Azərbaycanın dünya şöhrətli yazıçısı, detektiv əsərləri ilə bütün dünyada məşhur olan, nasir, publisist, 1989-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı, hüquq elmləri doktoru, Pen Klubun prezidenti, Avropada 28 milyon nüsxədə 29 dilə tərcümə olunan soydaşımız, 193 adda kitabın müəllifi, “Şöhrət Orden”li Çingiz Abdullayevlin AZXEBER.COM-a çox maraqlı müsahibəsini dəyərli oxucularımıza təqdim edirik.
“Daha çox fantastikanı oxuyuram”
- Çingiz müəllim, ilk olaraq bizimlə görüşməyə, söhbət etməyə vaxt ayırdığınız üçün Sizə öz adımızdan, redaksiyamızın kollektivi və çoxminli oxucularıımızın adından təşəkkür edirik. Necəsiniz? Təşəkkür edirəm, yaxşıyam.
- Öncə ondan başlayaq ki, Sizin “Quba Kopriççiosu” əsərinizin əsasında film çəkilir. Necə gedir çəkilişlər? Bu filmlə bağlı Bakıda və Qubada çəkilişlər aparılır. İlk olaraq Sizə bildirirəm ki, müğənni İlqar Muradov bu filmdə çəkilir. Azərbaycanda 3-cü, dünyada 10-cu filmim çəkilir.
- Çingiz Abdullayevlə söhbət edəndə əsərlərinizlə bağlı suallar həmişə önə keçir. Əsərlərinizi oxucu Çingiz Abdullayev daha çox hansı dildə oxuyur? Rus dilində oxuyuram. Amma Sizə deyim ki, əsərlərimi çox oxumuram. Əgər oxuyası olsam, qələm götürüb çox şeyi düzəltmək istəyəcəm. Deyirlər ki, Düma ata ölümündən əvvəl son günlərində çarpayısında uzanıb nə isə oxuyur və sevinir, gülür. Oğlu soruşub ki, nə oxuyursan, Düma ata deyir ki, öz kitabımı oxuyuram – “Üç müşketyor”u. Yaman xoşuma gəlir, doğrudan yaxşı kitabdır. Mən indi kitablarım haqqında belə demirəm, amma bir dəfə Almaniyada qatarla gedəndə kitabımı oxuyurdum, bir də başımı qaldıranda gördüm ki, dayanacağımı çoxdan keçmişəm.
“Detektiv əsərlər oxumuram”
- Müsahibələrinizin birində demisiniz ki, mən detektiv əsərlər oxumuram. Nə oxuyursunuz? Yaxşı əsər olanda əlbəttə ki, detektiv əsəri də oxumaq istəyərəm. Fantastikanı çox oxuyuram. Reyd Bredberi, Azik Azimov, Pol Xaylayn, Ursula Le Quyn, Artur Klark, Qari Qarison və başqalarını saya bilərəm.
- Siz əsərlərinizdə Dronqonun varlığını – öz prototipinizi - daha çox Erkün Puaroya bənzədirsiniz və Puaro zəkasına heyranlığınızı gizlətməmisiniz. Düzdür. Amma mən Sizə bir sirr açım. Mənim əsərlərimdə detektiv Frederik Miller var, ingilis inspektoru Mişel Doul, fransız komissarı Deziro Bruley var. Çoxbilmiş adamlar başa düşürlər ki, Deziro Jorş Seminonun atasının adıdır, Bruley da anasının familiyasıdır, yəni, bu komissar Meqredir. Mişel Doul Kanan Doulunun əmisidir, Şerlok Xolmsu yazıb, Frederik Miller də Aqata Kristinin atasıdır. Onun öz familiyası Miller olub. Bu qəhrəmanlar əsərlərimdə Dronqo ilə tez-tez qarşılaşırlar.
