"İrəli"çi gənc AGAT-ın müsabiqəsinin qalibi oldu

GƏNCLİK
23:14 22.09.2011
1614
Bu gün Gəncliyə Yardım Fondunda Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) təşkil etdiyi “Bəs Qarabağ?!” yazı müsabiqəsinin bağlanış mərasimi keçirilib. “Facebazar” şirkətinin dəstəyi ilə baş tutan layihə çərçivəsində nəşr olunmuş iştirakçıların yazdığı məqalələrdən ibarət “Bəs Qarabağ?!” jurnalı da təqdim olunub. Tədbiri giriş sözü ilə açan təşkilat sədri Gülsel Səfərova bildirib ki, altı aydan çox davam edən bu layihə çərçivəsində ölkənin aparıcı təhsil ocaqlarında 10-dan artıq təqdimat keçirilib. İlkin olaraq 53, sonra 16 nəfər seçilib. Son olaraq isə 5 nəfər finalçı müəyyən edilib. Müsabiqənin “Bəs Qarabağ?!” adlandırılmasının təsadüfi olmadığını deyən G.Səfərova qeyd edib ki, hazırda beynəlxalq ictimaiyyətin müxtəlif münaqişələrə reaksiya verdiyi halda, nədənsə Qarabağ münaqişəsinə az toxunulur və bu problemin həlli istiqamətində mühüm nəticələr hiss edilmir. “Biz bu müsabiqəni ona görə təşkil etdik ki, bu münaqişə və yaranmış beynəlxalq vəziyyət barədə həvəskar yazarların münasibətini də öyrənək və işıqlandıraq. Finalçıların sadə dillə və həvəskar olaraq yazdıqları məqalələri bir jurnalda topladıq və həmçinin rus və ingilis dillərində də nəşr etdirməyi planlaşdırırıq”. Tədbirdə çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri (ARGTMŞ) Fuad Muradov bildirib ki, Azərbaycanı narahat edən ən vacib məsələ kimi ərazi bütövlüyü məsələsinin uzun müddətdir müzakirə edilməsinə baxmayaraq, hələ də beynəlxalq ictimaiyyətdə birmənalı münasibət yoxdur. AZXEBER.COM gun.az-a istinadən xəbər verir ki, “Lakin Azərbaycanın apardığı xarici siyasət əsasən KİV, beynəlxalq qurumlar, beynəlxalq nüfuzlu ekspertlərin bu məsələyə cəlb olunmasıdır. Bugünkü reallıqda bizim bu məsələyə yanaşmamız beynəlxalq hüquq çərçivəsində həyata keçirilməlidir. Parlament bu sahədə bir sıra addımlar atıb, bir sıra dövlət və beynəxalq təşkilatlar bu istiqamətdə bizim xeyrimizə olan qətnamələr qəbul ediblər”. F.Muradov vurğulayıb ki, gənclərimizin də bu məsələyə biganə qalmayaraq fəallıq göstərməsi təqdirəlayiq haldır. Onun fikrincə, bu fəaliyyəti internet sahəsində də gücləndirmək lazımdır. “İrəli” İctimai Birliyininn sədri, millət vəkili Ceyhun Osmanlı vurğulayıb ki, Azərbaycan indi sülh naminə çalışsa da, silahlı mübarizə aparmağa da qadirdir”. “Qarabağın işğalda olması faktını unutmamaq lazımdır. Bu mövzuda hər cür tədbirlər keçirərək bu torpaqların bizim olduğunu və bir gün qaytarılacağını gənc nəslə aşılamaq lazımdır”. Tədbirdə Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyinin və digər təşkilatların nümayəndələri də iştirak edib. Finalçılar öz məqalələrini oxuyublar. Sonda qalib elan olunub.Birinci yerə Səma İsalı, ikinci yerə Əli İsmayılov, üçüncü yerə Laləzar İsmayılova layiq görülüb.

OXŞAR XƏBƏRLƏR