AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevə həsr olunmuş müxtəlif kitablardan ibarət sərgi ilə tanış olmuşlar.
Azərbaycanın Cindəki səfiri Lətif Qəndilov mərasimi acaraq dünyaşöhrətli siyasətçinin keçdiyi şərəfli həyat yolundan danışaraq bildirmişdir ki, ulu öndər sovet və müstəqillik dövründə Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamışdır.
Dahi şəxsiyyətin nəinki zəmanəmizin, eləcə də bəşəriyyət tarixinin ən görkəmli siyasi və dövlət xadimləri sırasında layiqli yer tutduğunu qeyd edən səfir, Azərbaycan ilə Çin arasında dərin tarixi köklərə malik dostluq əlaqələrinin inkişafında da ulu öndərin rolunu xüsusi vurğulamışdır.
Digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin xalqımızın müstəqilliyi, suverenliyi və tərəqqisi uğrunda ağır mübarizədə keçən məşəqqətli və şərəfli həyat yolundan bəhs etmişlər. Qeyd olunmuşdur ki, Azərbaycanın hazırkı dövrdə sürətli inkişafının təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.