Azərbaycanda dövlət tərəfindən verilən ipoteka kreditlərinin həcmində azalma qeydə alınıb. Bu ilin ilk altı ayında verilən ipoteka kreditləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azalıb. Halbuki əvvəlki illərdə bu göstərici, demək olar ki, hər il artım nümayiş etdirirdi.
Bu tendensiya mənzil bazarına və ipoteka gözləyən vətəndaşlara necə təsir göstərə bilər?
AQC sədri Vüqar Oruc Demokrat.az-a açıqlamasında bildirib ki, ipoteka kreditlərinin həcmində baş verən azalma müəyyən mənada həm mənzil bazarında tələbə, həm də vətəndaşların ipoteka ilə bağlı gözləntilərinə təsir göstərə bilər:
"2,8 faizlik azalma bazara ciddi təsir edəcək səviyyədə deyil. Ümumilikdə baxdıqda, İpoteka və Kredit Zəmanəti Fondu fəaliyyətə başladığı gündən indiyədək təxminən 60 min ipoteka krediti verib. Bu isə son 10 il ərzində orta hesabla ildə təxminən 6 min mənzilin ipoteka hesabına alınması deməkdir. Bu göstərici daşınmaz əmlak bazarında satılan mənzillərin ümumi sayının təxminən 7-8 faizini təşkil edir. Yəni ipoteka kreditləri ilə alınan mənzillərin bazardakı payı böyük olmadığından, bu istiqamətdə baş verən azalma tələbə müəyyən təsir göstərsə də, bazardakı ümumi tendensiyalara, qiymətlərə və gözləntilərə ciddi təsir etmək gücünə malik deyil”.
İqtisadçı əlavə edib ki, hər dəfə İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən yeni ipoteka krediti ayrıldıqda bazarda müəyyən fəallıq yaranır, tələb artır və bunun fonunda qiymətlərdə də müəyyən artım müşahidə oluna bilər:
"Lakin bu amilin ümumi bazara təsiri digər faktorlarla müqayisədə kifayət qədər məhduddur. Çünki mənzil qiymətlərinə təsir edən əsas amillər tikinti materiallarının bahalaşması, tikinti sektorunda əməkhaqlarının artması, tikinti normativlərinin mürəkkəbləşməsi, torpaq sahələrinin məhdudluğu və qiymətlərinin yüksəlməsi, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, inflyasiya, daşınmaz əmlakın investisiya baxımından cəlbediciliyinin artması və alternativ investisiya imkanlarının məhdud olmasıdır. Bu baxımdan İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən ayrılan kreditlərin bazara təsiri bütün bu amillərlə müqayisədə maksimum 5-6 faiz səviyyəsində qiymətləndirilə bilər. Ona görə də ipoteka kreditlərinin həcmində qeydə alınan 2,8 faizlik azalma müəyyən məhdudlaşmanı göstərsə də, bunun mənzil bazarına ümumi təsiri ciddi olmayacaq”.