İnternet sürətimiz uçacaq

İnternet sürətimiz uçacaq
Bütün Xəbərlər
12:07 03.03.2015
827
"İnternetin sürətində kəsilmələr olur. Bəzi günlər internetdən istifadə etmək çətinləşir. Provayderə zəng edib bu məsələni deyirik. Onlar isə deyirlər ki, internetin kəsilməsi xətlərdə qırılmalarla əlaqəlidir. Bu problemlər internetdən istifadəni çətinləşdirir".Bunu ANS PRESS-in "qaynar-xətti"nə müraciət edən Samir Məmmədov deyib. Paytaxt sakinin sözlərinə görə, internetdən istifadə zamanı yaranan qüsurlar internetin keyfiyyətini aşağı salır.Bu gün ölkədə Samir kimi internetin sürətindən və keyfiyyətindən gileylənənlərin sayı az deyil. Ancaq görünür Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu cür problemlərin kökündən həlli istiqamətində işlərə başlayıb. Nazirliyin Məlumat Hesablama Mərkəzi ölkədə daxili internet şəbəkənin yaradılmasını planlaşdırır. Təklif olunan bu yenilik Azərbaycanda internetin sürətini və keyfiyyətini artıracaq.Bunun üçün nazirlik “Azdatakom” şəbəkəsinin texniki resurslarını ölkədə fəaliyyət göstərən 30-dan çox internet provayderə təqdim etməyi planlaşdırır. Nazirlikdən bildirilir ki, bununla da ölkədə daxili internet şəbəkəsinin yaradılması hədəflənir: "Daxili internet şəbəkənin yaradılması qlobal internet şəbəkəsindən maksimum səmərəli istifadəni tənzimləmək, bununla internet provayderlərin beynəlxalq kanallarının 35-40 faizə qədər əlavə yüklənməsinin qarşısını almağa imkan verəcək. Bununla yanaşı, yeni daxili şəbəkə yerli internet resurslardan istifadə zamanı sürəti tənzimləyərək gecikmələri minimuma endirmək, eləcə də daxili internet resurslarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır", -deyə nazirlikdən bildirilir.Mütəxəssislər isə hesab edir ki, Azərbaycanın internet provayderləri hələlik ölkənin ucqar rayonlarında öz fəaliyyətlərini genişləndirməyə hazır deyillər. İKT üzrə ekspertlər hesab edir ki, özəl şirkətlərin əhalinin sayı az olan ucqar məntəqələrə xidmət göstərməsi üçün dövlətin dəstəyi olmalıdır. Mütəxəssislərin fikrincə, provayderlərin kənd yerində öz biznesini genişləndirmək imkanına malik olmaları üçün onların xərclərini dəfələrlə azaltmaq lazımdır. Bununla yanaşı, özəl provayderlər üçün təklif edilən şərtləri də təkrar gözdən keçirmək lazımdır.Bakı Telefon Birliyinin direktor müavini Xankişi Kişiyev ANS PRESS-ə açıqlamasında ölkədə yeni daxili internet şəbəkənin yaradılmasının müsbət tərəflərindən danışıb. Onun sözlərinə görə, bu yeni sistem nəticəsində bütün internet provayderləri arasında 1 Gb saniyə sürətli kanal yaradılacaq. X. Kişiyev qeyd edir ki, trafikin həcmi artdıqca kanalın sürətinin artacağı da istisna deyil:“Daxili şəbəkə nəticəsində provayderlər arasında birbaşa əlaqə yaranacaq. Bu isə öz növbəsində həm etibarlılığın artmasına, həm də beynəlxalq istiqamətdə yüklənmənin azalmasına gətirib çıxaracaq. Bu isə sonda internet sürətinin artmasına səbəb olacaq. Artıq Bakı və ətraf rayonlara optik kabellər çəkilib. Paytaxta verilən internet sürəti ilə qəsəbələrə verilən internet sürəti arasında keyfiyyət baxımından heç bir fərq yoxdur. Şəhərətrafı məktəblər, dövlət müəssisələri və ictimai iaşə obyektləri də fasiləsiz internetlə təmin olunur”.
OXŞAR XƏBƏRLƏR