“İnternet tam azaddır”

“İnternet tam azaddır”
Bütün Xəbərlər
13:00 21.09.2013
1338

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da iqtisadi sistem internetə sıx inteqrasiya olunub. İnternetdən istifadənin genişlənməsi, bu sahədə sərbəstlik həm də ölkənin demokratiklik göstəricisi sayılır. İnformasiya və kommunikasiya texnologiyaları sektorunda fəaliyyət göstərən “Golden Pay” şirkətinin təsisçisi və direktoru Fərid İsmayılzadə ilə söhbətimiz internet azadlığı və digər məsələlər mövzusunda oldu.

– Azərbaycanda internetə çıxış, internetdən istifadə nə dərəcədə azaddır?

– Məncə, bu sahədə tamamilə azadlıqdır. Bu gün Azərbaycanda hər bir insanın münasib qiymətə internetə daxil olmaq imkanı var. “Dial-up” texnologiyası demək olar ki, internet bazarını tərk edib. Genişzolaqlı qoşulma (ADSL) və fiber-optik kabellərlə internetə çıxış üstünlük təşkil edir. Qoşulma prosedurları kifayət qədər sadədir.

Təkcə paytaxt Bakıda deyil, Azərbaycanın regionlarında da, ən ucqar yaşayış məntəqələrində də internetə çıxış imkanı var. Kabelsiz belə qoşulmaq mümkündür. Data kart texnologiyası geniş yayılıb. Bütün mobil operatorların belə kartları var və istənilən yerdə kompüterə keçirib internetdən istifadə etmək mümkündür.

Azərbaycanda heç bir sayta giriş bloklaşdırılmayıb, qadağan deyil. Halbuki qonşu Türkiyədə bəzi portallara giriş əngəllənib. İranda “Facebook”, “Twitter” kimi sosial şəbəkələr, ümumiyyətlə, bağlıdır. Çində hətta “google” axtarış sisteminə, “Youtube” portalına belə girmək mümkün deyil. Azərbaycanda isə bu baxımdan heç bir problem yoxdur və insanlar istədikləri sayta daxil olmaqda azaddır.

İnternetdə fikir azadlığı baxımından da hər hansı problem görmürəm. Şəxsən mən internetdə istədiyimi yaza bilirəm və mənə mane olan yoxdur. Yəni, azad şəkildə öz fikrimi ifadə edə bilirəm.

– Ölkədə internet istifadəçilərinin, o cümlədən də sosial şəbəkələrdən istifadə edənlərin sayı qənaətbəxş sayıla bilərmi?

– 9 milyonluq xalqın təxminən 1 milyonluq hissəsi “Facebook” istifadəçisidir. Bu heç də pis göstərici deyil və getdikcə artır. Nəzərə almaq lazımdır ki, əhali müxtəlif yaş təbəqələrindən ibarətdir. Azyaşlılar var, yaşlı nəsil var və onların internetə çıxış məsələsində passiv olması, sosial şəbəkələrdən istifadə etməməsi başa düşüləndir. Adətən, bu cür texnologiyalardan 20-50 yaş arasında olanlar daha çox yararlanır və Azərbaycanda da vəziyyət buna uyğundur. Ümumilikdə, ölkə əhalisinin 60-70%-i internet istifadəçisidir və bu baxımdan vəziyyət qənaətbəxşdir.

– Qlobal kompüter şəbəkəsi ölkə iqtisadiyyatında hansı çəkiyə malikdir? İnternetlə alış-veriş və ödəmələrin səviyyəsi sizi qane edirmi?

– Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da internet üzərindən alış-veriş var. Amma hələ ki, ölkə vətəndaşları daha çox xarici saytlarla ticarət edirlər, yəni yerli bazarda satış əsasən elektron qaydada deyil, əyanı şəkildə baş tutur. Buna səbəb xarici saytlarda seçim imkanlarının daha geniş olması və alış-verişin daha ucuz başa gəlməsidir.

Bununla belə, ölkə daxilində kifayət qədər elektron mağaza var. Mobil telefonlar, parfümeriya malları, kompüter texnologiyaları internetdə satışa çıxarılıb. Yəni, real həyatda gördüyümüz bütün malları internetlə almaq mümkündür. Amma təəssüf ki, elektron ticarət dövriyyəsi, internetlə ödəniş hələ ki, lazımi səviyyədə deyil. Vətəndaşlarımız internetlə daha çox kommunal xidmətlərin, mobil operatorların, stasionar telefonların, internet provayderlərinin, kabel televiziyalarının haqqını ödəyir. Bu da potensial bazarın 3-4%-i civarındadır, yəni hələ ki, arzuolunan səviyyədə deyil, amma dinamika var, getdikcə elektron ödəmələrin həcmi böyüyür.

– Azərbaycanda elektron xidmətlərin tətbiqi ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

– Əksər dövlət qurumları elektron xidmətlər göstərir. Amma təşkilatlar arasında xidmətlərin çeşidinə görə fərqlər var. Məsələn, Vergilər Nazirliyində bütün proseslər elektronlaşdırılıb. Şəxsən mənim rəhbərlik etdiyim şirkətdə mühasibatlıq vergi bəyannamələrinin doldurulması, göndərilməsi, vergilərin ödənilməsi kimi işləri elektron qaydada həyata keçirir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kimi qurumlarda elektron xidmətlər ən yüksək səviyyədədir.

Ümumilikdə, elektron xidmətlərlə bağlı www.e-gov.az portalı var, burada 500-ə yaxın xidmətdən təxminən yarısı yerləşdirilib. Yəqin ki, qısa müddətdən sonra bütün elektron xidmətlərə çıxış imkanı yaradılacaq. Bu sahədə heç bir problem yoxdur, sərbəst şəkildə elektron xidmətlərdən istifadə etmək olar.

//baku post

OXŞAR XƏBƏRLƏR