edə bilək. Bir də arzu edirəm ki, çox zaman olduğu kim, vətən sözü, vətənpərvərlik anlayşı istismar edilməsin.

-Təşəkkür edirəm...

Sağ olun.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR