"Azxeber Media”nın "Gəl danış" rubrikasının növbəti qonağı aktyor, rejissor Kənan Mahmudovdur.
"Tarkan Azərbaycanda doğulsaydı maksimum xalq artisti və ya əməkdar atist ola bilərdi."
- Kənan bəy, son layihəniz olan "Günahsız Günahkar" serialına olan maraq necədir?
- Maraq yaxşıdır. Serial ümumiyyətlə, ən çox əyalətdə yaşayan insanlar və xüsusən də xanımlar üçün nəzərdə tutulur. Bu işə girmədən öncə bunu nəzərə alaraq çəkirsən. Çünki təcrübə göstərir ki, seriala ən çox evdar və bölgələrdə yaşayan xanımlar baxır. Çünki şəhər əhli o saatlarda işdən çıxır, şəhərin tıxac vaxtına düşürlər. Biz də bunu nəzərə alaraq əvvəldən planlaşdırılmış şəkildə bölümləri çəkmişdik. Kanal və tamaşaçı yaxşı qarşıladığı üçün bölüm sayını uzatmalı olduq və daha 20 bölüm çəkməli olduq. İnandırım sizi ki, bu serial efirə getdikdən sonra ən çox qohumlarım, yaxın çevrəm məndən küsməyə başladı. Hər kəs növbəti bölümdə nə olacağını soruşur. Amma bunu demək olmaz. Bu sualı tək mənə yox, komandada işləyən kimə versəniz, cavab ala bilməyəcəksiniz. Biz bu işə gözümüzün nurunu qoyuruq, 4 ay, 5 ay gecə-gündüz çətin şərtlər altında işləyirik. Çünki Azərbaycanda serialın çəkilməsi heç də asan başa gəlmir, hər şey əlimizin altında hazır deyil. türklərdə yaxşı bir məsəl var. "İnsanın doğulduğu coğrafiya onun qismətidir". Bizim tanıdığımız Megastar Tarkan çox karizmatik, çox istedadlı, enerjili müğənnidir. Almaniyda doğulub, İstanbulda yaşayıb. Gəlin, bir anlıq düşünək ki, Tarkan Naxçıvanda, Yevlaxda və yaxud Bərdədə doğulub. Əmin olun ki, bu uğurların heç biri onda olmayacaqdı. Çünki coğrafiyanın dünya mədəniyyətinə pəncərəsi bir yerə qədərdir. Yəni, Tarkan burada doğulsaydı maksimum xalq artisti, əməkdar atist ola bilərdi, bu qədər. Və düşünürəm ki, bu Tarkana lazım deyildi. Bu, tək musiqidə yox, idmanda, mədəniyyətdə, kinoda da öz təsirini göstərir. Çox təəssüf olsun ki, bizdə şərtlər belədir.
- Türkiyədə çəkildiyiniz "Savaşçı" serialından sonra məncə əlinizdə çox böyük şans var idi ki, Türkiyədə qalasınız. Artıq türk tamaçaşı oynadığınız roldan sonra sizi qəbullanmışdı. Nə üçün Türkiyədə qalıb fəaliyyətinizi davam etdirmədiniz?
- Bunu mənə xatırlatmağınız açığı məni bir az üzdü. Demək olar ki, həyatda sənətim haqda verdiyim ən yanlış və səhv qərarlardan biri oradakı təklifləri qəbul etməməyim oldu. Düşündüm ki, o təcrübə ilə, o istedadla Azərbaycan mədəniyyətinə, Azərbaycan kinosuna lazımam. Böyük ümidlərlə Azərbaycana gəldim, amma tam fərqli münasibət gördüm. Orada yaşadığım, işlədiyim dönəmdə buradan heç bir ciddi rol təklifi almadım. Hətta mənim təkliflərimə də geri dönüşlər olmadı. Türkiyədə maşına, taksiya minəndə, məni görənlər yaxınlaşıb mənə toxunurdular, deyirdilər ki, " Qardaş, sən gerçəksən?". Sənətçiyə stimul verən tamaşaçı sevgisidir. Amma yenə də bura döndüyüm üçün peşman deyiləm, çünki mən Azərbaycanlıyam, vətənin buradır. Səbəb hər nə olursa olsun, mənim yerim buradır.
"Qayınananın gəlinə qışqırırdığı, gəlinin ona sillə vurduğu, qızın hamilə qaldığı seriallar daha çox baxılır"
- Bu günə qədər sayısız-həsabsız seriallar var ki, həm rol almısız, həm də rejissor kürsüsündə əyləşmisiz. Onlar içərisində ən çox ürək qoyduğunuz hansıdır?
- İşlərimin hamısına ürək qoyuram. Yəni, sıradan, yoldan keçən hər insan bu işlə məşğul ola bilməz. Amma Bir Azərbaycan tamaçaşısı kimi mənim də başa düşmədiyim bəzi şeylər var. Hazırda reyting deyilən bir bəla var. Mən anlaya bilmirəm ki, onu nəyə nəzərən ölçürlər. Mən özüm də bir tamaşaçıyam. Biz əynimizə paltar alanda belə bilirik ki, bizə hansı paltar yaraşır, bilirik ki, hansı dostumuz yaxşıdır, bilirik ki, hansı övladımız oxuyandır, hansı oxuyan deyil. Çevrəmizdə baş verənləri bizim özümüzdən yaxşı bilən ola bilməz. Mən ssenarisi İlqar Fəhmiyə məxsus olan "Gecə yarısı" adlı bir serial çəkmişdim və ona olan ümidlərim böyük idi. Baxmayaraq ki, keyfiyyət, musiqi, hadisə baxımından çox zəngin idi, amma o serial o qədər də səs-küy yaratmadı. Sonra başqa bir serial çəkdim, adını deməyəcəyəm. Daha primitiv, sadə. İnandırım sizi, bütün ölkə o serialdan danışdı. Bilirsiniz niyə? Çünki orada qayınana gəlinə qışqırırdı, bu hamilədir, o buna sillə vurdu kimi mövzuları əhatə edirdi. Amma mən o deyiləm, mən o serialların rejissoru olmalı deyiləm, mən o beyində düşünəcək adam deyiləm. Açığı insanların belə mövzulu serialla elə yaxından maraqlanması məni üzdü.
- Reytinqlər sizi də narahat edir?
- Ümumiyyətlə reytinqdən danışanda ortaya belə bir sual çıxır. Bu reytingi kim müəyyənləşdirir? Onu ölçən cihaz kimin evində var? Bu qədər bayağı şeylərə reytinq gətirən kütlə nə kitab oxuyur? Bunlar hansı musiqiyə qulaq asır? Bunlar nə yeyirlər? O verilişlər, o musiqilər niyə reyting verir? Mənim layihələrim də zamanında 17,18,19 reytinq verib. Sizi inandırım ki, o cihazları bu gün başqa evlərdə quraşdırsaq, tamam fərqli mənzərə ortaya çıxacaq. Mənə görə reyting keyfiyyət göstəricisi deyil. Əgər reyting keyfiyyət göstəricisi sayılırsa, o zaman "TikTokda", "Instagramda" milyonlarla izlənən insanlar kimdir? Axı, mənim xalqım ondan ibarət deyil. Bu xalqın Əliağa Vahidi, Niyazisi, Füzulisi var. Reyting anlayışının olmadığı zamanlardakı keyfiyyətə baxsaq görərik ki, hər şey daha yüksək səviyyədə idi. İndi hər şey reytinqə bağlı olduğu üçün, kanal da bizdən bunu tələb edir. Bu da bizim işimizə istər-istəməz təsir göstərir. Bu gün mən "Art house" tərzində bir şey çəksəm, ona heç kim baxmıyacaq. Mənə dəli deyəcəklər. Mən sənətimin fədaisiyəm. Bir gün Müşfiq Tumurcuq mənə dedi ki, sənin başın xarab olub, hamı komediya çəkir, sən dram çəkirsən. Bəli, mənim başım xarabdır. Mən sizdən biri kimi ola bilmirəm. Müşfiq də, Elməddinin də hamısının komediya jansının inkişafında zəhmətləri çoxdur. Amma onlar tamaşaçı nə istəyirsə onu çəkirlər. Mən onları buna görə qınamıram, amma mən bunu bacarmaram.
- Amma adını çəkdiyiniz aktyorlar bu işdən gəlir əldə edə bilirlər.
- Mənim sənətim, mənim üçün gəlir vasitəsi deyil. Bu iş könül, zövq, ürək məsələsidir.
- Bəzi serial və filmlərdə rol alan aktrisalar var ki, demək olar ki, onları siz məşhur etmisiniz. Onlardan biri də Pərvin Abıyevadır. Münasibətləriniz soyuyub deyilənə görə?
- Kimə, nə etmişəmsə halal xoşu olsun. Pərvinlə dostluğum yerindədir, münasibətimiz də yaxşıdır. Əminəm ki, mənə nəsə lazım olsa o mənim üçün edər.
- Cavidan Novruz AZXEBER.COM-a müsahibəsində bildirdi ki, "Pərvin Abıyeva çox istedadlı, gözəl, cazibədar xanımdır. Onun yeganə şanssızlığı istedadsız rejissorların əlinə düşməsidir". Düşünürsüz ki, onu sizi nəzərdə tutaraq deyib?
- Ola bilər, Cavidanın pəncərəsindən mən elə görünürəm, onun fikrinə, hörmətlə yanaşıram. Amma mən Cavidanla da filmdə çəkilmişəm, özü də son dönəmlərdə mənə yazmışdı ki, səninlə işləmək istəyirəm. Ola bilər ki, o hansısa zamana uyğun bunu deyib. Amma əsas önəmli olan budur ki, mən olduğum yeri bilirəm. Mən özüm haqqında, öz istedadım haqqında həqiqəti bilirəm. Mən bir plana 7 dəqiqə ağlamaq səhnəsi çəkmişəm. Mən Türk serialında Xocalı haqqında həqiqətləri oynadığım səhnədə gözümə ağlamaq üçün dərman tökməyimi istədilər. Dedim, olmaz, mən bunu mənəvi olaraq özümə yaraşdırmıram. Bu, mənim millətimin faciəsidir, mən o acını yalandan göstərə bilmərəm. Mən 20 ildir dram çəkirəm. Hər kəsin fikrinə, hörmətlə yanaşıram. Bu, onların həqiqətidir, amma mənim həqiqətim danılmazdır və ortadadır.
"Qalmaqalları bu həddə çatdıran yalancı reytinq üçün çalışan televiziyalar və verilişlər olub"
- Hazırda AZDRAMA-da aktyorlar arasında yaşanan qalmaqaldan xəbərdarsız?
- Təəssüf ki, bəli! Amma mən də məsələni sosial şəbəkələrdən oxuduğum qədər bilirəm. Çox heyif ki, mən bu məsələyə kömək edə biləcək gücdə deyiləm.
- Sizcə həqiqətənmi yaşlı nəsil aktyorların gənc aktyorlara qarşı qısqanclığı var?
- Düşüncəsi sağlam olan insan heç kimi qısqanmamalıdır. Çünki hər kəsin öz adı var. Yəni, sən ikinci bir Kənan olsan, mən səni qısqana bilərəm. Sən məndən yaxşı ola bilərsən, amma mən ola bilməzsən. Dünya hər kəsin yaşaya biləcəyi yerdir, səhnə hər kəsin çıxış eləyə biləcəyi yerdir. Belə şeylər hər sahədə baş verir. Fərqi yoxdur, müğənlər arasında, aktyorlar, ya həkimlər olsun. Amma bizim bununla barışmağımız da acınacaqlı haldır. Bizə ən çox nəyi təqdim edirlərsə, biz onunla barışmaq, onu şüuraltı olaraq, refleks olaraq qəbul etməyə məcbur deyilik. Bəzən biz buna etirazımızı göstərməliyik. Çünki qalmaqalları da bu həddə çatdıran yalancı reytinq üçün çalışan televiziyalar və verilişlər olub. Verilişə gələnlər ilftdə, pavilyona bir yerdə qalxırlar, mehribancasına studiyaya girib, veriliş başlayanda qalmaqal yaradırlar, skandal göstərirlər. Belə olmaz! Sənət göstərin, əgər əlbəttə bu sizdə varsa. Hamı müəyyən səbəblərdən səhnədən küsür gedir. Mən gedim, sən get, o getsin, bu getsin, bəs kim qalsın? Küsüb getməyə nə var ki?
- Bir ara siz də küsmüşdünüz...
- Küsmüşdüm, amma düşündüm ki, mən mövcud olan vəziyyəti dəyişə bilmərəm. Məhəmməd dağdan küsüb, dağın xəbəri yoxdur. Küsüb nəyi dəyişə biləcəyəm? Yəni, bizdə olan budur!
- Sosial verilişlərdə baş verənləri necə qarşılayırsınız?
- Televizor izləyə biləcək bir insan deyiləm, çünki 7-24 çəkilişlərdəyəm, öz filmlərimə belə montaj prosesində baxıb qaçıram başqa iş dalınca, nəticəni "YouTube"da izləyirəm.Düşünürəm ki, ailədə baş verən bəzi şeylər gizli qalsa yaxşıdır, bəzi şeylər açılmasa yaxşıdır, bəzi insanları yaxından tanımasan yaxşıdır. Ən xoşuma gəlməyən şeylərdən biri bilirsiniz nədir? Orucluq vaxtı yeməyini kiminləsə paylaşmır, amma yediyi hər şeyi paylaşır. Yəni, bu da onun kimi bir şeydir. Kiminsə dərdinə mən ancaq baxıram, kömək edə bilmirəm. Həyatımızda o qədər lazımsız məşhur insanlar var ki, bir gün Azərbaycanda internet, "instagram", "TikTok" bağlansa, o zaman bəzi məşhurların əslində heç kim olduğunu anlayacağıq. Bunun üçün əslində internetin bağlamasına da ehtiyac yoxdur. Onun vətənə, xalqa, millətə, cəmiyyətə, mədəniyyətə, idmana verdiyi zərər və xeyri analiz etsək, bunu anlamaq mümkün olacaq. Elə bir dönəmə çatmışıq ki, özümüzə öz həyatımızdan başqa hamının həyatı maraqlıdır. Hər şeyi efirdə danışmaq olmaz. Bizə kim baxır, nə deyir? Bəzi insanlar var ki, onlara hər şey olar. Məsəl üçün, bir qardaş, deyək ki, haradasa maykada, şortikdə əlində içki olan şəkil paylaşıb. Onun şəkilinin altında hamı yazacq ki, "Nuş olsun, qardaş! Yerimiz məlum! Amma bunu mən eləsəm, məni Vətən xaini çıxardacaqlar. Deməli, insanların cəmiyyətdə kim olduqları da önəmlidir. Kimin üçünsə adi olan bir şeyi mən etmək istəsəm, mənə olmaz!
"TikTok"un o hala düşməyinin günahkarı mən deyiləm!
- "TikTok"da ən məşhur simalardan biri də sizdiniz. Anidən uzaqlaşmaq qərarınız nə ilə bağlı oldu?
- Hər şey dadında, duzunda gözəldir. İnsanlar həyatda aid olduğu yeri bilməlidir. O dönəmlər mən bir cümləni tez-tez eşidirdim. Deyirdilər ki, "Filankəsi də tanıdıq, gördük necə adamdır". Əslində siz onu yeni tanımadınız, o, həmişə belə idi. Sadəcə, fürsət olmurdu onu yaxından tanımağa. "TikTok" sadəcə bunu inanlara göstərdi. Mən bir şeyə çox inanıram. Əgər bir şey ağdırsa, onu hara da qoysan, o ağ olaraq da qalacaq. İnsan xarakteri də belədir. Sən canlıda da o xarakterə sahibsən, telefon olmayanda da, Türkiyədə də, Amerikada da. İnsanın xarakteri heç vaxt dəyişməz, olduğu səmtdə inkişaf eləyər. Əgər sən pis düşüncəli insansansa, sən pis düşüncən üzərindən də inkişaf edəcəksən. İnsan dəyişə bilməz. Sonra "TikTok"da elə hadisələr, elə şeylər baş verdi ki, dedim, aman tanırım, mən burada nə eləyirəm, mənim burada nə işim var? Amma oranın o hala düşməyinin günahkarı mən deyiləm. Ona görə də zamanı çatan kimi ora ilə sağollaşdım.
- Kənanın ən böyük peşmanlığı nədir?
- O qədərdir ki... Amma peşman olmaq ikinci peşmançılıqdır. Çünki peşman olub nə zamanı geri ala biləcəm, nə mövcud olan vəziyyəti dəyişə biləcəm. Mənə görə yaşanan hər şey mənim üçün təcrübədir. Mən 40 yaşımdan sonra bu həyatda heç nəyə təəccüblənmirəm.
- Sizin üçün şou-biznesdə varsınız da demək olmur, yoxsunuz da. Bəs şou-binzesdə dostluq varmı?
- Dostluğun bu aləmə, digər aləmə adiyyatı yoxdur. Dost dostdur. Sən dost seçəndə onun sənətinə baxıb seçmirsən ki, xasiyyətinə görə seçirsən. Bizim aləmdə dost yoxdur deyən məşhur insan özü yaxşı dost deyil. Niyə dost yoxdur ki, bu nə deməkdir? Sən bayquşsan tək yaşayırsan, dəvəsən səhradə yaşayırsan? Belə bir dünya yoxdur. Sadəcə, sən psixoloji olaraq üstünlük göstəricisi göstərirsən ki, mən o qədər yaxşı insanam ki, heç kimin dostluğuna layiq deyiləm. Amma əslində, tam əksinədir. Yaxşı dostu axtarma, yaxşı dost ol ki, səni axtarsınlar. Həyatımızda bizə səhv edən insanlara arxamızı çevirib getsək, axırda tək qalarıq. Biz özümüz də kiməsə görə səhf etmişik. Mən ümumiyyətlə, küsülü qalan, kinli, qisas ala bilən bir insan deyiləm, amma mən borclu qalan insan da deyiləm. Mən, hər kəslə öz dilində danışmağı bacaran insanam. Dostoyevskinin bir sözü var: "Sizin qeyriyyətli, namuslu olmağınız sizi başqalarından üstün göstərməz. Siz onsuz da belə olmalısınız".
"Kişinin ahı inanmıram ki, hansısa qadını tusun, amma qadının ahı insanı iflic edər!"
- Qadın varlıq olaraq Kənan üçün nə ifadə edir?
- Çox şey, amma birmənalı yox. Həzrət Əlinin gözəl bir sözü var, "Qadın insanın anasıdır". Peyğəmbərimiz də deyib ki, "Cənnət anaların ayaqları altındadır." Qadının yox, məhz anaların. Yəni, hər qadın bu sözü üstələnə bilməz. Çünki dünyaya hər uşaq gətirən qadın ana deyil. Elə olsa idi, uşaq evləri olmazdı. Analıq, sadəcə olaraq qadına verilmiş olan anatomik bir bacarıqdır. Qadın mənim üçün "ilham pərisi" deyil. Məncə ağıllı kişi heç bir zaman qadın ilə mübahisə etməməlidir. Çünki nəhyətində kişi uduzan tərəf olacaq. Mən həyatda bir neçə şeydən çox qorxuram, bunlardan biri də qadın şəridir. Çünki tanınmış insanlar bu həyatın yükünü sadə insanlara nisbətdə daha çox çəkirlər. Adi vətandaşa şər atsan, bu unudulub gedər zamanla, heç kimin yadında qalmaz. Amma tanınmış şəxslər üçün bu o qədər də asan deyil. Bəziləri sənin bu halına sevinəcəklər də. Hazırda yıxılmağımı gözləyən, əlində balta dayanan o qədər insan var ki?...Biz insanlar, əslində bir-birimiz haqqdına düşündüyümüz həqiqətləri bilə bilsəydik, inandırım sizi ki, bir-birimizə salam verməzdik. Yaxşı ki, bizim bəsirət gözümüz açıq deyil, yoxsa hamımız tək qalardıq. Teslanın da dediyi kimi: "Bir birimizə olan nifrətimizi enerjiyə çevirsək dünya işığa bürünər".
- Duyğusal insansınız və hər kəs sizi kövrək biri olaraq tanıyır. Qadınlara qarşı olan fikirlərinizdə niyə bu qədər qəddarsız?
- Mən qəddar biri deyiləm, ətraf mühit pisdir. (gülür-red.) Biz hamımız eyni dünyada yaşaya bilərik, amma eyni zamanda da hər birimiz öz dünyamızı yaşayırıq. Siz mənim yaşadığımı yaşasanız bəlkə dediklərimi daha aydın anlaya bilərsiniz. Ya da mən özümə sizin baxdığınız yerdən baxsam, dediklərinizi daha aydın başa düşə bilərəm. Hər kəs öz hekayəsini özü yazır və onun baş qəhrəmanı olur. Həyatda uğursuz hekayələri olan kişilərin başına gələn hadisələrdə belə bir qadın imzasının olduğuna inanıram. "Hər uğurlu kişinin arxasında ona dəstək olan uğurlu bir qadın var" sözü sadəcə olaraq qadınların uydurduğu kəlamdır. Mən deyərdim ki, "Hər bədbəxt kişinin arxasında da bir xoşbəxt qadın var". Bir kişinin uğurlu olması üçün əgər qadına ehtiyacı varsa, onda həmin qadınlar uğursuz kişilərin də arxasında olsun. Görək onda o kişilər də uğurlu şəxsiyyət ola biləcək? Bu sözü deməklə uğur qazanmış kişilərin əməyini, haqqını yerə vurmuş oluruq. Belə bir şey yoxdur! Kişinin arxasında anası dayanar, ailəsi dayanar. Mən də ilk dəstəyimi ailəmdən görmüşəm. Bunu başqa bir qadının adına yazıb onları üstün göstərməyək.
Ümumiyyətlə qadınlar çətin varlıqlardır. Qadınların düşüncəsi izlədiyi seriala, getdiyi ölkəyə, qonşusuna, havaya görə dəyişə bilər. Qadınların nə istədiyini anlmaq üçün bir cihaza ehtiyac olsa, onu ancaq başqa bir qadın düzəldə bilər. Onlar nə istədiklərini bilmirlər. Deyirlər sevgi, qayğı, diqqət istəyirik. əmin olun ki, onu kişi də istəyir. Həm də buna daha çox kişlərin ehtiyacı var.
- Nə üçün daha çox sevən, daha çox vəfasızlıq görür?
- Demək ki, o sevgini yalnış insana verir. Bu da bir az şans məsələsidir. Bəzən bədii ədəbiyyatda da aşiqlər bir-birindən qisas alırlar. Diqqət etsəz görərsiniz ki, bir əsərin müəllifii kişidirsə, orada qadın vəfasız olur. Yox, müəllif qadındırsa, o zaman kişi obrazı vəfasız olur. Onu da deyim ki, qadınlar hisslərini rahat dilə gətirir, deyir ki, "darıxmışam". Amma əslində o darıxmaq kişini yuvaya geri qaytarıb, ondan intiqam almaq üçündür. Qadınların qisası çox ağır olur. Kişinin ahı inanmıram ki, bu günə qədər hansısa qadını tusun, amma qadının ahı.... İnsanı iflic edər!
- Qız atası olmaq necə bir hissdir?
- Bunu tərif edə bilmərəm, gərək yaşayasan. Peyğəmbərimiz də deyib ki, "Əgər mən övlad seçimi qarşısında qalsam, qızı seçərəm". Bu çox qəribə duyğudur. İnsan özünü qanadları varmiş kimi hiss edir. Bir qızı, qadını incitməkdən qorxur. Mən həyatın ümumiyyətlə bumeranq olduğuna inanan insanam. Dəfələrlə bunun şahidi olmuşam.
- "Atasız qızı almaram" fikri cəmiyyətdə böyük səs-küy yaratdı. Siz bu haqda nə deyə bilərsiz?
- Mən düşünürəm ki, bu düşünülməmiş deyilən bir sözdür. İnanmıram ki, kimsə bu qədər ağır bir sözü düşünərək, bilərək, istəyərək deyər. Tanınmış insanlar paylaşım edərkən, efirlərdə fikir bildirərkən bir az tələsməməlidirlər. Bəlkə də onun o fikirərinin altında hansısa bir hekayə var, biz bunu bilmirik. Bir anlıq fikirərini səhv ifadə eləmək səni pis insan etməz. Amma bunu cəmiyyət anlayarmı, anlamazmı, onu bilə bilmirik. Bu mənim də başıma gələ bilərdi. Belə halların unudulması üçün bir az zaman keçməyi lazımdır.
- Maraqlı müsahibə üçün təşəkkür edirəm.
-Mən təşəkkür edirəm, siz sağ olun.
Aysel HAcızadə
Rüfət Adampara