İran-İsrail-ABŞ qarşıdurmasının kəskinləşməsi qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb olub. Münaqişənin başlanmasından sonra neftin qiymətində artım müşahidə edilir və bu tendensiya dünya birjalarında da özünü göstərir.
Belə ki, "Brent” markalı neftin bir barelinin qiyməti 82 dollar həddini ötüb. "Azeri Light” (CIF) markası da bahalaşaraq 6,56 ABŞ dolları və ya 8,2 faiz artımla 86,16 ABŞ dollarına yüksəlib.
Bu fonda Donald Trampın açıqlaması diqqət çəkib. ABŞ Prezidenti bildirib ki, neft qiymətlərinin qısa müddət ərzində yüksək olması problem yaratmır və İranla bağlı münaqişə başa çatdıqdan sonra qiymətlərin yenidən enəcəyinə, hətta əvvəlkindən də aşağı düşəcəyinə inanır.
İqtisadçı ekspert Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, neft qiymətinin artması geosiyasi səbəblərlə bağlıdır:
"Neftin qiymətinin artmasının əsas səbəbi geosiyasi gərginlik və İran ətrafında baş verən hadisələrdir. Qarşıdurmanın davam etməsi, gəmi keçidlərində yaranan problemlər neftin qiymətinin qalxmasına gətirib çıxarır. Neft qiyməti fundamental səbəblərdən artsa, bu daha təhlükəlidir. Yəni neft hasilatı azalsa, dünya bazarında neft çatışmazlığı müşahidə edilsə, bu daha təhlükəli və uzunmüddətli olardı”.
İqtisadçı deyib ki, dünya okeanlarında neftlə dolu tankerlər alıcı axtarır:
"Müharibə nə vaxt bitsə, neftin qiymətinin 70 dollar, hətta ondan da aşağı düşmə ehtimalı var. Çünki bazarda neft bolluğu mövcuddur. Hazırda belə, dünya okeanlarında təqribən 200 milyon barelə yaxın neftlə dolu tankerlər alıcı axtarır. Onlar müharibədən əvvəl gərginlik ehtimalını nəzərə alaraq neftlə dolu tankerləri ehtiyat kimi saxlayıblar”.
Şahanə Ziyad










































