İranla bağlı hərbi müzakirələr fonunda ABŞ və İsrailin yüksəkrütbəli rəsmiləri görüşdülər

İranla bağlı hərbi müzakirələr fonunda ABŞ və İsrailin yüksəkrütbəli rəsmiləri görüşdülər
DÜNYA
03:30 19.11.2026
52
İsrail Müdafiə Ordusunun (SAXAL) baş qərargah rəisi Eyal Zamir və "Mossad" kəşfiyyat xidmətinin direktoru Roman Hofman ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı, admiral Bred Kuperlə regiondakı vəziyyəti və təhlükəsizlik sahəsində ortaq çağırışları müzakirə ediblər.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İsrailin "12-ci kanal"ı məlumat yayıb.

Telekanalın məlumatına görə, görüş Kuperin İsrailə səfəri çərçivəsində baş tutub. Tərəflər regiondakı vəziyyəti birgə qiymətləndirib, həmçinin ABŞ və İsrail orduları arasında strateji və əməliyyat əməkdaşlığının dərinləşdirilməsinin vacibliyini müzakirə ediblər.

Ötən həftə ABŞ-nin "Axios" portalı Hofmanın İranla münaqişənin gedişini müzakirə etmək məqsədilə Vaşinqtona səfər etdiyini və ABŞ administrasiyasının rəsmiləri ilə görüşdüyünü yazıb.

Hofmanın səfəri İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı hərbi əməliyyatların bərpası üçün ABŞ Prezidenti Donald Trampa təzyiq göstərdiyi dövrə təsadüf edib.

Bununla yanaşı, Tramp bir həftə əvvəl Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir sıra Yaxın Şərq ölkələrinin xahişi ilə Vaşinqtonun İranla münaqişədə daha sərt tədbirlər görməkdən çəkindiyini bildirmişdi.

"Reuters" agentliyi də iki mənbəyə istinadən xəbər verib ki, Hofman ötən həftə amerikalı rəsmilərlə keçirdiyi görüşlərdə İrana qarşı ABŞ və İsrailin birgə hərbi zərbələr endirməsinin tərəfdarı olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR