Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun dəfn mərasimi keçirilib.
AZXEBER.COM-un dəfn mərasimində olan əməkdaşları xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən millət vəkili Elnur Allahverdiyev iştirak edir.
Elnur Allahverdiyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, İran dövləti ilə Azərbaycanın hüquq-mühafizə orqanları birlikdə bu məsələni araşdırmalıdırlar:
"Bu terror aktını biz qətiyyətlə qınayırıq. Bu terror aktı nəticəsində biz şəhid verdik, qazimiz oldu. Bu yolda olanlar hər biri haqq yolunda idilər. Bizim ərazimizi qoruyurdular. Səfirlik binası da bizim ərazimiz hesab olunur. Bu fədakar iştirakın sonunda bizim şəhidimiz və qazimiz oldu. Biz inanırıq ki, İran bu məsələni ciddi araşdıracaq. Mən şəxsən millət vəkili olaraq tələb edirəm ki, İran dövləti bizim hüquq-mühafizə orqanları ilə bərabər bu istintaqı aparsınlar. Çünki burada şəffaflıq əsas prioritetdir”.
Günel Hüseynli