“Uşağın anasını sata bilməzsən”
- Əsərlərinizdə Dronqo daha çox hərbi tipli əməliyyatlarda iştirak edir. Son 20 kitabımda anilitik detektivə üstünlük verilir. Məndən çox adam soruşur ki, siz qadın adından əsər yazanda niyə rus qadını adıyla yazırsınız? Mən onu Ksenya Morjkova etmişəm. Əslində, o Miss Marpulun nəvəsidir. Azərbaycan qadınının adı ilə əsər yazmışam. Kəklik Əliyeva Məkkəyə necə gedib? Mən bu əsəri yazana qədər çox maraqlı faktlar üzə çıxardım. Təsəvvür edin, mən bilməmişəm ki, 46 yaşına qədər müsəlman qadını Həcc ziyarətinə tək gedə bilməz. İslam qanunlarına görə, ərindən başqa qadının yanında atası, oğlu, qardaşı gedə bilər. Başqaları getsə, onlar o qadına başqa gözlə baxa bilər, bu zaman Həcc ziyarəti qəbul olunmaz. 1500 il əvvəl insanlar bu dəyərləri başa düşürdülər, indi isə bunu təəssüf ki, dərk etmirlər. Qul əgər səndən uşaq dünyaya gətirirsə, uşağın anasını sata bilməzsən. O qadına hörmətlə yanaşılmalıdır. Bu haramdır. Onu sata da bilməzsən. Bunu mən Avropada deyəndə dəhşətə gəlirdilər. Çünki Avropa qanunu ilə qulun uşağı da qul olur.
“Ölkədə ən çox satılan 10 kitabdan 9-u mənimkidir”
- Əsərlərinizin ana dilimizə tərcüməsi Sizi qane edirmi? Xeyr. Kitabların tərcüməsi biabırçılıq idi, pirat şəklində edirdilər və kompyüterdə çox vaxt tərcümə edib çap edib yayırdılar, bununla pul qazanırdılar. Mən isə burada pul qazanmıram. Bu məsələ ilə bağlı mənə çoxsaylı müraciətlər olurdu. Oxucular tərcümə prosesinə nəzarət etməyimi xahiş edirdilər. Sonra “Qanun” nəşriyyatı ilə müqavilə bağladım. İndi əsərlərimin ana dilimizə tərcüməsinə özüm şəxsən baxıram və digərlərindən də ədəbi redaktə üçün baxırlar. Mənim 190 kitabımı “Qanun” nəşriyyatı tərəfindən Azərbaycan dilində tərcümə olunur və nəşr olunur. Özüm baxıram və başqa təcrübəli həmkarlardan da - ədəbiyyatşünaslardan - xahiş etmişəm, onlar da nəzarət edirlər. Statistik olaraq mənə məlumat veriblər ki, ölkədə satılan 10 kitabdan 9-u mənimkidir. Mən buna çox sevinirəm. Latviyada biləndə ki, ora gəlirəm, camaat vağzala yıgılıb məni qarşılayırlar. Bu nə qədər sevindirici olsa da, bu torpağın oğlu olaraq əsərlərimin daha çox Vətənimdə oxunmasını istəyirəm. İndi azərbaycanlı oxucularımdan çoxsaylı məktublar alıram.
- Bu sevindiricidir. İnanın, buna oxucular qədər mən də sevinirəm.
- Azərbaycanla bağlı yazdığınız əsərlərinizin istər burada, istərsə də, dünya çapında yayılması, oxunma səviyyəsi Sizi qane edirmi? Qane edir. Azərbaycanla bağlı 40-a yaxın romanım var. Bilavasitə tam olaraq xalqımızla bağlı olmasa da, amma qəhrəmanımız Dronqo bu millətin övladıdır. Düzdür, bəzi vaxtlar kiçik səhvlər də tapırlar. Mərkəzi Bankın sədri Elman Rüstəmov bir gün mənə zəng vurub deyir ki, sən əsərində bir məqamı düz yazmamısan. Dedi ki, sən Azərbaycan mətbəxindən yazırsan, mart ayında qonaqları qəbul edəndə onlara badımcan kababı verirlər: “Mart ayında badımcan çox baha olur, bunu fikirləş yazanda (gülür.red.M.Ə.).
