Seymur Verdizadə
Dostumuz Rey Kərimoğlu bəzi həmkarlarımızın haqsız hücumlarına məruz qalanda onu çox adam müdafiə etdi. Ona görə yox ki, Rey Qarabağ qazisidir, vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirib, bədənində mənfur düşməndən nişanə qalan soyuq qəlpələr gəzdirir. Biz Reyi həm də yaxşı adam olduğuna görə sevirik. Rey çoxdan özü haqda müsbət rəy yaradıb.
Yaxşı adam olmaq çətindir. Bunun üçün insan gərək fədakarlıq etsin, ictimai maraqları şəxsi mənafeyindən üstün tutmağı bacarsın. Bütün yaxşı adamlar başqalarından məhz bu cür fərqlənirlər, onlar özlərini dost tanışın yolunda fəda etməklə insanların sevgisini qazanırlar. Yaxşı adamlar həmişə tələsirlər; ya kiminsə sevincini bölüşməyə, ya da qəm-qüssə içində olan dost-tanışın dərdinə şərik çıxmağa. Mənim tanıdığım Rey Kərimoğlu da belə insandır. O, Elmar Hüseynovun tabutunun altına çiynini verib, Rafiq Tağının cəsədini öz əlləriylə məzara qoyub, ötən ay son mənzilə yola saldığımız Qarabağ qazisi Zaur Həsənovun xəstə yatağının dibini kəsdirərək, alnının tərini, ayaqqabısının kirini silib. Ayağımıza daş dəyəndə başımızı qaldırıb yanımızda Reyi görmüşük. Buna görə də söz düşəndə dost-tanış onun haqqında belə deyir: “Rey yaxşı adamdır!”
Amma hamı yaxşı adam ola bilmir. Aramızda sözü ilə əməli üst-üstə düşməyən, haqqı nahaqqın ayağına verən xeyli insan var. Adam tanıyıram ki, qapıbir qonşusunun hüzrünə getmir, küçədə xəstə, əlil insan görəndə üzünü yana çevirir, ictimai nəqliyyatda qocaya, qadına yer vermir, ancaq efirə çıxanda insanları xeyirxahlığa, yetim-yesirə əl tutmağa səsləyir. Təəssüf ki, həyatda yaxşı əməl sahibi ola bilməyənlər sözdə özlərini yaxşı adam kimi göstərməyə, başqalarının ağıl öyrətməyə çalışırlar. Nə yaxşı ki, cəmiyyət hər kəsə öz əməlinə görə qiymət verir, ağı qaradan ayıra bilir. Yoxsa, yaxşı ilə pisin fərqi bilinməz, nadan alimi, oğru doğrunu üstələyərdi.
İnsan Allah-Təalanın yaratdığı ən mükəmməl canlıdır. Əsl insan öz həmcinslərinin problemlərinə laqeyd qalmamalı, çətinliklərə onlarla birgə sinə gərməlidir. İnsan heyvan deyil ki, yanında həmcinsinin dərisini soysunlar, o da başını aşağı salıb, otunu gövşəsin...