İqtidar-müxalifət dialoqu davam edir: Ədalət Vəliyev Mirmahmud Mirəlioğlu ilə görüşdü

SİYASƏT
15:41 10.07.2020
476
İyun ayının 8-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu arasında görüş keçirilib.

Görüş zamanı dünyanı bürüyən COVİD-19 pandemiyası və hökumətin pandemiya ilə mübarizədə gördüyü işlər, siyasi partiyaların fəaliyyəti barədə qanunvericiliyin təkmilləşdirilməsi zərurətinin olduğu, pandemiya şəraitində siyasi partiyaların videokonfrans vasitəsilə Qurultayının keçirilməsi və iqtidar-müxalifət siyasi dialoqunun inkişafı barədə fikir mübadiləsi aparılıb.

İlk növbədə Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bilavasitə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər müzakirə olunub.

Yekdil rəy kimi, bu tədbirlərin səmərəliliyi yüksək qiymətləndirilib.

Xüsusi olaraq qeyd olunub ki, məhz bu qabaqlayıcı tədbirlərin sayəsində bu gün ölkəmizdə COVİD-19 pandemiyası qurbanlarının sayı minimal səviyyədədir. Ə.Vəliyev ölkədə xəstələrin ödənişsiz müalicəsi üçün onlarla xəstəxana ayrıldığı, eləcə də 10 müasir modul tipli xəstəxana tikildiyi, istifadəyə verildiyi, zəruri tibbi avadanlıqlar alındığı, qısa müddət ərzində ölkədə lazımi tibbi ləvazimatların istehsalına başlanıldığı, habelə iqtisadi sabitliyin və məşğulluqla bağlı problemlərin həlli üçün dəstək paketi qəbul olunduğu və digər məsələlər barədə qeyd edib.

Həmçinin görüşdə müzakirə olunan məsələlərdən biri siyasi partiyaların fəaliyyəti barədə qanunvericiliyin təkmilləşdirilməsi xüsusunda olub.

Mirmahmud Mirəlioğlu bu barədə öz fikrini bildirərək qeyd edib ki, hazırda bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ciddi zərurət duyulur. Öz növbəsində Ədalət Vəliyev məsələyə münasibət bildirərək qeyd edib ki, yeni yaradılmış Milli Məclisdə müxalifət partiyalarının da təmsil olunması məhz siyasi partiyaların fəaliyyətinə dair yeni qanunvericilik aktlarının daha effektiv olacağına ümid etməyə ciddi əsaslar verir. Həmçinin Siyasi partiyalar və qaninvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri qeyd edib ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalar ölkədə digər siyasi partiyalar arasında geniş konstruktiv müzakirələrin aparılması prosesində xüsusi aktivlik nümayiş etdirməlidirlər.

Pandemiya dövründə yaşanan müəyyən məhdudiyyətlər və onların dəf olunması üçün nəzərdə tutulan çıxış yolları da görüşün müzakirə mövzularından biri olub.

Xüsusilə pandemiya şəraitində siyasi partiyaların videokonfrans formatında qurultaylarının keçirilməsi imkanları müzakirə edilib və qeyd olunub ki, Azərbaycanda mövcud olan müasir texnologiyalar bu formatda toplantıların problemsiz keçirilməsinə geniş imkanlar yaradır.

Daha sonra Ədalət Vəliyev və Mirmahmud Mirəlioğlu arasında iqtidar-müxalifət siyasi dialoqunun inkişafı barədə fikir mübadiləsi aparılıb.

Bu barədə ətraflı danışan Ədalət Vəliyev aparılan köklü struktur və kadr islahatlarına toxunaraq, Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölməsinin yaradılmasını ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması işinə verdiyi əhəmiyyətdən irəli gəldiyini vurğulayaraq qeyd edib. O, bildirib ki, şöbə tərəfindən dövlət başçısının tapşırığı ilə indiyə qədər görülmüş işlər nəticəsində və ölkədə yeni siyasi mədəniyyətin təşəkkülü fonunda artıq əksər siyasi partiyalarla konstruktiv əməkdaşlığın möhkəm əsasları qurulub. Ədalət Vəliyev qeyd edib ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir.

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bu istiqamətdə dövlətimiz tərəfindən atılan addımları yüksək qiymətləndirərək Azərbaycanın inkişafı, insanlarımızın rifahının daha da yüksəlişi naminə ölkədə bütün siyasi qüvvələrin həmrəylik və birlik nümayiş etdirəcəkləri halda, iqtidar-müxalifət dialoqunun, effektiv əməkdaşlığın yalnız müsbət nəticələr verə biləcəyinə əmin olduğunu vurğulayıb.

Həmçinin bir neçə gün bundan əvvəl qeyd olunan mövzularla əlaqədar olaraq Milli Məclisin sədri Sahibə Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə parlamentdə təmsil olunan partiya rəhbərlərinin videokonfrans formatında keçirilən müşavirəsi barədə danışılıb. Bu cür toplantıların daha geniş formatda keçirilməsinin önəmli olduğu qeyd edilib.
 
////Musavat.com-

OXŞAR XƏBƏRLƏR

X Mostbet