“İRƏLİ” İctimai Birliyi Azərbaycan Demokratik Respublikasının yaradılmasının 94 illiyi ilə əlaqədar 27 May tarixindən başlayaraq “ADR haqda bilmədiyiniz 20 fakt” adlı online aksiyaya start verib. Birlikdən AZXEBER.COM-a verilən məlumata görə, "İRƏLİ" Tarix Mərkəzinin üzvləri tərəfindən toplanmış ADR qurucuları, fəaliyyəti haqqında maraqlı, lakin az yayılan məlumatlar aksiya boyunca sosial şəbəkələrdə gənclərin maarifləndirilməsi üçün istifadə olunacaq. Faktlarda qeyd olunmuşdur:
1918-ci ilin Dekabrında təsis edilmiş Azərbaycan Demokratik Respublikasının parlamenti ölkədə yaşayan bütün xalqlara təmsil olunmaq hüququ verən ilk qanunverici orqan olmaqla, tolerantlığın və demokratiyanın Şərqdə ilk nümunəsi olduğunu göstərmişdir. Dövlət idarəçiliyində maliyyə, səhiyyə, əmək naziri kimi rus, yəhudi, hətta erməni mənşəli məmurlar fəaliyyət göstərmişlər. Ən gənc Azərbaycanın Daxili İşlər Naziri Mustafa bəy Vəkilov 24 yaşda olmuşdur. Bakı Dövlət Universitetinin təsis olunması ideyası Fətəli xan Xoyskiyə məxsus olmuşdur. İranın Azərbaycanı tanıması məsələsində Xarici İşlər Nazirinin müavini və ölkəmizin İrandakı xüsusi nümayəndəsi olan Adil xan Ziyadxanın müstəsna rolu olub. Azərbaycan Demokratik Respublikası azərbaycanlı gənclərin dövlət hesabına təhsil alması məsələsini dövlət siyasəti səviyyəsinə qaldırmış və 100 azərbaycanlı tələbəni xaricə təhsil almağa göndərmiş və 100 tələbədən 20 nəfəri Azərbaycana qayıtmış və onlardan 18 nəfəri repressiya qurbanı olmuşdur. Azərbaycanın xaricdəki ilk diplomatik nümayəndəliklərinin açılması (Tehran və İstanbul) məhz Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə təsadüf etmişdir. Əlimərdan Bəy Topçubaşov XX əsr Fransa-Azərbaycan ədəbi və siyasi əlaqələrinin əsasını qoyan ilk şəxsiyyətlərdən biri və ikinci Ceyhun Hacıbəyli olmuşdur. 11 Yanvar 1920-ci ildə Birinci Dünya Müharibəsində qalib gələn dövlətlərin Ali Şurası Azərbaycanı de-fakto müstəqil müstəqil dövlət kimi qəbul etmək haqqında qərar qəbul etmişdir.
Qeyd edək ki, ireli.az saytında 20 faktın hər biri geniş qeyd olunmuş və online aksiya 30 May tarixinə qədər davam edəcəkdir.
Eyni zamanda “İRƏLİ” Tarix Mərkəzinin üzvləri tərəfindən Bakı şəhərinin mərkəzi küçələrində "ADR haqda bilmədiyiniz 20 fakt" bukletləri paylanılacaq.