İmişlinin deputatı 11 yaşlı qızın ana olmasından danışdı: "O ailə ..."

SOSİAL
17:36 30.10.2021
5517
"Mən o ailəni tanımıram, öyrəndim ki, o qadın Saatlıdandır, İmişliyə gəlin gəlib. İki uşağı var - bir qızı, bir oğlu var".

Bu sözləri AZXEBER.COM- açıqlamasında İmişlidən deputat seçilən Razi Nurullayev deyib. 

Deputat bildirib ki, bu faciədə təkcə bir ailəni günahlandırmaqla kifayətlənmək olmaz:

"Qızın başına gələn hadisədən xəbərdarıq. Həyat yoldaşı ölüb, ikinci dəfə qeyri-rəsmi nikahla yaşayır. İndi də bu hadisə baş verib. Onlar da İmişlidə yaşayıb, mən o ailəni tanımıram, mən də birinci dəfə eşitdim. Ola bilər, bəlkə də nə vaxtsa görmüşəm, görüşə gəliblər, deyə bilmərəm, çünki mən hər kəsi şəxsən tanıya bilmirəm. 

Amma bu, çox ağır bir faciədir və bu faciənin yaşanmasında təkcə bir valideyni, bir ailəni qınayıb kifayətlənmək düzgün deyil. Çünki bu, yalnız bu məsələ ilə bitməyəcək. Burada çox ciddi stereotiplər var. Biz bu stereotipləri aradan qaldırmasaq, bu cür faciələr  yenə təkrarlanacaq".

Razi Nurullayev qeyd edib ki, bu cür faciələrin qarşısını almaq üçün bəzi ciddi problemləri aradan qaldırmaq lazımdır:

"İlk növbədə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin rayonlarda şöbələri, işçiləri var, rayon icra hakimiyyətinin nümayəndələri var, komitələr, bələdiyyələr var ki, onlar bütün hansı ki, narahat, şübhə doğuran, məktəbə uşağını göndərməyən ailələr var ki, onlar nəzarətə götürülməlidir. Onlarla psixoloji söhbətlər aparılmalıdır. 

İkincisi, bizim cəmiyyətdə belə bir stereotip var ki, bir ailənin, uşağın problemi varsa, qorxusundan onu demir. Çünki o qorxur ki, cəmiyyət onu qınayacaq, onu doğulduğuna peşman edəcək. Bu səbəbdən gizlədir, problem günü-gündən böyüyür və sonda bu cür faciələrlə nəticələnir. 

Üçüncüsü isə, ümumiyyətlə, bu Aran zonalarında, o cümlədən İmişlidə, hətta mən məktəbdə oxuyan zaman qız uşaqları 4-cü, 5-ci sinifdən sonra orta məktəbə getmirdilər. İndi bu, bir az dəyişilib, qızlar məktəbə gedir, amma hamısı yox. Oxuma faizi də çox aşağıdır, bu, bir az da cahillikdən irəli gəlir. Fikrimcə, şagirdlərin məktəblərə davamiyyətinə də ciddi nəzarət edilməlidir. Məktəbə getməyən uşaqlar nəzarətə götürülməlidir ki, niyə məktəbə buraxılmır. Eyni zamanda məktəbdə tərbiyəçi ilə, müəllim ilə şagird arasında elə bir münasibət yaradılmalıdır ki, şagird dərdini açıb ona danışa bilsin. 

Yoxsa bizdə uşaq gedib müəlliminə dəyəcəksə, başına iş gəlib, o da onu "dışlayacaqsa", ona kömək göstərməyəcəksə, onu əxlaqsızlıqda günahlandıracaqsa və ya qorxacaqsa ki, onu məktəbdən qovacaqlar, o zaman biz cəmiyyət olaraq bu insanlara sahib çıxa bilməyəcəyik. 

O ailə günahkardır, uşağın başına bu cür oyun açıblar, danışanda adamın tükləri biz-biz olur. İndi hüquq-mühafizə orqanları bununla məşğuldur, uşaq da  Bakıya göndərilib, ekspertizadan keçirilib. Bundan sonrakı vəziyyəti onlar araşdırmalıdır və ümid edirəm ki, cəmiyyətə də yaxın zamanda o məlumatı açıq şəkildə verəcəklər".

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR