Çimərliyə gedərkən hansı qidaları aparmaq olmaz? - Xəbərdarlıq

Çimərliyə gedərkən hansı qidaları aparmaq olmaz? - Xəbərdarlıq
SOSİAL
00:17 04.08.2026
185
Yay mövsümündə havanın temperaturunun yüksəlməsi qida məhsullarında mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır və qida zəhərlənməsi riskini artırır. Bu səbəbdən istirahətə və ya piknikə gedərkən qida təhlükəsizliyi və şəxsi gigiyena qaydalarına riayət etmək vacibdir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Mütəxəssislər tövsiyə edirlər ki, piknik zamanı tez xarab olmayan və daşınması rahat qida məhsullarına üstünlük verilsin. Çiy ət daşındıqda portativ soyuducudan istifadə olunmalı, çarpaz çirklənmənin qarşısını almaq məqsədilə isə ət digər qidalardan ayrı və soyuducunun alt hissəsində saxlanılmalıdır.

Turizm və ictimai iaşə obyektlərində qidalanarkən masaların, qab-qacağın və istifadə olunan avadanlıqların təmizliyinə diqqət yetirilməlidir. Eyni zamanda, qida obyektlərində sanitariya-gigiyena tələblərinə əməl olunması və işçilərin şəxsi gigiyena qaydalarına riayət etməsi vacibdir.

Piknik zamanı qidalar təmiz səth və ya örtük üzərində saxlanılmalı, bişirilmiş yeməklər isti hava şəraitində iki saatdan artıq otaq temperaturunda qalmamalıdır. Əks halda, qidalarda bakteriyalar sürətlə çoxalaraq qida mənşəli xəstəliklərin yaranmasına səbəb ola bilər.

Sadə qida təhlükəsizliyi və şəxsi gigiyena qaydalarına əməl etməklə yay mövsümündə sağlam və təhlükəsiz istirahət etmək mümkündür.
OXŞAR XƏBƏRLƏR