Mağazalarda satışda olan bəzi sənədlərdə hələ də insanların sosial və ictimai mənşəyini müəyyənləşdirməyə yönəlmiş bölmələrə rast gəlinir. Belə sənədlərdən birində şəxsin hansı ictimai təbəqəyə aid olduğu ilə bağlı məlumatın qeyd edilməsi diqqət çəkib. Bəs müasir dövrdə insanların sosial mənşəyinə və sinfi təbəqəsinə görə bölgüsü nə dərəcədə doğrudur? Bu cür sənədlərin satışına niyə hələ də rast gəlinir?
Milli Məclisin deputatı Razi Nurullayev AZXEBER.COM-a açıqlamasında deyib ki, müasir dövrdə insanları "ictimai mənşəyinə” görə fərqləndirmək nə hüquqi, nə də sosial baxımdan məntiqli yanaşmadır:

"Müasir dövrdə insanları "ictimai mənşəyinə” görə fərqləndirmək və sənədlərdə bu məlumatı ayrıca qeyd etmək nə hüquqi, nə də sosial baxımdan məntiqli yanaşmadır. İnsan hansı ailədə doğulmasından asılı olmayaraq öz təhsili, biliyi, bacarığı, zəhməti və cəmiyyətə verdiyi töhfə ilə qiymətləndirilməlidir. Şəkildəki "Kadrların şəxsi uçot vərəqəsi”ndə "İctimai mənşəyi” bölməsinin olması məhz bu baxımdan diqqət çəkir. Bu yanaşma keçmiş inzibati-bürokratik sistemin izlərini daşıyır. İnsanları fəhlə, kəndli, qulluqçu və ya digər sosial qruplardan gəlməsinə görə təsnif etmək bu günün bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi prinsipləri ilə uzlaşmır”.
Parlamentari vurğulayıb ki, dövlətin və cəmiyyətin məqsədi insanlar üçün bərabər imkanların yaradılması olmalıdır:
"Əlbəttə, cəmiyyətdə gəlir, peşə, təhsil və sosial imkanlar baxımından fərqlər mövcuddur. Amma sosial təbəqələşmənin mövcud olması insanları hüquq və dəyər baxımından "siniflərə” ayırmağı normal etmir. Dövlətin və cəmiyyətin məqsədi insanların mənşəyinə görə üstün və ya aşağı kateqoriyalara bölünməsi yox, hər kəs üçün bərabər imkanların yaradılması olmalıdır”.
"Məni daha çox düşündürən başqa məsələdir: Əgər bu cür sənədlər artıq müasir idarəetmə anlayışına uyğun deyilsə, niyə hələ də çap olunur, satılır və istifadə üçün əlçatan olaraq qalır? Burada təkcə bir blankdan söhbət getmir. Söhbət idarəçilik mədəniyyətimizin köhnəlmiş elementlərdən nə dərəcədə təmizlənməsindən gedir.
Düşünürəm ki, aidiyyəti qurumlar belə sənədlərə yenidən baxmalı, artıq hüquqi və praktiki əhəmiyyətini itirmiş bölmələri aradan qaldırmalı və müasir, insan hüquqlarına və bərabərlik prinsipinə uyğun kadr uçotu formalarına keçidi təmin etməlidirlər. Çünki insanın haradan gəldiyi deyil, kim olduğu və nə etdiyi əsas meyar olmalıdır”,-deyə deputat vurğulayıb.
Şahanə Ziyad










































