Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhətinin ağırlaşdığı haqda yayılan informasiyalarla bağlı icra başçısının müavini açıqlama verib.
AZXEBER.COM xəbər verir ki, icra başçısının müavini İlkin Rəhimov “Media forum” saytına deyib ki, Taleh Qaraşov bir neçə gün öncə Bakıda xəstəxanalardan birinə yerləşdirilib: “Özünü narahat hiss edirdi. Ona görə də hazırda Bakıda xəstəxanada müayinə olunur. Amma səhhəti ağır deyil”.
İlkin Rəhimov bildirib ki, icra başçısı iyunun 6-da şəhər icra hakimiyyəti aparatına daxil olan vəzifəli şəxslərlə əlaqə saxlayıb, tapşırıqlar verib: “Səhər danışdıq. İşimiz haqda məlumat verdik, Taleh müəllim də tapşırıqlar vardı. Hər şey qaydasındadır. Rahat danışır. Amma işə nə zaman çıxacağı haqda bir söz demədi”.
Müavininin sözlərinə görə, icra başçısının səhhətində əvvəllər ciddi problem olmayıb.
Taleh Qaraşov 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olub. İxtisası inşaatçı-mühəndis və politoloqdur. Sovet dövründə Kürdəmir rayonunun partiya və komsomol komitələrində müxtəlif vəzifələrdə çalışıb. 1991-1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini olub.
1996-2002-ci illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-ci illərdə Astara rayonlarının icra başçısı işləyib. 2012-ci ilin aprel ayından Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır.
Ailəlidir, 3 övladı var.
Qeyd edək ki, icra başçısının insult keçirdiyi deyilir.