“Çoxdan istəyirəm ki, Azərbaycanla bağlı bir Saqa yazım”
- Bu məsələdə Sizi nə qane etmir? Çoxdan istəyirəm ki, Azərbaycanla bağlı bir Saqa yazım. Bu detektiv olmayacaq. Mənə təsir edir ki, niyə Azərbaycan ədəbiyyatında Saqa yoxdur? Fransada Roje Martin Dü Qar yazıb – “ Tubo ailəsi”, İngiltərədə Qolsuorsi “Saqa Farsaytır Sovqosi” yazıb, Almaniyada Tomas Mann eyni romanlar yazıb. İstəyirəm ki, Azərbaycanla bağlı XX əsrdə azərbaycanlı bir ailənin həyatını götürüb yazım. Bu əsərdə 1917, 1918, 1920, 1937, 1950-ci illərdə yaşanan hadisələri qələmə almaq istəyirəm. Necə çətinliklər yaşadıqlarını qələmə almaq, sırf Azərbaycan tarixini, adət-ənənəsini yazmaq istəyirəm. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsərlərdən danışaq.
- Necə hesab edirsiniz,Sizə elə gəlmirmi ki, xalqımızın tarixindən az yazmısınız? Yəni, Sizin əsərlərinizin timsalında bizi dünyada tanıtdıracaq qədər? “Çoxları soruşur ki, Dağlıq Qarabağ münaqişəsindən niyə az yazmısan?” “Əclaflar Qanunu” əsərini deyim. İndi gürcü dilində nəşr olunur. Çoxları soruşur ki, bu münaqişədən niyə az yazmısan? İndi mən sizə bir misal gətirəcəyəm, bilmirəm bunu yazacaqsınız, yoxsa yox, amma bu həqiqətdir. Azərbaycan dilində bunu yazmaq olar, amma başqa dillərdə məncə düzgün deyil. Milli Məclisin bir deputatı mənə danışıb ki, Kəlbəcər ətrafında erməni qoşunu girəndə 2 rus zabiti gəlib bizimkilərə deyib ki, hər tanka 2 min dollar versəniz, peşəkar artillerist olaraq biz onları vura bilərik. 22 tankı rus zabitləri vurub saxlayıblar. Səhərisi gün rus zabitlər qərargaha gəlib pulları götürüb çıxanda onların başlarından vurub öldürüblər. Bu həqiqətdir. Mən bunu yazsam, sabah bu müharibədə acılar yaşayan insanlar, bütün xalq mənə deyəcək ki, niyə bunları yazırsan? Deyəcəklər ki, sən niyə xalqımızı biabır edirsən? Amma əgər mən istəyirəm ki, bu ağrıları yazım, biz özümüz üçün bilməliyik, aydınlaşdırmalıyıq ki, niyə görə, belə böyük bir xalq kimi kiçik bir xalqa uduzmuşuq? Siz redaksiyanıza qayıdanda dostlarınızdan soruşun, mənsə birinci növbədə qarabağlılardan, sonra isə bütün xalqımdan soruşuram, Xocalı faciəsində neçə Milli Qəhrəmanımız olub? Bunu çoxları bilmir. 4 Milli Qəhrəmanımız var. Xocalı ilə əlaqədar hər yerdə stendlər asırlar. Bunu bilən varmı? Heç kəs bilmir. Biri qumbara ilə özünü partladıb. Biri qumbara ilə təkbaşına pulemyotla erməninin qarşısını kəsib. Biz uşaqları necə böyüdürük? Onların qəhrəmanlıqlarını niyə demirik insanlara. Televizorda hər gün məhz bu göstərilməlidir. Axmaq-axmaq verilişləri göstərmək yox, yoğun-yoğun arvadların oturub yemək yeməsini yox. Bütün günü şadlıq evlərini göstərirlər. Ermənilər oturub gözləyirlər ki, biz gəlib torpaqlarımızı alacağıq, biz isə bütün günü yeyib-içşib oynayırıq. Ermənilərin üqrəkləri partlayacaq axırda ki, bunlar nə millətdir?
“Əsil yazıçı vicdanla yazmalıdır”
Bilirsiniz, əsil yazıçı vicdanla yazmalıdır. Müharibə hələ qurtarmayıb, torpaqlar azad olunmayıb. Yazırsan həqiqəti yaz, yaza bilmirsənsə yazma, bütün həqiqətləri. Bizim bir “dostumuz” yazdığı əsərlə xalqımızı biabır etdi, erməniləri yuksəyə qaldırdı. Hesab edirəm ki, bu doğru deyil. Sən bu xalqın nümayəndəsisən, öz xalqının oğlusan, sən birinci növbədə Azərbaycan xalqını fikirləşməlisən, ilk növbədə öz xalqının dəyərlərini yüksəltməlisən. Sən Azərbaycan yazıçısısan. Təəssüflər olsun...
“Görünür,mən pis oğul olmuşam”
- Səsinizdə ağrı hiss etdim. Ağdamı verəndə mənim atam xəstələndi. Çünki onun atasının, anasının, babasının, yaxınlarının, doğmalarının qəbirləri ordadır. Görünür, mən pis oğul olmuşam ki, gedib orada ölməmişəm, o qəbirləri azad eləməmişəm.
“Əkrəm Əylislinin “Daş yuxular”ını qəbul etmirəm”
- Əkrəm Əylislinin yazdığı “Daş yuxular” əsərinə münasibətinizi dinləmək maraqlıdır.
Mən kiminsə gözünü çıxarmağın, qulağını kəsməyin, başını kəsməyin, ailəsinin incidilməsinin qəti əleyhinəyəm. Yazıçı sərbəstdir, nə istəyir yaza bilər, heç kəs ona qadağa qoya bilməz. Mən Pen Klubun prezidentiyəm. Mən bu sözü yazmışam və fəxrlə təkrar edirəm ki, yazıçı dövlətlə toqquşanda həmişə dövlət uduzur. Çünki yazıçının sözü hər bir dövlətdən üstündür. Amma yazıçı xalqı ilə toqquşanda həmişə yazıçı uduzur, çünki xalq yazıçıdan üstündür. Dahi norveç yazıçısı, Nobel Mükafatı laureatı Knut Hamsun faşistləri qəbul edəndə bütün xalq, ölkə ondan imtina etdi. Baxmayaraq ki, o ən çox sevilən yazıçı idi, xalq onu çox sevirdi. O xalqla toqquşanda uduzdu. Mənim ixtiyarım var ki, bu əsəri qəbul etməyim və qəbul etmirəm. - Azərbaycan televiziyalarına baxırsınız? Baxıram, amma baxmasam yaxşıdır. - Bəyəndiyiniz bir veriliş yoxdur yəqin? Xeyr, niyə ki var. Hər həftənin 5-ci günü ANS-də Çingiz Abdullayev sualları cavablandırır. Onu bəyənirəm.
“Son 20 ildə televiziyalarda bir ağıllı kitabın müzakirəsini görməmişəm”
- Özünüzü bəyənirsiniz? Bəli. Çünki gedib baxıram və nəyi bəyənmirəm kəsirəm (gülür. Red. M.Ə.). Son 20 ildə televiziyalarda bir ağıllı kitabın müzakirəsini görməmişəm. Məni 4 dəfə Əkrəm Əylislinin kitabının müzakirəsinə çağırdılar, axırda hirslənib soruşdum ki, niyə məni axmaq bir kitabın müzakirəsinə 4 dəfə çağırırsınız, amma bir dəfə ağıllı bir kitabın müzakirəsinə dəvət etmirsiniz? 20 ildə Azərbaycanda ağıllı bir kitab yazılmayıb? Yazıçılar yoxdur Azərbaycanda? Aqil Abbası,Natiq Rəsulzadəni götürək. Nə qədər bizdə yaxşı kitablar nəşr olunub.
Ardı var...
Söhbətləşdi:
Mətanət Əliyeva
Əfsələddin AğalarovFoto: Hüseyn Mehdiyev




