'İrəli' Azərbaycan gəncliyi adından 'Ağ Ev'i petisiyalara diqqətlə yanaşmağa çağırıb

GƏNCLİK
15:40 20.02.2013
1552
"İrəli" İctimai Birıiyi ictimaiyyətə müraciət ünvanlayıb. AZXEBER.COM həmin müraciəti təqdim edir: 
"Bildirmək istəyirik ki, bəzi erməni diaspora təşkilatları və xəbər agentliklərinin Ağ Ev online səsverməsini saxta olmaqda günahlandırması anti-Azərbaycan kampaniyası və torpaqlarımızın işğal olunması həqiqətlərini gizlətməyin davamından başqa bir şey deyil.

İki həftədən az bir müddətdə 100 mindən çox səs toplamaq onu sübut etdi ki, məsələ həm birləşmiş ştatlarda Azərbaycan icması, həm də ölkəmiz üçün əhəmiyyətlidir. Təəccüblü deyil ki, imzalayanların arasında yalnız Amerika vətəndaşları olan azərbaycanlılar deyil, həmçinin ABŞ vətəndaşı olan digər millətlərin nümayəndələri də var. Bu dünya xaqlarının Azərbaycanın ərazi bütövlüyünü tanıması və dəstəklənməsinin sübutudur. Bütün yerli təşkilatların, o cümlədən Heydər Əliyev Fondunun xaricdə, ABŞ-da yaşayan həmyerlilərimizi səsverməni imzalamağa, aktiv olmağa və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla həmrəyliyimizi nümayiş etdirməyə çağırması normal haldır.

Azərbaycan və Birləşmiş Ştatlar qlobal və regional təhlükəsizlikdə ortaq maraq, enerji və iqtisadi inkişaf, demokratik siyasət və insan hüquqlarına hörmətə əsaslanan möhkəm əməkdaşlığa malikdirlər. ABŞ Dövlət Katibi Hilari Klinton 2010-cu ilin iyul ayında Azərbaycana səfəri zamanı vurğulamışdı: "Amerika və Azərbaycan arasında olan bağlar möhkəm, önəmli və davamlıdır".

Azərbaycan Avropa, Asiya və Orta Şərqin kəsişdiyi strateji bir regionda yerləşir. Ölkə Qərb və Asiya ticarətini bir araya gətirən tarixi Böyük İpək Yolunun üzərində mühüm nəqliyyat və enerji mərkəzinə çevrilməkdədir. Azərbaycan dünyada iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələr arasındadır və özünü idarə edən, demokratik və inkişaf etmiş bir cəmiyyət qurmağı qarşısına məqsəd qoyaraq buna nail olub.

Biz gənclər bildirmək istəyirik ki, Azərbaycan ərazi bütövlüyü dünya ictimaiyyəti tərəfindən tanınır. Bu BMT, Avropa Şurası, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı, Avropa Birliyi və digər beynəlxalq təşkilatların bir sıra sənədlərində bir daha təsdiq olunub. ATƏT-in Minsk qrupu həmsədr ölkələrindən olan və eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü tanıyan Amerika Birləşmiş Ştatları hökuməti Ermənistan hökumətinə açıq şəkildə bildirməlidir ki, Ermənistan hərbi hissələri Azərbaycan ərazilərini tərk etməlidirlər. Bu addım qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaqlarını və regionda sülh və əminamanlığın bərpa olunmasını təmin edəcək"

OXŞAR XƏBƏRLƏR